Aşıq musiqisi və aşıq insanın mənəvi dəyərlərini, əməllərini tərənnüm edir və bundan ilham alır. Aşıq sənətinin əsas mövzuları – məhəbbət və təbiət gözəlliyi, insan və onun əməlləridir. Özü də bu yaradıcılıq prosesi sintez, yəni teatrlaşdırılmış şəkildə improvizator aşıq tərəfindən sazda ifa kimi tərənnüm olunur. Əlbəttə, son zamanlarda aşığı Azərbaycan xalq çalğı aləti olan balaban ifaçıları da müşayiət edir.
Aşıq sənəti X–XII əsrlərdə yeni ictimai səslənmə təzahürü kimi formalaşaraq mənəvi-tərbiyəvi vasitəyə çevrilmiş və cəmiyyətin sosial-iqtisadi və kulturoloji sahələrində azəhəmiyyətli rol oynamamışdır. O, Azərbaycan estetik fikir ənənələrini qoruyub saxlayaraq, poetik və fəlsəfi fikrin dahi, bənzərsiz mütəfəkkir Nizami Gəncəvi kimi nəhənginin irsini təbliğ edərək sadə xalq arasında musiqi təfəkkürü fəlsəfi mədəniyyətinin carçısına çevrilir. Aşıq sənəti indi də bütün xalqın musiqi-yaradıcılıq düşüncəsində öz ictimai əhəmiyyətini saxlamaqdadır. Onun mənbələrindən indiki peşəkar bəstəçilər də dəyərlənir və öz yaradıcılıqlarında ondan çox uğur və dəqiqliklə istifadə edirlər.
Bu bədii yaradıcılıq formasının kökləri xalqımızın dərin tarixinə, mövcudluq təcrübəsinə dayaqlanır və həyatın özündən zənginləşir. Aşıq musiqisinin mövzuları həyatın özü kimi çox rəngarəngdir – xalqın azadlıqsevərliyi, oğul və qızların qəhrəmanlığı, onların cəsur əməlləri, səciyyəvi milli xüsusiyyət kimi alicənablıq, düzgünlük və xeyirxahlıq mənəvi dəyərlər kimi.
Öz yaradıcılığında ən yaxşı şair, xanəndə, musiqiçi və aktyor xüsusiyyətlərini cəmləşdirən bir sıra aşığın adını qeyd edə bilərik: – Qurbani, Tufarqanlı Abbas, Xəstə Qasım, Sarı aşıq, Aşıq Ələsgər…
Aşıq sənəti dünyada baş verən kataklizmlər, təzadlardan asılı olmayan bir vəziyyətdə mövcuddur. Onun xalq yaradıcılığından irəli gələn öz qanunauyğunluqları vardır ki, bu yaradıcılıq məişətdə yaşayır və təkmilləşərək daha mühüm həyatı problemlər, mövzu və musiqi ifası irəli sürərək yaşayacaqdır. Məsələn, Qazaxlı ustad, türk dünyasının tanınmış simalarından olan Dədə Ədalət çox simli sazında çalarkən forma, məzmun və hətda səslənmə həcmi etibarilə elə bil simfonik əsər yaradır. İndi bir çox aşıqlar qəhrəmanlıq əməllərinə, məhəbbətə, lirik əhval-ruhiyyəyə səsləyən sözsüz musiqi ifa edirlər.
XVI əsrdə türk aləmində hərbi himnlər geniş yayılmışdı. janr baxımından "türkü" adlanan və Şah İsmayıl Xətaini tərənnüm edən bu "türkü"-himnlərin yaradıcılarını "aşiq" adlandırırdılar. Eyni zamanda xalq arasında həmin sənətkarları "a şıx" deyə çağırardılar. Sonralar fəxri "aşıq" adı saz-söz sənətkarlarının adına əlavə olundu.
Bu gün Sizlərə Vətən Müharibəsi Qazisi, xanəndə, musiqiçi və aktyor xüsusiyyətlərini özündə cəmləşdirən istedadlı bir aşıq, daha dəqiq desək, Azər Fərmayıloğlu haqqında söhbət açmaq istəyirik.
Azər Fərmayıloğlu Alıyev 1974-cü ildə Gədəbəy rayonunun İnəkboğan kəndində sürücü ailəsində anadan olub. 1981-1991-ci illərdə doğulduğu kənddə, İnəkboğan tam orta məktəbində təhsili alıb. 1982-ci ildən rayon və kənd tədbirlərində, el şənliklərində tez-tez iştirak edib və dinləyicilərin rəğbətini qazanıb.
Hər bir vətənpərvər Azərbaycan oğlu kimi Azər də1992-1996-cı illərdə torpaqlarımızın müdafiəsində yaxından iştirak edib. Hərbi xidmətdə olduğu dövrlərdə Azərbaycan televiziyasında yayımlanan “Ocaq başı”, “ Durna teli” və “Əsgər postu” verilişlərində mükəmməl ifaları ilə sevilib.
Aşıq Elbəyi Fərzalıoğlu, aşıq Səyad Pənahov, aşıq Məlik Məmmədov, aşıq İsfəndiyar, aşıq Mahmud kimi ustadlardan dərs almış gənc aşıq pfofessional səhnəyə ilk dəfə 2000-ci ildə, H.Əliyev adına sarayda Aşıqlar Birliyinin keçirdiyi tədbirdə Musa Ələkbərlinin Gədəbəy haqqında yazdığı sözləri ifa edərək qədəm qoymuşdur.
Aşıq havaları ilə yanaşı muğamlarımızı, bəstəkar və xalq mahnılarını özünə məxsus məharətlə ifa edən Azər Fərmayıloğlu Azə\rbaycanda ilk olaraq, Ağbaba aşıq mühitinin azman sənətkarı, aşıq Murad Çobanoğlunun repertuarından “Bir su ver” ağbaba türküsünü yeni oranjimanda ifa edib.
İstedadlı aşığımızın özünün bəstələdiyi bir çox havalar el şənliklərimizin bəzəyi olub, bunlardan “Qonağınam bu günlüyə, a dağlar” (söz: İlqar Türkoğlu), “Özün donundan gözəl” (söz:Səhər Əhməd), “Evdə yoxam” (söz: İntiqam Yaşar), “Dön geri gəl” (söz: Qabil Dərdli), “Türk oğluyam” (söz: aşıq Murad Niyazlı) və sairlərini qeyd edə bilərik.
Azər Fərmayıloğlu “Türkdilli xalqların uluslararası seir və musiqi festivalı” layihəsi çərçivəsində 2013-cü ildə Nevşəhərdə (Türkiyə), 2018-ci ildə Adanada (Türkiyə), 2024-cü ildə Qırğızıstanda keçirilən tədbirlərdə və 2004-cü ildə Tatarıstanda “Sabantuy bayramı” festivalında da ölkəmizi təmsil edib.
Azərbaycan teleradiosunun fondunda Azər Fərmayıloğlunun lent yazıları mövcuddur.
Ustadın yetirmələri aşıq Toğrul Ayrımelli və Arzu Qurbanov da sənətin sirlərinə dərindən bələd olub el şənliklərində və tədbirlərdə özlərinə məxsus tərzləri ilə sevilirlər.
ATİA.AZ saytı olaraq ustad sənətkarımıza daha böyük sənət uğurları arzu edirik.
Aydın Adıgözəlli,
ATİA.AZ saytının baş redaktoru
Bölməyə aid digər xəbərlər