Gülnarə İsrafil Gədəbəy rayonunun Qarıkənd kəndində doğulub, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Torpaq adamlar" "İki" "Sirran" adlı şeir kitablarının müəllifidir. Onun bu yaxınlarda "Daşın bağrında bir daş" adlı şeir kitabı əski Azərbaycan əlifbası ilə öz ana dilimizdə Urmiya şəhərində işıq üzü görüb. 2002-ci ildən müxtəlif qəzet və jurnallarda çap olunur. "Düşünürəmsə varam", "Zərrələr" adlı layihələrin müəllifidir. Kitabları "Turuz" və "Milli kitabxana" saytlarında dərc edilib. Ədəbiyyat nümunəsi olan bir neçə kitabların redaktorudur. Hal-hazırda jurnalist olaraq fəaliyyət göstərir.
Tale bir oyun oynadı,
Düşən də bir, qalxan da bir.
Ah çəkəndə, of edəndə,
Dünya çökdü, çalxandı bir.
Üzümdə göz yeri qərib,
Çoxluqda tənhalıq dərib,
Cismimdə bir ac gərilib,
Ruh evimə çalmandı bir.
Qəm təntiyib qəmi çəkdi,
Yük yeriyib gəmi çəkdi,
Ağ saçlarım çəni çəkdi,
Salxım-salxım çallandı bir.
Mən elə yorğunam ki,
ruhumun damarında
bir dolaşım qan yoxdur.
Bir qucaqlıq hənirti,
yaşamağa can yoxdur.
- Ruhun canımı olur?
- Olur ey əziz adam,
yoxsa yaranardımı
atan anan torpaqdan?
Bir nütfəlik həyatın eşiyində dövrələr,
göz hiss eləmirsə bəs,
necə yatar, kövrələr?
- Gözün görməkdir işi,
əcaib, qəraibdir, bu dünyanın seyrişi.
- Ruhun canında dad var,
dadın canında dad var,
görməkdə, bilməkdədir, yaşamaqdadır dadlar.
- Yox, sən ağlını uddun,
sən bir torpaq, hava, su,
özündən yanan oddun.
Bir cüt ulduz parlayır üzündəki dəlikdə,
sən işığa dönürsən işıqlar gəlmədikdə.
Ruh öz yuvasındadır,
yuva vücuduna tən.
Ruh doğulur, yaranır cansız qopan kölgədən.
Səmanın qalınlığı, saçıma tül üfürür.
Ulduzlar yaşıllaşıb, acıma gül üfürür.
Sarı külək fəslinə xəbərdarlıq edildi.
Dodaq gülür astaca, elə bil dil üfürür.
Məktəbli günlərimin buludlardan bandı var.
Burda yağış yağacaq, göyün yerə qəndi var.
Durnalar qatarlanıb soyuqlara tərs çıxır.
Nizamı qarışdıran, bir cüt yerə qondu var.
Səhərin güzgüsü gün, kürəsidi işıqlı.
Yerə sarmaşıq enir, dövrəsi bağışıqlı.
Ruhum qatlara keçir, canım zamansızlığa.
Həyatım rənglərində dönməsi yapışıqlı.
Haytalanır yer göyə, hərdən çaşıb doy gəlir.
Yaşamaq sevincinə, yaşam gəlir, oy gəlir.
Dünya yaşadığım yer, hiss etdiyim nə varsa...
Biçilir bəzənəndə, boy üstünə boy gəlir.
Hərdən bir anlayıram, nə var, nə yox məndədi.
Acı, şirin fəsillər, bəndə düşən bəndədi.
Milyonlarla ad qoyub, beynimizi yüklədik.
Bilib, bilmədiklərim, çəlimsiz bədəndədi.
Ölüm yuxusu keçir içimdən və çölümdən,
Dünyanın ürəyində hər şey vardır, heç nə yox.
Maşınlar yoldan çıxır, sıyrılır yola çıxır,
Elə bil nə doğulan nə yol üstə köç də yox.
Hamı qara geyinib, hamı ağa bürünüb,
Səs gəlir qulağıma, səs axır bir avtobus.
Üstümə daş tökülüb, içim dağa bölünüb,
Pıçıltı gəlir nəsə sus nə olar sus və sus.
Bir qədər yol gedirəm, bitəcək bu uzun yol,
Düşəcək ayrıcında zillənən zülmət gecə.
Yuxum çin çıxacaqdır, kədərimdən sallanıb,
Varlığa yetişəcəm, ya çıxacam heç heçə.
Bölməyə aid digər xəbərlər