Qurban sadəcə heyvan kəsmək deyil. Qurban ən çox sevdiyini, ən dəyərli bildiyini Allah yolunda fəda etməyə hazır olmaqdır. Qurban ruhun çağırışı, nəfsin imtahanıdır.
Ta miladdan öncə bizə tərəf baxan bir fədakarlıq hekayəsi var. Həzrəti İbrahimin sınağı. Bu sınaqda qurban edilən təkcə bir oğul deyildi, burada qurban edilən nəfs, arzular, hisslər idi. Və bu qurban dinlər tarixində bir çevriliş, bir inqilab oldu.
Qurban düşüncəsi İslamdan əvvəl də vardı.
Qədimdə insanlar tanrıları razı salmaq üçün çox zaman əsirləri, bəzən də öz övladlarını qurban verirdilər. Çində, Karfagendə, Hindistanda, Mesopotamiyada uşaqlar çaya və oda atılırdı. İnsan qanı müqəddəs sayılırdı. Həzrət İbrahim isə öz oğlunu qurban verməyə qalxdı, amma Allah onu dayandırdı. Bu hərəkət qurban anlayışına inqilab gətirdi. Qurban məhəbbətlə təslimiyyətin simvoluna çevrildi.
Allah İbrahimi seçdi. Onun imanı, səmimiyyəti və mütiliyi qarşısında dünya susdu. Bu hekayə inanc yerimiz olsa da, bəzən onun mahiyyətindən uzaq düşərək təqvimdə adi bir günə çeviririk. Halbuki Qurban yaxınlıq deməkdir, Allaha yaxınlıq. Əslində bu bayramda bizdən soruşulur: “Sən nəyi fəda etməyə hazırsan? Sənin İsmayılın nədir?”
Bəlkə də bizim İsmayılımız arzularımızdır. Eynilə İbrahimin illərlə dua edib Tanrıdan dilədiyi o müqəddəs övladı kimi. Bəlkə də bizim İsmayılımız həsəddir, şöhrət ehtirasıdır. Əlsində Qurban bu içimizdəki İsmayılları Minaya aparmaq cəsarətidir. Məscidlərdən yüksələn dualar, əllərdəki bıçaqla birgə əsən ürəklər, paylanan ət, edilən ehsan bunlar zahiridir. Bəs batin? Bunu da siz düşünün!
Əzəldən bəri qurban düşüncəsi insanın Tanrıya yaxın olmaq cəhdidir. Qədimdə insanlar təbii fəlakətləri dayandırmaq, qəzəbdən qorunmaq üçün insanları qurban verirdilər. Odlar, çaylar, tanrılar qarşısında. Həzrət İbrahim isə bu anlayışın mahiyyətini dəyişdi. O, qurbanı sevgiyə, itaətə, təslimiyyətə çevirdi. Və Tanrı onu mükafatlandırdı bir quzu ilə, bir rəmzlə, bir simvol ilə.
İslam bu inqilabı yaşatdı. Qurban bayramı “Böyük Bayram” adlandı. Həccin rəmzi olan bu gündə kəsilən heyvanlar dəvə, inək, qoç sadəcə ətdən ibarət deyil. Onlar inamın təcəssümüdür. Və Qurani-Kərimdə bizə xatırladılır: “Onların nə əti, nə də qanı Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə, Onu uca tutuasınız deyə, bu heyvanları sizə, beləcə ram etdi. Sən isə yaxşılıq edənləri müjdələ!”
Qurban həm də paylaşmaqdır. Ət üç hissəyə bölünər ailəyə, qohuma və ehtiyac sahibinə. Bu üç hissə ilə birlikdə könül də üç yerə bölünər şəfqət, səxavət və sədaqət.
Unutma, bu bayram səndən cavab istəyir: “Sən öz İsmayılını qurban verməyə hazırsanmı?” Əgər sənin İsmayılın rahatlığındırsa, qorxularındırsa, ya da dünya malıdırs onları Minaya aparmağa cəsarətin varmı? Bəlkə də Qurban səni öz mahiyyətinə çağırır. Bəlkə də qurban elə sən özünsən!
Yalnız bu sualın cavabı bizim əsl inancımızı müəyyən edir. Qurban içindəki İbrahimə səs verməkdir. Öz Minanı tapmaqdır. Və ehtimal ki, o Minaya çatanda Tanrı sənə də bir “qoç” göndərəcək!
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru
Bölməyə aid digər xəbərlər