Həkim olmaq böyük məsuliyyətdir. İnsan sağlamlığının da keşiyində tibb işçiləri durur. Ona görə ki, hər birimiz bu peşənin daşıyıcılarına bizim üçün əziz olan sağlamlığımızı etibar edirik. Həkim peşəsi çox nəcib və məsuliyyətli bir işdir, çünki insanların sağlamlığı, hətta bəzən həyatları həkimdən asılı olur. İnsanlar elə düşünürlər ki, həkimlər hər halda mütləq onlara kömək edəcəklər, bir iynə və ya başqa bir yardım alaraq mütləq yaxşılaşacaqlar. Həkim öz davranışı, təfəkkürü, dünyagörüşü ilə digərlərindən fərqlənməli və ən əsası özünə inam yaratmağı bacarmalıdır. Çünki həkimə inam hissi olmadıqda, xəstənin müalicəsi də səmərəsiz olur. Həkimin xoş sözü, mehribanlığı, qayğıkeşliyi birbaşa xəstənin vəziyyətinə çox müsbət təsir göstərir. Həkim qayğısı, səmimiyyəti də müalicə vasitəsidir. İnsan xəstə olduqda həkim ona ən yaxın şəxs olur. Həkimlər elə ünsiyyət yaratmalıdır ki, xəstələr özlərini rahat hiss etsinlər və narahatlıqlarını onlarla bölüşsünlər.
İstənilən kəs həkim ola bilməz. Bu peşəyə yiyələnmək üçün xüsusi bir xarakterə, səbrə, diqqətliliyə, sakitliyə ən əsası xeyirxahlığa sahib olmaq lazımdır. Həkimləri qəhrəman da adlandırmaq olar. Axı onlar hər gün qəhrəmanlıq edir, insanları, həyatlarını xilas edirlər, elə zamanlar olur ki, özlərini riskə atırlar bir sözlə bütün bəşəriyyətin varlığını uzadırlar. Bunlar hamısı onların əsl böyük əməyidir. Həm də həkimlər sanki yer üzündəki qanadsız mələklərdir, insanların xəstəliklərinin öhdəsindən gəlmək üçün və həyatlarını xilas etmək üçün göndərilmişlər.
Belə həkimlərimizdən biri də Əhmədov Nasir Qurban oğludur.
Əhmədov Nasir Qurban oğlu 1962-ci ildə anadan olub, 1969-1979-cu illərdə orta məktəb təhsili aldıqdan sonra, 1980-1986-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetində həkimlik sənətinə yiyələnmişdir. Elə həmin ildən də Abşeron Mərkəzi Xəstəxanasında Aşağı Güzdək, Yenikənd, Pirəkəşkül həkim məntəqələrinə rəhbərlik etmişdir. 1994-cü ilin may ayında ULU ÖNDƏR HEYDƏR ƏLİYEV həmin ərazilərə səfər edərkən Hasir həkimin fəaliyyətini yüksək qiymətləndirərək ona saat hədiyyə etmişdir.
Hasir həkim uzun müddət (1986-cı ildə bəri) qüsursuz, sənətini sevə-sevə fəaliyyət göstərdiyinə görə dəfələrlə rəhbərlik və Abşeron RİH tərəfindən “Fəxri Fərman”larla təltif olunmuşdur.
20 YANVAR hadisələri zamanı yaralılara könüllü tibbi yardım göstərərkən alın nahiyəsindən güllə yarası alan Nasir Əhmədov həmişə qürurla qeyd edir: - “ Mən “Əməkdar Həkim” , “Prezident Təqaüdçüsü” olmasam da, özümü “ ULU ÖNDƏR MÜKAFATÇISI” hesab edirəm və bununla da fəxr edirəm”.
40 illik şərəfli həkimlik fəaliyyətinə sahib olan 63 yaşlı həkim təqaüdə çıxmağına 2 il qalmağını və qüsursuz xidmətlərini əsas tutaraq SERTİFİKASİYA İMTAHANINDAN azad olub qalan 2 ilini də Ulu Öndərin ideyalarına sadiq olaraq ləyaqətlə işləmək istədiyi haqqında Birinci vitse-prezident Mehriban Əliyevaya, baş nazir Əli Əsədova və səhiyyə naziri Teymur Musayevə müraciət ünvanlamışdır.
İnanırıq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və digər aidiyyati şəxslər həkimimizin müraciətinə həssaslıqla yanaşacaqlar.
Bölməyə aid digər xəbərlər