İSTEDADLI ALİM, YORULMAZ TƏDQİQATÇI

   Bu gün,  01 yanvar 2021-ci ildə ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Akademik Mehdi Mehdizadə",  “Gənc alimlər” və “Qızıl qələm” mükafatları laureatı Fərrux Abbas oğlu Rüstəmovun anadan olmasının 60 ili tamam olur.
Əziz dostumu, qələm yoldaşımı, həmkarım Fərrux müəllimi yubileyi münasibəti ilə ürəkdən təbrik edir, yeni-yeni davamlı yaradıcılıq uğurları, möhkəm can sağlığı arzulayıram.
İSTEDADLI ALİM, YORULMAZ  TƏDQİQATÇI...
ADPU-nun İbtidai Təhsil Fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov Azərbaycan pedaqoq-alimləri içərisində öz dəsti-xətti, yaradıcılıq üslubu və elmi məhsuldarlığı ilə seçilən tədqiqatçılarımizdandır. Mükəmməl pedaqogika tarixçisi olan professor  Fərux Rüstəmov Əhməd Seyidov, Mehdi Mehdizadə, Mərdan Muradxanov, Hüseyn Əhmədov elmi  məktəbinin ənənələrini peşəkarlıqla inkişaf etdirərək, məzmununu, elmi əhatə dairəsini genişləndirməklə daha yüksək zirvəyə qaldırmağa nail olmuşdur. İşgüzarlığı, yaradıcılıq əzmi, insanlarla ünsiyyəti, geniş erudisiyası, elmi prinsipiallığı, təvazökarlığı, səmimiyyəti, dövlətçiliyə sədaqəti  və məhsuldar elmi yaradıcılığı ilə seçilən prof. Fərrux Rüstəmov çağdaş pedaqoji mühitimizdə bəlli elmi mövqeyə və səlahiyyətli söz sahibinə malik alimdir. Professor Misir Mərdanovun təbirincə desək, o, gənc yaşlarından Azərbaycan təhsilinin tarixinə və tarixçisinə çevrilib.
Fərrux Abbas oğlu Rüstəmov 1 yanvar 1961-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində dünyaya gəlib. Orta təhsilini (1968-1978) dogma kəndələrində, ali təhsilini  (1978-1982) indiki ADPU-da alıb. Tələbəlik illərində  təhsil əlaçısı kimi tanınıb, fakültə Əlaçılar şurasının və Tələbə Elmi Cəmiyyətinin sədri olub,  “Əla təhsilə görə”,“Əla təhsilə və ictimai işə görə” SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin, ÜİLKGİ-nin döş nişanları, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin I-II dərəcəli diplomları (tələbə elmi tədqiqat işinə görə), ÜİLKGİ-nin və institut rektorluğunun Fəxri Fərmanları ilə təltif olunub. Təhsil əlaçısı, bacarıqlı tədqiqatçı və ictimaiyyətçi tələbə kimi Lenin təqaüdünə layiq görülüb.   İnstitutu fərqlənmə diplomu ilə başa vuran F.Rüstəmov təyinatla Quba rayonunun Rəngidar kənd səkkizillik məktəbində müəllim və məktəb direktoru (1982-1985-ci illər) işləyib.
Orta məktəbdə müəyyən təcrübə topladıqdan sonra arzularının qanadında Bakıya gələrək V.İ.Lenin adına ADPİ-nin pedaqogikanın nəzəriyyəsi və tarixi ixtisası üzrə əyani aspiranturasına daxil olub. Qısa bir müddətdə sürətli yaradıcılıq yolu keçib. prof. H.Əhmədovun elmi rəhbərliyi ilə “Azərbaycan sovet pedaqoji elminin inkişafı (1961-1981-ci illər) (1989)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib,  SSRİ EA-nın Sovet Sosioloqları Assosiasiyasının üzvü seçilib (1988).
ADPU-nun “Şagirdlərin peşəyönümü” elmi-tədqiqat laboratoriyasında kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayan F.Rüstəmov az sonra Ümumi pedaqogika kafedrasına dəyişdirilib. Burada müəllim (1992-1995), dosent (1996-2004), professor (2004-2006) kimi  geniş elmi-pedaqoji fəaliyyətlə məşğul olub. Ayrı-ayrı vaxtlarda “Şagirdlərin peşəyönümü” elmi-tədqiqat laboratoriyasına (1996-2000), “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasının “pedaqogika, psixologiya, fəlsəfə” böl­məsinə (2000-2004), Bakı Qızlar Universitetinin Pedaqogika kafedrasına (1998-2006), ADPU-nun İbtidai təhsilin pedaqogikası kafed­rasına (2007-2011) və “Pedaqoji təhsilin problemləri” elmi-tədqiqat laboratoriyasına (2008-2011) rəhbərlik edib.
2003-cü ildə “Azərbaycanda pedaqoji elmin inkişaf yolları (1920-1991-ci illər)” möv­zusunda doktorluq dissertasiyası müdafiə edərək pedaqoji elmlər doktoru elmi dərəcəsi alan Fərrux Rüstəmov 2006-cı ildən ADPU-nun  İbtidai təhsilin peda­qo­gi­ka­sı kafedrasının professorudur. 2007- ci ildən ADPU-nun İbtidai təhsil fakültəsinin de­kanı, fakültə elmi şurasının sədri, Universitet Elmi Şurasının üzvüdür.
Professor  Fərrux Rüstəmovun  elmi yaradıcılığı çox zəngindir. İndiyə kimi onun  35 monoqrafiya, kitab və kitabcası, 31 tədris proqramı, 250-dən çox elmi mə­qa­­ləsi, 40 tezisi, 180-dən artıq elmi-pedaqoji və publisistik qəzet mqaləsi işıq üzü görüb. 15 kitabın tərtibcisidir.100-ə yaxın kitabın elmi redaktoru və rəyçisi olub. Onun “Pedaqogika” (prof.Ə.Paşayevlə birgə) (2002), “Şərqdə pedaqogika tarixi” (2002), “Qərb pedaqogika tarixi” (2003), “Yeni dovrün pedaqogika tarixi” (2004), “Ən yeni dovrün pedaqogika tarixi” (2005), “Pedaqogika tarixi” (2006,2011), “Ali məktəb pedaqogikası” (2007), “Azərbaycan pedaqogikaşünaslığı” (2016), “Karl Rocers və şəxsiyyətyönümlü təhsil konsepsiyası” (2016) əsərlər tələbələrin stolüstü kitabıdır. Əsərləri Bakı, Moskva, Səmərqənd, Ceboksarı, Tehran, Təbriz, İstanbul, Astana, Sankt-Peterburq və Tbilisi şəhərlərinin nüfuzlu jurnallarında və elmi məcmuələrində Azərbaycan, rus, türk, özbək dillərində cap edilmişdir. Akademik Hüseyn Əhmədov öz yetirməsinin yaradıcığını səciyyələndirərkən yazırdı ki, belə bir əsərləri yazmaq igidlikdir, elmə xidmətdir, böyük zəhmətin nəticəsidir... Fərrux muəllim təkcə  “Azərbaycan pedaqogikaşünaslığı”(2016, 888 s.)  kitabı ilə özunə sağlığında ikən abidə ucaltmışdır. Professor Yaqub Babayev isə deyirdi: “XX əsrin əvvəllərində F.Kö­çər­linin Azərbaycan ədəbiyyatı tarixi ücün təkbaşına gördüyü işi Fərrux mü­əl­lim pedaqogika tarixi üçün XXI yüzilliyin əvvəllərində eyni həvəsvə əzabkeşliklə yerinə yetirmişdir.
Rusiya Təhsil Akademiyası prof.F.Rüstəmovun akademik Huseyn Əhmədovla birgə yazdığı “Müasir dövrdə Azərbaycanda təhsilin inkişafının əsas istiqamətləri” (Moskva, 2000) əsərini nəşr etmişdir. İlk pedaqoq alimdir ki, onun kitabı İran İslam Respublikasında nəşr olunmuşdur. 2010-cu ildə Tehranın “Xorşidafərin” nəşriyyatı onun “Pedaqoji (təlim və tərbiyə) tarixi Şərqdə” kitabını (377 s.) nəşr etmişdir. “Yarımcıq ömrün sahibi” (2000) və “Professor Əmrulla Paşayev” (2015), “Pedaqoji fakültə-50” kitablarının tərtibci-müəllifi olan prof.F.Rüstəmov elmi pedaqogikanın banisi Y.A.Komenskinin “Böyük didaktika” əsərinə geniş “Ön söz” yazmaqla latın qrafikası ilə nəfis şəkildə nəşr etdirmişdir (2012). “Azərbaycan Milli Ensiklopediyası”nın “Azərbaycan cildi”ndə pedaqogika elmi haqqında xüsusi oçerkin yazılmasının ona həvalə edilməsi onun yüksək nüfuzunun, intellektual səviyyəsinin təsdiqi kimi dəyərləndirilməlidir.
Son illərdə intensiv olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetrinin tarixini araşdırmaqla məşğuldur. Araşdırmalarının nəticəsi kimi “Azərbaycan Dövlət Peda­qo­ji Universitetinin rektorları” (2019), “Ali Pedaqoji İnstitutun salnaməsi” (2020), “Azərbaycan Ali Pedaqoji İnstitutu” (2020) kitabları nəşr olu­nub. “Azərbaycan Döv­lət Pedaqoji Universitetinin professorları” və “Azərbaycan Dövlət Pedaqoji Universiteti -100” kitabları çapa hazırlanır.
Son illərdə prof.F.Rüstəmovun yaradıcılığında yeni bir istiqamət - yaşlıların təhsili məsələləri formalaşmaqdadır. Bu problemlə bağlı o, Rusiya, Yunanıstan, Albaniya, İtaliya, Finlandiya, İsveç, Norveç, Danimarka, Estoniya, İspaniya və Portuqaliyada kecirilən Beynəlxalq konfranslarda iştirak etmişdir.
Prof. Fərrux Rüstəmov bacarıqlı təşkilatçı və ictimaiyyətçi kimi universitetimizin və Respublikamızın ictimai həyatında fəal iştirak edir. O, universitet və respublika səviyyəli elmi-praktik konfransların, yubiley tədbirlərinin təşkilatçısı kimi tanınır. Məhz onun təşəbbüsü ilə görkəmli pedaqoq alimlər Mərdan Muradxanovun, İsfəndiyar Vəlixanlının 100 illik yubileyləri və rəhbəri olduğu fakültənin 50 illiyi yüksək səviyyədə keçirilmişdir.
Prof. F.Rüstəmovun elmi-pedaqoji kadr hazırlığında  səmərəli xidmətləri vardır.  O, 3 nəfərin elmlər doktoru, 18 nəfərin pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq ücün təqdim etdiyi dissertasiyanın rəsmi opponenti olmuşdur. Onun elmi rəhbərliyi ilə 18 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almış, 5 nəfər isə müdafiə ərəfəsindədir. 3 nəfər elmlər doktoru, 8 nəfər isə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya üzərində işləyir. Elmi məsləhətçiliyi ilə 2 nəfər pedaqoji elmlər doktoru elmi dərəcəsi almaq üçün doktorluq disseertasiyası müdafiə etmişdir.
Prof.F.Rüstəmov 1997-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın Təhsil İnstitutunda və ADPU-da fəaliyyət gostərən umumi pedaqogika, pedaqogika və təhsil tarixi ixtisası üzrə Dissertasiya Şurasının üzvü olmuşdur. 2009-2016-cı illərdə ADPU-da fəaliyyət göstərən Dissertasiya Şurasının sədr müavini olmuşdur. Hazırda Dissertasiya Şurasnın üzvü, həmin şuranın nəzdində fəaliyyət göstərən elmi seminarın rəhbəridir.
Professor F.Rüstəmov  ADPU-nun “Xəbərlər”inin “Kurikulum”, “Təhsildə İKT”, “Azərbaycan məktəbi”, “Məktəbəqədər və ibtidai təhsil”, “Dədə Qorqud araşdırmaları”, “Media və təhsil innovasiyaları”, “Bakı Qızlar Seminariyasının Elmi Xəbərləri”nin, “Təhsil İnstitutunun Elmi Xəbərləri”nin və  “Naxçıvan” Universitetinin Elmi xəbərləri”nin redaksiya heyətinin üzvü kimi də səmərəli fəaliyyət göstərir.
Təhsillə bağlı normative-hüquqi sənədlərin hazırlanmasında yaxından iştirak edən prof. F.Rüstəmov Azərbaycan Respublikası Milli Məclisinin “Elm və Təhsil Məsələləri Daimi Komissiyası”nın təhsil haqqında Azərbaycan Respublikasının Qanununu hazırlayan işçi qrupunun, Azərbaycanda müəllim kadrları hazırlığının strategiya və konsepsiyasını hazırlayan işçi qrupunun, Fasiləsiz Pedaqoji Təhsil üzrə Koordinasiya Şurasının, Dərslikləri Qiymətləndirmə Şurasının üzvü, “Həyat bilgisi” fənn kurikulumunu hazırlayan işçi komissiyasının sədri olmuşdur.
Prof. Fərrux Rustəmovun coxşaxəli elmi-pedaqoji fəaliyyəti dovlət və ictimai təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2006-cı ildə “Tərəqqi medalı”na layiq görülmüş, 2011-ci ildə isə ona “Əməkdar elm xadimi” fəxri adı verilmişdir. 1998-ci ildə Moskva şəhərində yerləşən Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, 2010-cü ildə isə Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) seçilmişdir. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, akademik Mehdi Mehdizadə, “Gənc alimlər” və “Qızıl qələm” mükafatları laureatıdır. “Avropa Nəşr Mətbu evi” komissiyasının qərarı ilə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı (2009), Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işcisi” (2010) döş nişanı ilə təltif edilmiş, “Vektor” Beynəlxalq Elmi Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “XXI əsr Azərbaycan ziyalıları”, ADPU-da “İlin muəllimi” (2007), “İlin alimi” (2011,2013,2015) müsabiqələrinin qalibi olmuşdur.
Professor F.Rüstəmov  atam, akademik Hüseyn Əhmədovun 50 nəfər yetirmə­sin­­dən biri olsa da, atamın ona xüsusi  hüsn-rəğbəti vardı. Bəlkə də bu, hər ikisinin də atalarını vaxtsız itirməsi, əzab-əziyyətlə elm yoluna gəlmələri ilə bağlı idi. Atam Fərrux müəllimin ən xırda uğuruna sevinir, fərəhlənir, kitablarına həvəslə ön söz yazır, onun yaradıcılığını təqdir edir, xüsusən də publisistikasını bəyənir və bizlərə nümunə çəkirdi. Hər tədqiqatçı alim də ümumi kütlə üçün anlaqlı səviyyədə yaza bilmir. Fərrux müəllim bu qabiliyyəti ilə digərlərindən daim seçilib. Elmi yara­dıcılığının davamını onda görürdü. Seçdiyi peşənin, mənsub olduğu elmin layiqli təmsilçisinə çevrilən Fərrux müəllimi atam keçən əsrin 80-ci illərində pedaqogika elminə gələn tədqiqatçıların birincisi hesab edir, yetirməsi ilə daim qürür duyub və bunu fəxrlə elmi məclislərdə qeyd edirdi. Fərrux müəllim həmişə olduğu kimi atamın ömrünün son günlərində də tez-tez bizə gələrdi, söhbət yenə elmdən, görüləsi işlərdən, yazılacaq əsərlərdən olanda o, yenidən böyük həvəslə bildiyini, xatirələrin bölüşməkdən məmmunluq duyurdu.
Mən  Fərrux müəllimi tanıyanda 26 yaşında idi. Həmin günlərdən xeyli vaxt keçib. İndi əziz dostumun 60 yaşı tamam olur. Hesab edirəm ki, onun ömür  yolu uğurlu və məhsuldar keçməklə, zəhməti və istedadı nəticəsində şöhrətin zirvəsinə yüksəldib. Bu münasibətlə əziz dostumu və həmkarımı ürəkdən təbrik edir, yeni-yeni davamlı yaradıcılıq uğurları arzulayıram.

                                              Hümeyir Əhmədov,
                              pedaqgika üzrə elmlər doktoru, professor,
                              Rusiya Təhsil Akademiyasının xarici üzvü,
                              RF əməkdar elm və təhsil xadimi.

ATİA.AZ BU TƏBRİKLƏRƏ QOŞULUR VƏ FƏRRUX MÜƏLLİMƏ SAĞLAM ÖMÜR, YARADICILIQ UĞURLARI ARZU EDİR.

Tarix: 1-01-2021, 08:33 Oxunub: 1 529


Bölməyə aid digər xəbərlər
12-09-2020, 10:49 Təbrik edirlər!