Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən Elmi sessiyada akademik Misir Mərdanov Mahmud Kaşğari adına Beynəlxalq Fondun fəaliyyətindən danışıb:
Hörmətli konfrans iştirakçıları!
Artıq bir neçə dəfədir ki, hörmətli millət vəkilimiz Cavanşir Feyziyevin rəhbərlik etdiyi Mahmud Kaşğari adına Beynəlxalq Fondun təşəbbüsü ilə keçirilən kofranslarda, elmi sessiyalarda, təqdimatlarda iştirak edirik. Kaşğari Fondu uzun illər idi mövcud idi, mənim xatirimə hörmətli Anar müəllimin Fonda rəhbərlik etdiyi illər gəlir. Söz vaxtına çəkər, elə ötən ilin bu vaxtında Anar müəllim Fondun rəhbərliyini Cavanşir müəllimə həvalə elədi.
Yaddaşım məni yanıltmırsa, keçən ilin bu vaxtı Mədəniyyət kanalından izləyirdim həmin proqramı; Kaşğari Fondunun rəhbərliyi estafetinin Cavanşir müəllimə təqdim olunduğu tədbirdə çıxış edən yoldaşlar həm də hörmətli deputatımızı Şimali Kipr Parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri təyin olunması münasibətilə təbrik edirdilər. Deməli, bu bir ilin ərzində Cavanşir müəllim millətin vəkili olmaqla bərabər həm də üzərinə düşən bu iki missiyanı ən yüksək səviyyədə hasilə gətirdi.
Yeri gəlmişkən deyim ki, dövlətimizin başçısı cənab İlham Əliyevin təşəbbüsü və Parlamentimizin Sədri, hörmətli xanım spiker Sahibə Qafarovanın sədrliyi ilə Azərbaycan Parlamentinin qərarıyla yaradılan Azərbaycan - Şimali Kipr Türk Cumhuriyyəti Parlamentlərarası Dostluq qrupunun ŞKTC üçün göstərdiyi mənəvi dəstək müqayisə olunmazdır. İllər uzunu Qarabağ bizim necə qanayan yaramız olubsa, Şimali Kipr də bizdən ötrü elədir. Kiprin cənub tayında səfirliyini açıb bayrağını qaldıran digər türk qardaşlarımızın addımı dövlətimizin rəhbərindən tutmuş parlamentimizin nümayəndələrinə qədər, cəmiyyətimizin təhsil işçilərinə, siyasət və bilim insanlarına qədər hamımızı tədirgin elədi.
Belə bir həssas ərəfədə Kaşğari Fondunun təşəbbüsü ilə "Rauf Denktaşın həyat amalı, arzusu, ümidi - Kuzey Kıbrıs" eqidası altında beynəlxalq konfrans keçirməsi, bu təəssübkeşliyi elmi camiəmiz tərəfindən çox yüksək qarşılandı.
Keçirdikləri tədbirlərdə müntəzəm iştirak etdiyim üçün apardığım müşahidələrimdən mübaliğəsiz deyə bilərəm ki, ötən bir il ərzində Fond rəhbərliyi və heyəti sanki möcüzə kimi işlədi. Sizin hər birinizə nə qədər Qeyri Hökümət Təşkilatlarının, İctimai Birliklərin adları məlumdur. Hər bir qurumun fəaliyyəti də göz önünddir. Gəlin, səmimi şəkildə etiraf edək ki, Kaşğari Fondu sanki Akademiyanın bir İnstitutunun gördüyü iş səviyyəsində işlər ortaya qoydu. Bu görülən işlərin böyük qismi elmi-tədqiqat səciyyəsi daşıyır.
Fondun layihəsi əsasında 20-dən çox kitab gün üzünə çıxıb ki, bu kitabların içində həm ali məktəb dərsliyi, həm tərcümə, həm sənədli əsərlər var. Türkiyə və Qırğızıstan Milli Kitabxanalarında Kaşğari Fondunun nəşrlərindən ibarət məxsusi guşə yaradılıb. Kaşğari Fondu təkcə Qarabağa 3 min kitab göndərib ki, bu kitabların böyük əksəriyyətini riyazi analiz, ali cəbr, həndəsə, fizika, elektronika, energetika, mental arifmetika, dil, tarix, coğrafiya, Azərbaycan və dünya ədəbiyyatı kitabları təşkil edir. O siyahını əvvəldən sona kimi mən incələmişəm.
Cavanşir Feyziyevin maarifpərvərliyinə, necə məktəblər tikdirdiyinə, ucqarlardakı məktəblərdə belə elmi-texniki avanlıq təchizatına həssas təşəbbüs göstərməyinə, tələbələrin ali təhsil ala bilməyindən ötrü nə qədər şərait yaratmağına mən təhsil naziri olduğum dövrdən yaxşı bələdəm. Cavanşir müəllim bir çiynində Hacı Zeynalabdin Tağıyevin, bir çiynində Mirzə Fətəli Axundovun missiyasını daşıyan əsl vətəndaş ziyalıdır.
Rəhbərliyi elədiyi Kaşğari Fondunun Zəfərimizin memarı olan vətən oğullarından ötrü hər ay silsilə anım tədbirləri keçirməsi, şəhid həkimləri, şəhid jurnalistləri, şəhid xanımları, şəhid müəllimləri hər birini müvafiq günlərdə yad olunması ilə bağlı keçirilən tədbirlər də məhz Cavanşir müəllimin yüksək vətəndaşlıq amalından irəli gəlir.
Beynəlxalq kitab sərgisində iştirak etmək, xarici ölkə kitabxanalarında təmsil olunmaq, neçə elmi sessiya, müzakirə, beynəlxalq konfrans keçirmək təşəbbüsləri Fondun gördüyü işin görünən, mətbuata təqdim olunan tərəfləridir. Bir də Kaşğari Fondunun əməkdaşları respublikamızda fəaliyyət göstərən xüsusi ümumtəhsil müəssisələrində görmə məhdudiyyətli gənclər və yeniyetmələr üçün oxu dərsləri təşkil edirlər ki, bunlar əvəzi olmayan könül işləridir.
Görürəm ki, bu günkü elmi sessiyaya Türkiyədən gələn qonağımız, xanım rektor, professor Nəzifə Güngör başda olmaqla, bütün tədbir iştirakçıları danışdıqlarıma, fikirlərimə şərikdir. Kaşğari Fondunun rəhbəri Cavanşir müəllimə möhkəm can sağlığı arzulayıb, bildiririk ki, fəaliyyətiniz alqışa layiqdir. Cavanşir müəllimin rəhbərliyi altında peşəkar komanda kimi çalışan heyətə uğurlar arzular, nailiyyətlər arzulayıram. Eşq olsun deyirəm.
Bölməyə aid digər xəbərlər