“Acıbadem”dən COVID-19-a qarşı Bakıya qardaş əli

Aylardır dünyada tüğyan edən, əsrin xəstəliyi koronavirusa (COVID-19) qarşı Türkiyədən qardaş Azərbaycana dəstək əli uzanıb. “Acıbadem” Sağlamlıq Qrupundan pandemiya dövründə şəxsən xidmət göstərərək, yüksək təcrübə qazanan 40 nəfərlik ekspert heyəti Prof. Dr. Çağlar Çuhadaroğlunun rəhbərliyində Bakıda təcrübələrini bölüşür. “Yeni klinika” tibb müəssisəsinin direktoru, tibb elmləri doktoru Pərviz Abbasov Türkiyə heyətinin böyük dəstəyi nəticəsində xəstəxanada COVID-19 xəstələrinin sayının azalmağa başladığını qeyd edərkən, Prof. Dr. Çağlar Çuhadaroğlu “COVID-19-a qarşı mübarizədə müsbət işarələrin Bakıya yayılması üçün çalışırıq” deyib.
Təqribən yeddi ay əvvəl Çinin Uhan şəhərindən başlayaraq, bütün dünyanı sürətlə öz təsiri altına alan yeni növ koronavirusla (COVID-19) dörd ay əvvəl tanış olan Türkiyə ilk gündən bəri uğurlu önləyici tədbirləri ilə model ölkə olaraq önə çıxır. Türkiyə əsrin xəstəliyi COVID-19-a qarşı təcrübəsini Azərbaycana gətirdi. Sağlamlıq sektorunda dünya brendi olan “Acıbadem” Sağlamlıq Qrupundan Prof. Dr. Çağlar Çuhadaroğlu, Prof. Dr. A.Sesin Kocagöz və Prof. Dr. Özkan Akıncının başçılıq etdiyi 40 nəfərlik ekspert heyəti “Yeni klinika” tibb müəssisəsindəki həmkarlarına təcrübə mübadiləsi və biliklərin ötürülməsi yönümlü işlərə iki ay müddətində davam edəcək. “Yeni klinika” tibb müəssisəsinin açılması 2020-ci ilin noyabrına planlaşdırılsa da, açılış COVID-19 səbəbindən mart ayında baş tutub.
40 nəfərlik ekspert heyətindən COVID-19 dəstəyi
“Acıbadem” Sağlamlıq Qrupu İdarə Heyətinin sədri Mehmet Ali Aydınların planlaşdırması əsasında iyunun 29-da “Yeni klinika” tibb müəssisəsinə üç akademik işçi, bir reanimasiya üzrə ekspert və beş peşəkar tibb bacısı göndərilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin - TƏBİB-in İdarə Heyətinin sədri ilə “Yeni klinika” tibb müəssisəsinin Türkiyə təhsilli direktoru, tibb elmləri doktoru Pərviz Abbasov tərəfindən qarşılanan komanda “Yeni klinika”da COVID-19 xəstələrinə qulluq və COVID-19 ilə bağlı müasir müalicə metodları barəsində Azərbaycandakı həkim və tibb bacısı həmkarlarına təlim keçib. “Acıbadem” Altunizade Xəstəxanasının baş həkimi və ağciyər xəstəlikləri üzrə mütəxəssis Prof. Dr. Çağlar Çuhadaroğlu ardınca “Acıbadem”dən 30-a yaxın tibb bacısı və həkimin də xəstəxanada sağlamlıq xidmətləri göstərmək üzrə komandaya qoşulduqlarını vurğulayaraq, “Bunun sayəsində daha əvvəl olduqca problemli olan reanimasiya xidmətləri və ağır COVID-19 hallarının təqibi prosesi yoluna düşüb. Xəstəxananın infrastrukturu ilə əlaqədar problemlərin aradan qaldırılması üçün yenə “Acıbadem” Sağlamlıq Qrupunun biomedikal mühəndisləri və texniki menecerləri də sözügedən komandaya dəstək olmaq məqsədilə Bakıya gəlib. Hazırda 40-dan artıq “Acıbadem” heyəti “National Health Center”da, Bakıda daha çox bilinən adı ilə “Yeni klinika” tibb müəssisəsində bu xidmətə davam edir” deyib.
Müsbət nəticələr əldə olunur
Komandanın bölgədə fəaliyyət göstərməyə başlaması ilə “Yeni klinika” tibb müəssisəsində xəstələrin xəstəxanada qalma müddəti və reanimasiya ehtiyaclarının azalmasının başladığını söyləyən Prof. Dr. Çağlar Çuhadaroğlu “Komandamızda Altunizade İnfeksion Xəstəlikləri və “Acıbadem” Sağlamlıq Qrupu İnfeksion Nəzarət Ali Heyəti rəhbəri Prof. Dr. A.Sesin Kocagöz və Reanimasiya Koordinatoru Prof. Dr. Özkan Akıncı başda olmaqla ekspertlərimiz mütəmadi veb-əlaqələri ilə işlərimizi davam etdirir”, - deyib. Prof. Dr.  A.Sesin Kocagöz də ““Acıbadem” Sağlamlıq Qrupu ekspertləri olaraq Bakıda yaradılmış bu yeni xəstəxanada COVID-19 pandemiyasına qarşı azərbaycanlı qardaşlarımıza dəstək olmaqdan şadıq. Azərbaycanlı həmkarlarımızla birgə əsrin xəstəliyinə qarşı köməkləşib mübarizə aparırıq” sözlərini söyləyib.
Hazırda klinika yalnız COVID-19 xəstələrinə xidmət göstərir
Pandemiyaya görə planlaşdırılmış tarixdən əvvəl açılan 100 min kvadrat metr sahəyə malik “Yeni klinika” tibb müəssisəsinin direktoru, tibb elmləri doktoru Pərviz Abbasov bu günlərdə ancaq COVID-19-a yoluxmuş xəstələrin qəbulu və müalicəsi yönümlü xidmət göstərən bu 575 çarpayı yerlik xəstəxanada xəstələrin bu dövrdə yalnız COVID-19 müalicəsi almaqda olduğunu söyləyərək, “Nüfuzlu türk “Acıbadem” Sağlamlıq Qrupu ilə əməkdaşlığımız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşəbbüsü və təklifi ilə həyata keçirilir. Operativ qərargah və Nazirlər Kabinetinin tabeliyindəki TƏBİB bir çox dünya ölkələrinin təcrübələrini araşdırır. Pandemiya ilə mübarizədə uğurlu nəticələr əldə edən ölkələrin ən yaxşı addımları seçilir və əməkdaşlıq üçün dəvət edilirlər. Bu çərçivədə “Acıbadem” Sağlamlıq Qrupunun təcrübəli COVID-19 komandası ilə azərbaycanlı ekspertlər bütün dünyanı narahat edən “gözəgörünməz bəla”ya qarşı döyüşürlər” deyə bildirib.
COVID-19-a yoluxma halları iyundan etibarən sürətlə artır!
Azərbaycanda COVID-19 xəstələrinin sayının iyun ayından etibarən ciddi şəkildə artmağa başladığını söyləyən Dr. Pərviz Abbasov dövlətin infeksiyanı önləmək üçün hər bir mexanizmi inkişaf etdirmək istiqamətində işlər apardığını vurğulayaraq, qeyd edib: “Azərbaycanda restoranlar, ticarət mərkəzləri və kafelər bağlıdır, lakin insanlar kütləvi olaraq bir-birlərinin evlərində və ya dəfn mərasimlərində toplaşır. Bu gün infeksiyaya yoluxanların əksəriyyəti dəfn mərasimlərinə qatılan şəxslərdir. Diaqnoz və müalicə ilə yanaşı, cəmiyyətdə fərdi qorunma ilə bağlı məlumatlılığı artırmağa çalışırıq. Çünki fərdin önləyici tədbirlər görməsi cəmiyyət sağlamlığının qorunması baxımından çox vacibdir”.

Bizimlə əlaqə saxlayın


Tarix: 27-07-2020, 09:20 Oxunub: 533


Bölməyə aid digər xəbərlər