12:39 / 11-05-2024
İbrahim Tatlıses Bakıda
Çiçək Mahmudqızı: «Çiçək xanım sadəcə könül qulu, söz qulu, eşq quludur, vəssalam»

     Hörmətli oxucular, 2014-cü ildə Çiçək Mahmudqızı ilə olan müsahibəni yenidən   Sizlərə təqdim edirəm:    
     Tanıtma: Çiçək Mahmud qızı Məmmədova 1964-cü il mart ayının 5-də Qazağın İncə Dərəsində anadan olub, 1987-ci ildə Azərbaycan Dillər Universitetini bitirib. Orta məktəb illərindən yaradıcılıqla məşgul olur, şeirləri və publisistik yazıları dövri mətubatda vaxtaşırı çap olunur, 1984-cü ildən təməli Narınc Xatun tərəfindən qoyulmuş “Aşıq Pəri Məclisi”nin üzvü olub, tələbəlik illərində Azərbaycan radiosunun müxtəlif verlişlərində müxbir kimi çalışmış, vaxtaşırı Azərbaycan televiziya verlişlərinə folklorumuz və aşıq ədəbiyyatımızla bağlı materiallar hazırlamış, 2002-ci ildən isə Azərbaycanımızın Qərb bölgəsində yayımlanan Türkel və Kəpəz televiziyalarında “Mənim şeirli dünyam”, “Saz-Söz dünyası”, “Xoş Ovqat” kimi verlişlərin aparıcı- müəllifi olmuşdur və hal- hazırda Kəpəz televiziyasında “ Duyğulu könüllər” verilişinin müəllifi və aparıcısı kimi çalışır, 2011-ci ildə “Bənövşə yaşlar” adlı kitabı çapdan çıxmışdır. 2 övladı var, Gəncə şəhərində yaşayır...
     - Çiçək xanım, Sizi demək olar ki, respublika əhalisinin 99 faizi tanıyır, tanımayanlar üçün soruşmaq istəyirik: Çiçək Mahmudqızı kimdir? - Vallah, elə də yuxardan gedib deməzdim ki, hamı məni tanıyır və bir faiz tanımayanlar üçün kiməm onu deyim, bu bir az düz olmaz. Tanıyanlar da var, tanımayanlar da, mən o suala bir dəfə də cavab vermişəm. Demişəm ki, Çiçək xanım sadəcə könül qulu, söz qulu, eşq quludur, vəssalam. Çiçək xanım bundan başqa heç nə deyil və heç kim deyil və bu yolların qullarının peşində duran bir Allah bəndəsidir. Mən bunu bir dəfə də bir müsahibədə dedim, Çiçək xanım hamının gözündə uca gördüyü, aşağı gördüyü, orta gördüyü kimdirsə bax elə budur--gözünüzün önündəki Çiçək xanım.
     - «Duyğulu könüllər» verilişi nə vaxtdan fəaliyyətdədir?
     - Bu veriliş 2013-cü ilin oktyabrın birindən «Kəpəz» televiziyasında yayıma başladı. Ondan öncə 2010-cu ildən Tovuzun Türkel televiziyasında “Xoş Ovqat’’ verlişim getdi. Bu proqramın təxminən üç il yarım efir ömrü oldu və çox uğurlu bir proqram alındı. Onun adı mərkəzi televiziyalarda gedən verilişlərin təkrarına bənzədilsə də, bu veriliş daha çox özünə bənzədi. Başqa sözlə, o adı biz özümüz seçməmişdik, Bakıdan seçib göndərmişdilər. Mənə elə gəlir ki, «Xoş Ovqat» proqramı digər ovqat proqramları ilə ayaqlaşa bildi, səsləşə bildi və hətta elə məqamlara gəlib çatdı ki, bəlkə də bunu tamaşaçılar digər proqramlardan daha çox sevdi. Və üç il yarım bu proqram efirdə oldu. Mən öz gücümü, potensial enerjimi o işlərə sərf etdim və hətta yaradıcılığımı belə unutdum, yadımdan çıxdı. Bütün enerjimi, bütün hisslərimi bu verilişlərə qoydum. O verilişlər mənə çox sevgilər qazandırdı. O sevgilərin axarında eyni zamanda bir böyük məsuliyyət də qazandırdı mənim üçün. Hətta bir həftə verilişim efirə getməyəndə, bir verilişim zəif alınanda, insanların telefon zənglərinə dayana bilməliydim. Mənə o qədər zənglər gəlirdi ki, sanki bu millətin milli sərvətini mənə tapşırıblar və mənim onların gözü qarşısında bu sərvətin bir zərrəsini korlamağa ixtiyarım yoxdur. O gülüstana, o bağçaya bir yad ayağın dəyməyinə belə icazə yoxdur. Məlum səbəblərdən veriliş efirə getməyəndə zənglər gəlirdi ki, nəyə görə bu veriliş getmir, eşitmişik bu veriliş bağlanacaq və sair. Nə olur ki, bağlananda? Verilişin də bir il müddəti olar, iki il müddəti olar, üç ildir efirə gedir, bəs deyil? Bu veriliş niyə bağlanmasın ki, bağlanar da. Bu neçə ildə tamaşaçının gözü doya da bilər,yorula da bilərdi. Yox, bu veriliş bağlana bilməzdi, olammazdı belə şey. Bu veriliş bağlansa sanki bütün televiziya bağlanmalı idi. Bu veriliş bağlananda elə bil ki, bütün insanların könül qapıları bağlanır və sair və ilaxir. Mən hətta gələn qonaqların seçimini də düzgün etməli idim və xalqın milli sərvətinin keşiyində dogurdan da məsuliyyətlə durmalı idim. Ən azından xalqın emosiyalarına, hisslərinə toxunmaq olmaz. Bax bu baxımdan çox dəyərlərimizi qoruya-qoruya «Xoş Ovqat» özünün reytinqini qazandı və bu proqramı bağlamasınlar deyə, yəni bu dərəcədə insanların zövqünü, könlünü oxşayan bir verilişi birdən-birə dayandırmaq və heç bir informasiya vermədən bağlamaq bəlkə də çoxları üçün gözlənilməz narahatlıq olardı... Və sonra öz müdirimizdən mənə təklif gəldi ki, sizin verilişiniz musiqili veriliş kimi «Kəpəz» televiziyasına keçiriləcək. Çünki Türkel televiziyası xəbər televiziyası olduğundan oradakı bütün musiqili verilişlər dayandırılır. Dedilər ki, «Xoş Ovqat» proqramı eyni adla, eyni saatda, eyni reqlametdə «Kəpəz» televiziyasında yayımlanacaq. Mən hətta fikirləşdim ki, yəqin ki, adı da elə «Xoş Ovqat» kimi qalacaq bu verilişin. Sonra yeni televiziyaya gəldik. «Kəpəz» televiziyasının müdiri Fuad Cabbarov dedi ki, Çiçək xanım artıq 3 ildir ki, o veriliş gedir və bütün tamaşaçılar baxır. İndi yeni adda, yeni proyektdə, yeni ruhda çıxmaq lazımdır. Siz həmişə saz üstündə köklənmisiniz, saz üstündə gedərək, bura muğamı da qataq ki, rəngarəng olsun. Düşündüm ki, Gəncə kimi böyük şəhərdə təbii ki, tamaşaçıların zövqü müxtəlif ola bilərdi, hamısı saz ruhunda ola bilməzdi burada da muğamı sevən, sözü sevən, şeiri sevənlər var və Fuad müəllimin fikri ilə razılaşdım. «Duyğulu könüllər» verilişinin adının seçimini də özüm etdim. Hətta verilişin girişini –( televiziya dilində ona «şapka» deyirlər) «şapka»nın musiqisini də özüm seçdim. «Kərkük» mahnısı-- bizim ruhumuza çox yaxın və doğma olan musiqini də özüm seçdim. Yəni burada bir çox seçimləri Fuad Cabbarov mənim ixtiyarıma buraxdı. Çox təşəkkürümü bildirirəm. Həm «Türkel» televiziyasının kollektivinə, həm də «Kəpəz» televiziyasının kollektivinə... Müdiriyyətindən ta ən kiçik işçilərinə qədər və o sevgilərin məsuliyyətində, fövqündə qalıb daha yaxşı verilişlərlə tamaşıçıların ruhlarını, zövqlərini oxşamaq lazım idi. Və bu səviyyəni nə dərəcədə qoruya bilirəm, nə səviyyədə çatdıra bilirəm, o artıq sosial şəbəkələrdə paylanan rəylərdən sizə də məlumdur.
     - Çiçək xanım, Siz verilişinizə əsasən tanınmış adamlarmı dəvət edirsiniz, yoxsa tanınmamışları tanıtmağı daha üstün tutursunuz? - Hər ikisinə üstünlük verirəm. Verilişin reytinqi üçün tanınmış adamları istəyirəm. Söhbət pul hesabına deyil, istedadı hesabına, qələmi zoruna tanınmışlardan gedir. Çünki onların sözü bizə çox örnəkdir, gərəkdir. Tutaq ki, mən Məmməd İsmayılı həmişə istəmişəm, Ramiz Rövşəni istəmişəm , Nəriman Həsənzadə ilə təbii ki, həyatda görüşmüşəm, amma verilişimdə istərdim görüşəm. Məmməd İsmayılla hazırladığım veriliş minlərin, bəlkə də milyonların ürəyinə bir məlhəm oldu. Məmməd İsmayıl tanınmış insandır. Bizim verilişdə də onun reklam olunmağına ehtiyacı yox idi. Sadəcə tamaşaçılarımızın ruhunun ehtiyacı var idi, insanların ehtiyacı var idi və Məmməd İsmayıl iki saatlıq proqramda o ehtiyacın bəlkə də bir zərrəsini ödəyə bildi. Yüzlərlə insanlardan zəng aldıq, Məmməd İsmayıldan ötrü. Bu baxımdan tanınmış insanlar sözünü bilir, yerini bilir, dəyərini bilir. Sözün dəyərini, çəkisini bilənlər də həm mənə, həm də mənim verlişimə çox gərəkdir. Ən azından sazın özünə də belə adamlar gərəkdir. Sazda da peşəkarları istəyirəm. Bizim verilişin tamaşaçıları da sazı, musiqini bilənlər olduğuna görə, orda yanlış ifalar gedəndə o dəqiqə üzümə qüsurları gəlir ki, sazın köklənməsi düz deyildi, havanı düz çalmadılar. Ona görə də mən bu sarıdan biraz diqqətli oluram. Tanınmış adamların sözünün, sazının ehtiyacındayam, ona görə çağırıram və eyni zamanda tanınmamış, amma istedadlı adamların axtarışındayam. Çox tanınmayan insanları efirə gətirdim, ekrana gətirdim, verilişlərə gətirdim və onların verilişindən sonra xeyli təşəkkürlər aldım, gözəl sözlər eşitdim ki, Çiçək xanım, siz bunları bizə tanıtdınız. Məsələn, mən Kəlbəcər şairlərindən veriişi efirə verəndən sonra İncə dərəsinə getdim. Oradakı ziyalılar, məktəb müəllimləri, məktəb direktoru dedi ki, Çiçək xanım, biz Kəlbəcərin şairləri içərisində, məsələn, Bəhməni, Şücayəti tanıyırdıq, tutaq ki, Dədə Şəmşiri tanıyırdıq, ancaq bu günün yazarlarını biz sizin sayənizdə tanıdıq. Elşən Əzimi tanıdıq, Məhəbbət Kəlbəcərlini tanıdıq. Kəlbəcərlilər dedilər ki, Çiçək xanım biz Məmməd İlqarın, Məmməd Dəmirçioğlunun adlarını eşitmişdik. Onlar üzdə olan adamlardır. Ancaq İncə dərəsində Məzahir Yaqubu biz tanımırdıq. Çoxları dedi ki, Çiçək xanım, bunu hardan tapıb gətirmişdin? Yəni ki, ilk danışığı ilə, cümlələri ilə bəlkə də tuta bilmədi tamaşaçıları. Sonra şeirləri ilə Məzahir Yaqub özünü şeir sevənlərə çox sevdirdi. Məsələn, Bəhmən Vətənoğlunun qardaşı Bəhlul əmi zəng vurub dedi ki, Çiçək xanım, o kim idisə şeirləri ilə məni dəli elədi. Onu hardan tapıb gətirmişdin? «Bunu haradan tapıb gətirmişdin?» artıq başqa tonda idi, başqa emosiyada idi. Mən gördüm ki, artıq insanların gözünü yoran adamları yox, fərqli bir adam tapıb gətirmişəm, tək bir verlişdə yox, cox verlişlərimdə belə tanınmayanlara efir sevinci yaşatmışam, tamaşaçılarınsa zövqünü oxşamışam.
     - Çiçək xanım, bu qədər gərgin işləmək yaradıcılığıniza vaxt məhdudiyyəti baxımından problem yaradırmı? - Haqlısınız. Yaradıcıllığımı təmiz sıradan çıxartdı bunlar və son bir ildə, iki ildə mən baxıram ki, mən artıq heç nə yazmıram, ancaq publisist yazılarım gedir, dövri mətbuatda lazım olduqca yazıram. Ancaq şeir yaradıcıllığıma təsir elədi. Özüm də gördüm. Ancaq elə bilirəm ki, belə getməyəcək. O şeir ehtiyacı mənim içimdədir. O şeirlər mütləq yaranacaq. Ancaq verilişlərim vaxtımı çox aparır və onları tamaşaçıların zövqündə hazırlamaq üçün mütləq axtarışlar eləyirəm, ancaq Bəxtiyar Vəhabzadə demiş, «Bircə bundan razıyam ki, özümdən narazıyam».
     - Sakit bir guşədə xəyallarınızla baş-başa qalmağı sevirsinizmi və bu vaxt daxilinizdə qaynayan, çağlayan Çiçək sizə mane olmur ki? - Daim insanların içindəyəm, cəmiyyət içindəyəm, özü də məni tanıyanlar bilir ki, mən özümü yuxarıdan aparan, lovğalıq və eqoistlik edən adam deyiləm. Çox sadə, çox səmimi, hətta bütün insanlar kimi mən də adi ictimai nəqliyyatdan istifadə edirəm. Görənlər də «Çiçək xanım sizsiniz? Biz inanmazdıq sizi burada görək», - deyirlər. İnsanların içində olmaqla bərabər onların gözəl sözlərindən ruhlanmaq, onların sevgilərilə yaşamagın bir başqa dadı var, bunlarla bahəm həmişə istəmişəm ki, sakit bir guşədə olum, özümlə olum, özümlə danışım, heç kəs mənə mane olmasın. Bir də bir şeirim yadıma düşdü: «Bir mən olam, bir saz ola, bir də sən». Bax belə yerlər istəyirəm ki, bir saz ola, bir mən olam, bir sakitçilik ola. Yəni hamıdan uzaq olam. Öz duyğularımla, öz hisslərimlə sükuta çəkiləm. Özümə qapanmağı xoşlayıram. Bir az insanlardan uzaq olmaq istəyirəm. Mən öz içimdəki Çiçəklə yaşayıram, çölümdəki ilə yox. Çölümdəki Çiçək insanlar üçündür... 
    - Tovuzdan Gəncəyə dəvət aldınız və gəldiniz, əgər mərkəzi kanalların birindən dəvət alsanız, reaksiyanız necə olar? - Əvvəla bizim televiziyalarımızın öz əhatə dairəsi, yayım dairəsi var. Bir də dəvət eləsələr bu mənim üçün diqqətdir, sayğıdır. Amma düşünməmiş qərar vermərəm. Digər tərəfdən, region televiziyalarında, məsələn, «Türkel»in özünün əhatə dairəsi xeyli geniş idi. «Kəpəz»in əhatə dairəsi də eləcə. Tamaşaçılarım öyrəşiblər bu televiziyalara baxmağa və məni burada axtarmağa. Bu kanallarda məni sevənlər bəlkə də o biri televiziyalardan daha çoxdur. Amma onu deyim ki, Tovuz rayonu balaca olsa belə oradakı tamaşaçılarım daha çox idi, nəinki Gəncədə. Gəldim Gəncəyə elə bil ki, əvvəlki tamaşaçılarımın 50 faizini itirdim. Deyəsən hələ o reqlamenti, vaxt dəyişikliyini tuta bilməyiblər. Gözləri həmişə bazar gününə öyrənmişdi, saat 10-a. Amma yavaş-yavaş Gəncədə də işimiz qaydasına düşüb, tamaşaçılarımızı yıgmışıq artıq, reytinqdə öndədi mənim verlişim. Efir efirdir, mənə elə gəlir. Həm də verlişləri intertetlə, sosial şəbəkələrlə yayımlayıb oradakı tamaşaçıların diqqətini çəkə bilirəmsə, elə bilirəm ki, mənim üçün yetərlidir.
    - Adətən televiziyanı o kanalda gedən bir neçə maraqlı verilişə görə tanıyırlar. Tovuz və Gəncə kanallarının reytinqində sizin müstəsna rolunuz var və o kanalların özü də reytinqi sizin sayənizdə qazanıb desəm bəlkə də səhv eləməzdim. - Çox sağ olun mənə bu dəyəri verdiyiniz üçün. Özünü tərifləmək, öymək kimi çıxmasın, hər halda əlimdən gələni eləyirəm. Ancaq bilirəm ki, Tovuz televiziyasından çıxanda işçilər də, camaat da, hətta Bakıda yaşayan tovuzlular belə dedilər ki, sən əgər o kanaldan çıxırsansa, o televiziyaya heç kim baxmaz. Sənin verilişinə görə baxılır və bu yaxınlarda yenə sosial şəbəkələrdə oxudum. Yazmışdılar ki, sən çıxandan sonra Tovuz televiziyası elə bil ki, «öldü». Yenə deyirəm orada uşaqlar mənim öz balalarımdır, doğmalarımdır. Əziyyət çəkirlər, işləyirlər. Onların da əziyyətini heçə endirmək olmaz. Xəbər kanalı eləyiblər, işləri avand olsun. Mən bu üzdən «Kəpəz»ə gəldim. «Kəpəz»də də mənim verilişim özünün reytinqini tutdu və indi özünüz də internet üzərindən izləyənlərdənsiniz, bilirsiniz ki, bu verilişə xarici ölkələrdə nə qədər baxanlar var. Nə olsun ki, biz mərkəzi televiziyalardan uzaqdayıq, ancaq bu verilişə nə qədər xaricdən baxanlar var. Məsələn, Məmməd İsmayılın verilişi gedəndə onun qızı Hollandiyada izləmişdi bu verilişi. Bizim verilişimizi Litvada, Estoniyada izləyənlər var, Uzaq Sibirdə izləyənlər var, Moskvanın özündə bizim tamaşaçılarımız var. Türkiyədə, İranda da ki, demək olar ki, artıq verilişlərimiz disk kimi, kaset kimi belə satılır. Bu baxımdan qane edir məni. Ancaq öz efirimizi hələ daha üstün bilirəm. Bəlkə də iş yerimdir ona görə,Gəncə mənə dogma məkandır ona görə, kollektiv doğmadır ona görə, nə bilim.
     - Bir az da «Bənövşə yaşlar» kitabınız haqqında oxucularımıza məlumat verərdiniz… - Kitabımın təqdimatında da dedim. Mən ümumiyyətlə kitaba meyilli deyildim. Kitab çıxardım, nəşr eləyim, özümü reklam eləyim, buna meyilli deyildim və bu bəlkə də bizim İncəlilərin təbiətindən irəli gəlir bilmirəm, bir az İncədə sözə qarşı yazarlar çox ciddidirlər, kitaba qarşı çox ciddidilər. Mən də bilmirəm onların abu-havasındandır, nədəndir, çox meyilli deyildim. Ancaq haradasa bir qırx-əlli yaş həddinə gəlib çatan adam üçün fikirləşdim ki, yazdıqlarımızı heç olmasa yadigar kimi də olsa bir kitaba toplayaq, yığaq və bəlkə də o məsuliyyət məni vadar eylədi. Əslində özüm üçün çıxartmaq istəyirdim o kitabı. Sonra dostlar bir az təkid eyləyəndə artıq gördüm ki, bura böyük söz adamları qoşulurlar. Onda məhsuliyyətimi biraz da artırdım. Ona qədər mənim haqqımda yazılar yazanlar olmuşdu. O yazılardan biri Məmməd Aslanın yazısı idi, kitaba verdim. Sonra böyük ədəbiyyatşünas alimimiz, hər birimizin dostu Rüstəm Kamal o kitaba öz ürək sözünü yazdı. Sonra qələminə çox böyük hörmətim olan, yəni, yazılarının şirinliyi ilə, axarı ilə seçilən Alhüseyn Cavadoğlu yazdı. Sonra kitabın rəssamlığını Məmməd Dəmirçioğlu etdi. Kitabın redaktəsində də dostların hər biri iştirak etdi və o kitabı ələdik, ələkdən keçirdik, sonra çıxardıq. Yəni mən kitab təqdimatında da dedim ki, mən bunu söz xatirinə kitab çıxarmışam-- deyə eləmədim. Böyük sözün peşində duran insanların süzgəcindən keçmək qorxusu var idi ki, adımızı adlar içinə qatırıq, sayımızı saylar içinə qatırıqsa istəmirdim ki, kimdənsə eşidim bu nə yazmaqdır, bu nədi. Mən bu şeylərdən çox çəkinirəm. Biz kitabı çıxardıq. Sonra bütün yaradıcılığımı, enerjimi televiziyadakı verilişlərə verdim iki il, üç il. Birinci il elə öz kitabımın təqdimatı, sonra İncə günləri-- İncə günü- İncəgülü saz-söz şölənini keçirdik. Elə bunların özü hər biri bir tarixdir, bir kitabdır. Elə bilirəm ki, o şölənin hər il kecirildiyi məqamlar elə mənim üçün bir kitab təqdimatı idi... Hal-hazırda isə 2014-cü ili qarşıladıq, 2014-cü ildə də üzü yaza mən artıq inşallah (bunu qələm dostlarım da deyir ki, çox dilinə alma) əlli yaşı qeyd etməyə hazırlaşıram və əlli yaşa hesabat kimi ikinci kitabı hazırlayıram. Bizim İncə Dərəsində yenə deyirəm sözün məsuliyyətini bilən, sözün çəkisini, dəyərini bilən şairlər üçün kitab sayı çox ciddi məsələdir. Yəni onlar qalaq-qalaq kitablardan da , qalın-qalın cildlərdən də uzaqdırlar. Elə yazarlar var ki, kitabın sayı ilə fəxr eləyirlər. Bizdə isə Ağamalı Sadiq Əfəndinin tutaq ki, bir-iki kitabı çıxıb, ya Akif Səmədin üç-beş belə kitabları çıxar, Məmməd İlqarın özünün cəmi ikimi-üçmü kitabı çıxıb, elə Məmməd Dəmirçioğlu da elədir. İbrahim İlyaslının da sonuncu kitabı 60- 65 səhifə idi, cəmi oraya qırx-əlli şeir yığmışdı. Cibə sığan bir kitab həcmində etmişdi. Bu o demək deyildi ki, İbrahimin şeiri zəifdir ya azdır, İbrahim çəkisi olan şairlərdəndir. Ancaq İbrahimdə də halal sözün xofu , halal sözün çəkisi olduğundan, o məsuliyyəti duyduğundan O, çox kiçik etmişdi kitabını. Ancaq eyni zamanda İncə Dərəsinin özündə də kitab sayını artırmaqla məşğul olan yazarlar da var və buna sözü bilən adamlar heç də yaxşı baxmır. Kitabın dəyəri olar,sayı yox... Bir kitab olsun, ancaq dəyəri olsun. İnsanlar olub ki, zaman-zaman sözləri dildən-dilə gəzib, eldən-elə gəzib, teldən-telə gəzib, sazdan-saza gəzib, gəlib bizə çatıb. Heç onlar kitab da nəşr etdirməyiblər. Bircə şeirimiz, bircə misramız, bircə sözümüz sazda yaşayırsa, aşığın dilində yaşayırsa, nə xoş bizim halımıza. Mən bu yazarlar içində o sıradan ən bəxtəvərimi deyim, ən xoşbəxtimi deyim—Agamalı Sadiq Əfəndini, Akif Səmədi və Məmməd İlqarı bilirəm. O baxımdan ki, ən çox sözü sazda yaşayan və saza ucalan Məmməd İlqar oldu, Ağamalı Sadiq oldu, Akif Səməd oldu. Ölənlərimizə rəhmət, qalanlarımıza can sağlığı. Belə... ikinci kitabımda hazırlanır, inşallah.
     - Kitabınız 2011-də çap olunub, amma onun içindəkilərin bəlkə də 90 faizini əzbərdən bilənlər var… - Toylarda, şənliklərdə, verilişlərdə çox oluram. Aparıcı kimi üç il Tovuzda, bir il «Kəpəz»də, Tovuzun SM tv adlı başqa bir televiziyasında verilişlər hazırlamışdım. Tələbə vaxtı Azərbaycan radiosunda, televiziyada rəhmətlik Ağalar Mirzənin hazırladığı verilişlərdə həmişə olurdum. O verlişlərə gedəndə də öz şeirlərimi deməmişəm, öz verilişlərimdə də öz şeirlərimi çox az-az deyirəm. Bir belə aşıq dostlarımın içərisində heç kimə deməmişəm ki, götür bu kitabı burdan mənim şeirlərimi oxuyun, mənim şeirlərimi öyrənin. Kitablarımı ürəyim istəyən aşıqlara, ifaları xoşuma gələnlərə verirəm, hədiyyə eləyirəm. Ancaq heç birinə deməmişəm ki, bu gün mənim verilişimə gəlirsən, bir söz məndən oxuyacaqsan. Bu indiyənə qədər olmayıb. Hətta kitab təqdimatı keçirəndə belə mən dedim ki, mənim kitabımın təqdimatı deyil, sazın-sözün bayramını keçirirəm burada. İstənilən aşıq istənilən klassiklərimizdən, ustadlarımızdan oxusun. Gələn şairlər öz şeirlərini desinlər. Məndən heç kim heç nə oxumasın. Ancaq orada iki-üç nəfər aşıq hədiyyə üçün öz şeirimi supriz edib oxudular. Verilişlərimdə də bəzən özümdən xəbərsiz özümə hədiyyə edirlər. Belə məqamlar olur. Dörd-beş il müddətində hər həftə içi 2 saatlıq proqramı olan Çiçək xanım hec vaxt özünü reklam edib deməyib ki, bu şeirləri mən yazmışam... Bir disk çıxarmışıq Aşıq Şaiqlə. Şeirlər mənim, ifalar Aşıq Şaiqin. Bir kitab çıxartmışam, bir də verilişlərimdir.Mənim xidmətim bundan qeyri bir şey deyil əsla...
    - 2014-cü il üçün planlarınız haqqında nə deyə bilərsiniz? - Ən böyük planım kitabdır. Bayaq dediyim kimi kitab hazırlanır. Ancaq mənim ən əsas işim elə İncəgülü şöləninin üçüncü ilini hazırlamaqdır. Bu işdə hamıdan dəstək gözləyirəm. Hamının mənəvi, maddi yardımını gözləyirəm. Çox böyük işdir və təkan gözləyirəm hər kəsdən. Bu işi, bu şöləni özüm keçirirəm. Bu yük özümün çiynində qalır. Ən azından kənardan baxıb hər kəsin «Sağ ol, Çiçək xanım, çox gözəl idi» deməsindən başqa mənim heç bir qazancım olmayıb. Bəzən soruşurlar sən bu işdən nə qazanırsan ki, bax bir belə zülm çəkirsən. Mən də deyirəm mən qazanmıram, itirirəm. Qazanan siz olursunuz, qazanan sazımız olur, sözümüz olur. Mən itirənlərdənəm.
    - Siz də hörmət, etibar qazanırsınız. Bu da az şey deyil. - Bəli. Amma mən sağlamlığımı itirirəm, səhhətimi itirirəm, enerjimi itirirəm, vaxtımı itirirəm. Ancaq bilirəm ki, millət qazanır, xalq qazanır, saz-söz qazanır. Ən azından orada gələn qonaqlarımıza o mənəvi zövqü veririk, ona baxan tamaşaçılara o mənəvi zövqü veririk. Bu baxımdan mən qazanıram, qazancımdan da naşükür deyiləm. İnsanların çox böyük sevgisini qazanmışam. O sevgini qazanmaq asandır. O sevgini qorumaq ondan xeyli çətin olduğuna görə mən hal-hazırda qazandığım sevgini ancaq qorumağın peşindəyəm ki, o sevgini itirməyim. 
     - İnşallah, 2014-də ,, İncə günü- İncəgülü’’ verilişini hazırlayanda yerli İcra Hakimiyyəti köməklik göstərər. - Hər il məktubumuzu göndəririk İcra aparatına, İcra nümayəndələrinə. Ötən il işimizə bir az köməklik elədilər. Ancaq 2013-cü ildə ümumiyyətlə heç bir dəstəklərini görmədik. Hətta tədbirimizdə iştirak etmədilər. Əgər tədbirimizə bütün türkdilli dövlətlər, bütün İran, Turan elləri qoşulursa, bu tədbirə bizim yerli icra nümayəndələri qoşulmursa, ən azından bu onların öz işlərindəki qəbahətidir, qüsurudur. Mən elə insanlardan heç nə ummuram. Mənəvi dəstəyi də söz adamlarımızdan, saz adamlarımızdan gözləyirəm. Yəni hər birinin iştirakını gözləyirəm. Ancaq əlbəttə ki, İcra hakimiyyəti orqanları bir qurum şəklində bu işə kömək eləsələr öz işləri baxımından özlərinin müsbəti olardı ki, qoşulardılar. Ancaq biz onu görmürük və bu yük bir qadın kimi, bir xanım kimi mənim çiynimdə qalır. Bu mənim üçün çox çətin olur. Kənardan baxan hətta orada iştirak edənlər, əhatəmdə olan kişi dostlarım belə bu işdə təkbaşına çətinlik çəkirlər. Ha dəstək olurlar yenə baxırlar ki, onların da gücü müqabilində deyil. Bütün işləri özüm öz çiynimə götürürəm. Çəkilişdir, bütün texniki əziyyətlərdir, ən azından orada işıq sistemi, gələn qonaqların orada yerləşdirilməsi, çıxışların nizamlanması, reqlametin ssenari baxımından hazırlanması, onun montajı, onun efirə hazırlanması və mən bu çəkilişlər başa gələnə qədər nə qədər əziyyət çəkirəmsə, iki qat ondan çox montajda əziyyət çəkirəm. Montaj hissəsi heç kimə görünmür. Montajın yükü çəkilişin özündən də xeyli ağır olur və mən günlərlə, saatlarla orada vaxt itirirəm. Orada elə bil bir rəssam, bir şair, bir musiqiçi, bir rejissor dəqiiqliyinnən işləyirəm, nə bilim bir sözlə hər şeyi özüm öz boynuma götürüb eləyirəm. Onların hamısının quruluşunu deyim, belə rejissor işininimi deyim, hamısını özüm eləyirəm, heç bir dəstək olmadan. Ola bilər ki, onun qüsurları görünər, ola bilər ki, zəif yerləri görünər. Yəni çəkiliş müddətində insanlar çəkilişə riayət etmir. Yəni hər bir çəkiliş məkanında da müəyyən bir qayda-qanuna əməl etmək lazımdır, ancaq onu etmirlər və mən tək olduğumdan bu çətinliyi aradan qaldırmağa əziyyət çəkirəm. Həm kamera önündə oluram, kadr önündə oluram, aparıcı kimi, həm də arxa tərəfi nizamlaya bilmirəm. Orada qüsurlar görünür. Onunla belə çox da səviyyəli şəkildə veriliş ərsəyə gətirə bilirik. Bunu mən insanların fikrindən başa düşürəm, mənə olan zənglərdən başa düşürəm. Çox yerlərdən zənglər alıram, məsələn, ikinci «İncə günü- İncəgülü» şölənində Maksut Fəryadı Türkiyədən telefonla qoşuldu və Oktay Xəliloğlunun ,,Layla de layla” sını bütün rəvayəti, əhvalatı ilə danışdı və oxudu, yüzlərlə insan ona ağlamışdı. Əgər biz o içdən gələn gözyaşını insanlara yaşatmışıqsa deməli, o insanların ürəyinin sarı siminə, sarı telinə toxuna bilmişik və İncəlilərin özü belə etiraf etdilər ki, Çiçək xanım Oktay Xəliloğlunun o əhvalatını da hətta elə Maksutun dilindən bizə daha yapışıqlı oldu, daha təsirli oldu. Heç o dərəcədə dərinliyinə varmamışdıq bu əhvalatının. Onu biz görüntülərlə verdik və təkcə Oktayın görüntüsünü verə bilməmişdik. Sonradan mənə verdilər o materialı... Bax belə, orada neçə anaların, neçə bacıların könlünü oxşadıq, sazı sevənlərin ürəyini oxşadıq. Elə bilirəm Haqqa gedən yolda ən savab işlərdən biri elə bizim işimizdir.
    - Son zamanlar doğrudan fəxr olunası haldır ki, bizim xalqımız saza, sözə həsr olunan verilişlərə daha çox baxırlar. Bu bir vaxtlar itmişdi demək olar ki, indi xalq musiqiləri, xalq yaradıcılığı ilə bağlı verilişlərə daha çox baxırlar. Və sonda sizin tamaşaçılara, bir də bizim oxuculara məsləhətiniz, ürək sözləriniz nədir? - Mən onlardan çox razıyam. Tamaşaçılardan da, oxuculardan da çox razıyam. İradları da tutanda çox gözəl tuturlar. Mənim tamaşaçılar içində də özümə yaxın, öz qüsurlarımı deyən, öz nöqsanlarımı deyən dostlarım var. Mən xüsusi olaraq verilişdən sonra onların özünə zəng vururam, məni tərifləməyin, qüsurlarımızı deyin, orada nə qüsurlar vardı, nə getmişdi-deyirəm. Belə tamaşaçılarımız var. Həddindən artıq zənglər gəlir, bu məni ruhlandırır, şövq verir, bu işləri daha gözəl hazırlamağa. Mənim verilişimdə olan qonaqları axtarırlar onlarla zəngləşirlər, görüşürlər. Yüzlərlə insan deyir ki, Çiçək xanım necə edək sizinlə görüşək, harada oturaq? Bir bizim də məclisin qonağı olun, bir bizim də məclisə gəlin. Bu dəyərdir, bu sayğıdır. Yəni, ən gözəl sözləri eşitmək özü elə yaşamağın bir stimuludur. Məni yaşadan da bəlkə o sevgilərdir, insanların dəyəridir, sazdır, sözdür. Və çox sevinirəm ki, mənim verilişimin tamaşaçıları zövqlü insanlardır, sözü bilən, sazı bilən insanlardır və onların zövqü ilə hesablaşıram. Bir zəif şair dəvət edəndə, bir zəif aşıq olanda o dəqiqə iradlarını bildirirlər. Mənim ona görə onlara çox böyük sevgim var, sevgilər qarşılıqlıdır. Təbii ki, heç kim bizi Allahımız qədər sevə bilməz və biz də Allahımızı sevdiyimiz qədər heç kimi sevə bilmərik. Ancaq bununla belə əgər yaşayırıqsa, cəmiyyətdə insanlarla ünsiyyətdəyiksə bu sevgilər insan həyatında çox önəmlidir və mən o sevgiləri arzu edirəm ki, qoruyub saxlaya bilim. Onların o ucalığını qoruyub saxlaya bilim. Onlar məni o ucalıqda, o səviyyədə tuturlar və mən Allahdan ancaq özümə onu diləyirəm ki, mən insanların gözündə o sevgini qoruyub saxlaya bilim. İnsanların gözündə o dəyəri saxlaya bilim və bunun üçün hər zaman özümdə o məsuliyyəti hiss edirəm ki, mənə yüzlərlə insan gözü baxır. Mənə səhv etmək olmaz...
                                                                                                                                         

   AYDIN ADIGÖZƏLLİ,
   AZƏRBAYCAN İNFORMASİYA AGENTLİYİ

   05.03.2014






























Tarix: 5-03-2024, 07:29 Oxunub: 173


Bölməyə aid digər xəbərlər