Xarici siyasətimizin prioritet istiqaməti olan ikitərəfli əlaqələrin inkişafı davamlılığı ilə diqqətdədir. Bu baxımdan Azərbaycan-Vyetnam əməkdaşlığı hazırda ölkə mətbuatında müzakirə edilməkdədir. Dövlət başçısı İlham Əliyevin Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsi, həmçinin Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə dövlət səfəri iki ölkənin münasibətlərinin dünəninə və bu gününə baxış əsasında qarşıdakı dövrün hədəflərinin açıqlanmasında yardımçı oldu. Müsahibəsində To Lamın bu səfərinin Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi qismində ilk səfəri olduğunu önə çəkən cənab İlham Əliyev vurğuladı ki, tərəflərin ikitərəfli münasibətlərin dərinləşdirilməsi səylərini əks etdirən və qarşılıqlı fəaliyyətdə yeni istiqamətlər açan bu hadisə böyük siyasi əhəmiyyətə malikdir. Bu kontekstdə səfəri haqlı olaraq Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirmək olar. Səfər proqramına ikitərəfli gündəliyin əsas aspektlərini əhatə edən məsələlərin geniş dairəsi daxildir. Bu, aktual mövzulara dair hərtərəfli fikir mübadiləsi aparmağa, yanaşmaları razılaşdırmağa və gələcəkdə qarşılıqlı fəaliyyətin perspektiv istiqamətlərini müəyyənləşdirməyə imkan verəcək. Siyasi dialoqa, iqtisadi-ticari əlaqələrə, həmçinin humanitar və mədəni mübadiləyə xüsusi diqqət yetiriləcək.
Bundan başqa, partiyalararası dialoqun inkişafına ayrıca əhəmiyyət verilir. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq müsbət dinamika nümayiş etdirir. Səfər siyasi və ideoloji zəmində qarşılıqlı fəaliyyətin yüksək səviyyəsinin əlavə təsdiqi olacaq. Dövlətimizin başçısı İlham Əliyev belə bir əminliyi də ifadə etmişdir ki, To Lamın səfəri daha fəal əməkdaşlığa mühüm təkan olacaq, Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacaq.
Cənab İlham Əliyevin To Lamın səfərindən öncə səsləndirdiyi fikirlərin hər biri reallıqda öz təsdiqini tapması ilə diqqətdə oldu. Belə ki, səfər çərçivəsində keçirilən görüşlərdə hazırkı dövrün çağırışlarına uyğun məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. İmzalanan sənədlər də bunun təsdiqi oldu. Cənab İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi, bərpaolunan enerji növlərinin istehsalı ilə bağlı fikir mübadiləsi apardıq. Azərbaycanın bu sahədə çox böyük imkanları, potensialı var. İmzalanmış kontraktlar 5 il bundan sonra ölkəmizə 6500 meqavat gücündə yeni enerji, təmiz enerji güclərini qazandıracaq. Vyetnam şirkətləri investisiya qoymağa dəvət edildi. Eyni zamanda, Azərbaycan tərəfinin Vyetnamda bərpaolunan enerji növlərinə sərmayə qoymağa hazır olduğu bildirildi.
Səfər zamanı imzalanan sənədlər əlaqələrin inkişafında möhkəm hüquqi baza olacaq. Bu sırada Prezident İlham Əliyevin və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın qəbul etdikləri “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ı xüsusi qeyd etmək istərdik. Cənab İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi, ölkələrimiz arasında əlaqələr dövlət rəhbərləri və xalqlarımız tərəfindən daim gücləndirilmişdir. Siyasi, diplomatik, energetika, müdafiə, ticarət və digər sahələrdə yaxşı nəticələr əldə etmişik. Bu əsasla strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı artıq qəbul edildi. Bu isə ölkələrimizin münasibətlərinin tarixində yeni dövr, yeni səhifə açır: “Əminəm ki, biz yaxın zamanlarda ikitərəfli münasibətlərimizi dərinləşdirə və genişləndirə biləcəyik, inkişaf naminə üstün cəhətlərimizdən faydalanacağıq”.
Onu da qeyd edək ki, Azərbaycan ilə Vyetnam ölkələrin milli maraqlara hörmət və beynəlxalq hüquq normalarına sadiqlik prinsipləri əsasında sıx əməkdaşlıq edir. Beynəlxalq və regional təşkilatlarda, o cümlədən BMT-də, Qoşulmama Hərəkatında, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə bir-birinə dəstək verirlər. Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın bəyanatında bu məqamı xüsusi qeyd etdi ki, biz, həmçinin sülhsevər yanaşmanı dəstəklədiyimizi qeyd etdik.Mübahisələrin dinc yolla həllini, beynəlxalq hüquqa, o cümlədən BMT-nin 1982-ci il tarixli Dəniz Hüququ Konvensiyasına uyğun olaraq, gücdən istifadə etməmək və onun istifadəsi ilə hədələməmək kimi prinsiplərin vacibliyini bildirdik: “Əminəm ki, iki ölkə rəhbərlərinin qətiyyəti ilə ikitərəfli münasibətlərimiz bundan sonra da xalqlarımızın rifahı, eləcə də regionda və dünyada sülh, sabitlik və əməkdaşlıq naminə inkişaf edəcək”.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər