17.05.2025-ci il tarixində Qafqaz Biznes Mərkəzində Ədalət Partiyasının IX Qurultayı keçirildi.
Qurultayda ölkədə mövcud olan siyasi partiyalar, qeyri-hökumət təşkilatlarının və media strukturlarının təmsilçiləri qonaq qismində iştirak edirdilər.
121 nəfər qurultay nümayəndəsi və ümumilikdə 200 nəfərdən çox şəxsin iştirakı ilə keçirilən qurultay Dövlət Himninin səslənməsi, partiyanın keçmiş sədri, mərhum İlyas İsmayılov və şəhidlərin ruhunun bir dəqiqəlik sükütla yad olunması ilə başladı.
İlkin olaraq qurultayın SAY və MANDAT komissiyalarının say tərkibi üzvləri səsvermə yolu ilə təyin edildi.
Sonra IX Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Mütəllim Rəhimli və Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Çingiz Abbasovun məruzəsi dinlənildi.
Daha sonra hesabat məruzələri ətrafında müzakirələr aparıldı.
Qurultay iştirakçılarının açıq səsverməsi ilə Ədalət partiyasının yeni sədri, Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvləri və Ali Məclisin üzvlərinin 1/3-i (18 nəfərdən ibarət) seçildi.
Qurultayın qərarı ilə bundan sonra partiyaya Mütəllim Rəhimli rəhbərlik edəcək.
Yeni seçilmiş sədr Mütəllim Rəhimli kimdir:
Mütəllim Rəhimli 1973-cü ildə Tovuz rayonunda anadan olub. Gədəbəy rayonu, Düzrəsullu kənd orta məktəbini bitirib.
Rəhimli 1994-cü ildən Azərbaycan Demokrat Partiyasının (ADP) üzvü, 1995-ci ildən Mətbuat xidmətinin rəhbəri olub.
2000-ci ildə Ədalət Partiyası ilə Azərbaycan Demokrat Partiyası ayrıldıqdan sonra Ədalət Partiyasına keçib və Təşkilati məsələlər üzrə sədr müavini olub. İndiyədək bu vəzifəni yerinə yetirir.
2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə və 2006-cı ildə Milli Məclisə təkrar seçkilərdə İlyas İsmayılovun seçki qərargahının sədri olub.
2013 və 2018-ci illərdə Azərbaycan Respublikasının prezident seçkilərində Ədalət Partiyasının prezidentliyə namizədi İlyas İsmayılovun səlahiyyətli nümayəndəsi və seçki qərargahının rəhbəri olub.
2015, 2019 və 2024-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə namizəd kimi iştirak edib.
Qeyd edək ki, bu qurultay, Ədalət Partiyasının sədri İlyas İsmayılovun vəfatından sonra keçirilən ilk qurultayıdır.
Bölməyə aid digər xəbərlər