12:39 / 11-05-2024
İbrahim Tatlıses Bakıda
"53 İLLİK SİRR - NAMƏLUM SİRLİ QADIN" - Aygün Sadiqin araşdırmasında...

    1970-ci ilin noyabrında iki azyaşlı qızı ilə dağda gəzinti edən ailə qəribə bir hadisə ilə qarşılaşır: yanmış qadın cəsədi. Cəsədi 12 yaşlı uşaq görmüş,  çox qorxmuşdu. 
Xeyli məsafə qət edərək polisə məlumat verdilər. 

    O, arxasından geyim dəyişmək, şifrəli yazılar və saxta şəxsiyyət vəsiqəsi kimi qəribə izlər buraxmışdı...
    Xəbər polisə çatanda kiçik bir qrup cəsədi götürməyə getdi. Bu qrupun üzvlərini arasında vəkil Karl Harvor Aas da vardı.  Sonrakı illərdə iş yenidən gündəmə gələrkən cənab  Aas həmin qrupdan sağ qalmış son insan idi.  "İlk hiss etdiyimiz şey yanmış insan əti qoxusu idi. Bu, dəhşətli idi. Bəzən yoxuşa, bəzən enişə hərəkət etdiyimizi xatırlayıram. Tələsik gedirdik və mən konkret olaraq hara getdiyimizi bilmək istəyirdim. Hava soyuq idi. Biz hadisə yerinə çatanda arxası üstə uzanmış və yanmış qadın cəsədi gördük. Onun qədər ağır yanmışdı ki, heç cür tanımaq mümkün deyildi. Cəsəd diri-diri yandırılmış insanlara məxsus tərzdə - qolları baş üzərinə qaldırılmış - qılınc və ya boks  ustası  pozasında idi . Üz və saçın böyük hissəsi də daxil olmaqla bədənin ön hissəsi yanmışdı. Amma qəribədir ki, arxa hissə yanmamışdı. Sanki özünü alovdan geri atmış kimi görünürdü. Üzü isə o qədər pis vəziyyətdə idi ki, həyatda ikən necə göründüyünü təsəvvür etmək mümkün deyildi ",  - deyir Aas. 
     Artıq hər şey soyumuşdu və cəsədin nə qədər müddətdən bəri orda olduğunu bilmək çətin idi. 
Çox keçmədən ucqar yer adamlarla doldu. Hər kəs ora axışırdı: məhkəmə tibbi ekspertiza üzvləri, polislər, mütəxəssislər.
     Polis qadının yanmış əşyalarını tapmışdı: bir çətir, ərimiş plastik şüşə,  plastik pasport cildi və bir neçə əşya. Bəzi mütəxəssislər qadının təsadüfən ocağın içinə düşdüyünü və təşvişlə geri sıçradığını, başqaları isə qatilin hələ də orda olması ehtimalını irəli sürdü. Bu, çox pis bir mənzərə idi. Bu qadının belə ucqar yerdə nə işi vardı? Onu kim yandırmışdı?
Bu ərəfədə polis qəribə bir şey gördü: yanmayan paltarın üzərində olan istehsal etiketləri, əşyaların üstündəki markaların adları çox ustalıqla çıxarılmışdı. Plastik şüşənin altındakı etiketlər belə, sökülmüşdü. Bunlar Norveçin sirli cinayətlərindən ən qəribəsi idi və hələ sirlər qarşıda idi. Mövzuya daxil olduqca daha çox sir peyda olur və heç bir nəticə tapılmadıqca ehtimallar yaranırdı.
Hal şahidlərinin ifadələri də onun şəxsiyyətinin müəyyənləşdirilməsində heç bir işə yaramadı.
Təxminlərə görə, sirli şəkildə ölən qadın 25-40 yaşlarında, 1.64 boylu, uzun qəhvəyi rəngli saçları arxaya doğru daranmış, yuvarlaq simalı, kiçik qulaqlı  idi və öldüyü an saçları mavi-ağ rezinlə arxadan "at quyruğu" yığılmışdı.  
      Bir neçə gün sonra Bergan qatar stansiyasında baqajda iki yol çantası qalmışdı. Birinin içində üzərində onun barmaq izi olan eynək vardı. Barmaq izləri uzlaşırdı.  Həmçinin çantalarda ekzema kremi, çay qaşığı, kosmetik vasitələr, Almaniya, Belçika, Norveç, İngiltərə və İsveçdən gətirilmiş pulların olduğu xeyli əşya tapıldı.  Amma yenə məlumat almaq olmurdu. Bütün izlər qəsdən silinmiş kimi görünürdü.
    BBC-yə müsahibə verən tibbi ekspert T.Bons qadının əşyalarında növbəti bir qəribəlik hiss etmişdi - saatı və aksessuarları vardı, amma bunların heç birini taxmamışdı.  Sanki burda bir ayin icra edilmişdi.
Polis məcbur qalaraq onun paltarlarının hardan alındığını öyrənməyə cəhd etdi. Ölkədəki bütün paltar mağazaları araşdırıldı. Paltarın bənzəri tapılmadı. Hətta ölkədəki və ölkə xaricindəki məşhur kosmetik mağazalar da araşdırıldı. Heç bir uzlaşma, heç bir bənzərlik tapılmadı. 
Başqa bir şifrəli yazı yazılmış kağız çözüldü: onun müxtəlif şəhərlərə etdiyi səyahətlərin qısa qeydləri idi. Qadın bir neçə şəhərə getmiş, ən sonda bu yolçuluq İsdalendə sona çatmışdı... Bu kağız sirri çözülən son əşya olaraq qaldı. Polisin interpola, Avropa , şimali Afrika və Orta Şərqdəki  məsləkdaşlarına göndərdiyi hər sorğu eyni cavabı verirdi - acizlik. Adlar və pasport nömrələri heç yerdə bilinmir,bu əlamətlərə malik heç bir insan itkinlər siyahısında deyildi.  Yeganə ipucu Osc.Rudveltin Stavanerdəki mağazasından alınan plastik paket idi. Mağaza rəhbərliyi gözəl, səliqəli, çox qəliz bir dəqiqliklə çəkmə  seçən, özünə çox baxımlı bir xanıma bir cüt çəkmə  satdığını xatırladı. İngiliscə zəif bilirdi və qəribə bir qoxu xatırlayıram deyirdi. Həmin qəribə qoxu və ayaqqabılar da uzlaşırdı. Bunu başlanğıc kimi istifadə edərək yaxınlıqdakı otellərdən bu görkəmdə bir şəxsin olub-olmadığını öyrənmək üçün cəhdlər etdilər. Mağazaya yaxın bir oteldə onun izini tapdılar. Otelə gəlmiş,bir neçə gün orda qalmışdı. Adı Finella Lorq adlı belçikalı idi. Arıq, zərif və zəif ingiliscəsi. Bir neçə gün əvvəl mağazadan aldığı eyni tipdə çəkmə geyinmişdi.
Artıq mətbuat polisin bu sirri açacağına az qaldığını göstərən yazılar yazırdı...

Amma qadının öz izini çox məharətlə qoruduğu bir daha ortaya çıxdı: Bergan polisi otelin qeydiyyatında Finella Lorq adında heç kimi tapa bilmədi. Ad Stavaner və Bergan arasına itib gedirdi. 
O dövrdə polislə sıx əməkdaşlıq edən yüksək səviyyəli kriminal jurnalist Knut Havik bir sənəd əldə etməyi bacarmışdı.  Amma öncə özü də çətinlik yaşadı. Normalda belə hallarda polis əhalidən yardım istəyərdi, amma bu dəfə səssiz idi.  Havikə görə, bu mövzunu ilk gündən gizli saxladılar. Səbəbi bir neçə gün sonra bilinəcəkdi. 
Qadın fərqli otellərdə qalmış, hər dəfəsində fərqli saxta ad istifadə etmişdi. Bəzən Cenevie Lansier idi, bəzən Klavdiya Tilt və ya Nilson, Aleksiya Zarni Merçes, Vera  Elizabet Linhafer adlarını da vermişdi. Sonradan onun Parisdə Vera Şlosnik adı ilə bir çox oteldə qaldığı ortaya çıxdı. Polis Oslo, Stavaner, Bergan və Tronthaymda İsdalend qadının izlərini tapdı.  İstifadə etdiyi hər vəsiqədə Belçika vətəndaşı olduğunu iddia edirdi, amma Belçika polisi onun bütün pasportlarının saxta olduğunu bildirdi. 
Şahidlər onun ön dişlərinin seyrək olduğunu və ağır sarımsaq qoxusu gəldiyini söyləyirdi.  İngiliscə qəribə bir aksent ilə danışırdı. Otel işçiləri polisin ən önəmli şahidləri idi, çünki onunla tanış olmuşdular. O vaxtlar Neptun otelin yeməkxanasında işləyən 21 yaşlı Alfild Rangnesin ifadələrində İsdalend qadının təsviri belə idi: özgüvənli, şıq geyimli, baxımlı. Rangnes BBC-yə belə deyirdi: "həddindən artıq baxımlı, çox özgüvənli, çox gözəl xanımdır. O vaxt bufetdə tək xanım oturmazdı. Amma bu xanım qüsurlu bir şəkildə içəri daxil oldu, stol tapdı və rahatca oturdu. Təkbaşına səyahət etməyə öyrəncəli olduğu bəlli idi. Bir iş yoldaşıma onun tərzini bəyəndiyimi pıçıldadım. Mənə göz vurdu. Amma bu tərz,bu özəllik, bu özgüvən ucqar dağlıqda səyahətə çıxan insanın tərzi deyildi. Bir dəfə otağına yemək gətirirdim, gördüm ki, biri hərbçi olan iki alman dənizçinin yanında oturub, amma onlarla danışmır.".
      Norveç səyahəti ərzində 8 fərqli ad istifadə etmişdi. Bu, o deməkdir ki, onun 8 pasportu var. Bahalı yerlər, bahalı səyahətlər və şərq geyimlər onun kənardan maliyyələşdiyini deməyə əsas verirdi.  Bunlar onun bir casus ola biləcəyini iddialarını yaratdı. Tibbi ekspertiza onun heç vaxt hamilə olmadığını, doğuş etmədiyini, boynundakı göyərti isə ciddi zərbə almaq ehtimalını ortaya qoyurdu. Ağciyərlərində tüstü izləri vardı, bu da onun yanarkən sağ olduğu söyləməyə əsas verir. Altındakı torpaqda benzin tapıldı. 
    Mədəsində 50-70 arasında yuxu dərmanı tapıldı. Öldüyü vaxt bunlar hələ  həzmə keçməmiş, qana keçməmişdi. Karbon monoksid və yuxu dərmanları nəticəsində öldüyü, həqiqətən də, intihar etdiyi deyilirdi. O günlər cinayətin açılmasına ən yaxın günlər idi, amma  qəribədir ki, 71-ci ilin əvvəlində iş bağlandı. 
     Cənazə 16 kişi və 1 qadın polisin iştirakı ilə katolik cənazə ənənəsi ilə dəfn olundu. Dəfn edilmədən öncə hər ehtimala qarşı dişləri və çənə sümüyü götürüldü. Yağışlı bir gündə İncildən  oxunan cümlələrin əks-sədası altında qadının cəsədi bərk tabutda torpağa tapşırıldı. Tabutu xüsusi hazırlamışdılar,əgər kimsəsi, yaxınları tapılsa, rahatlıqla transfer edilə bilsin. 
O vaxt bu cinayətin açılmasına təhrik olunan bir  polisin Sesiliya adlı nəvəsi yenidən mövzuya qayıtdı. "Babama sual verdim, amma o,sanki qarnına yumruq vurulmuş kimi susdu, sonra acı dolu nəzərlərlə dedi ki, bu işin üstünə düşün..."
    Sonra bir gənc aktyor mövzuya daxil oldu, paylaşımlar etdi. Deyirdi: "Ətrafımda xeyli izləyicim var. Bəlkə də, onların hansınınsa itmiş böyük xalası, bibisi vardır, istəyirəm bu məşhur mövzunun açılmasına mənim də bir faydam dəysin"
İsdalenddə çox səssiz, tənha, iynəyarpaqlı ağaclardan ibarət, insan görülməyən yerlərdir oralar.  Və orda işləyən  dəniz kapitanı Ketil Kversa keçmiş xatirələrində danışırdı: Axşam düşəndə evə qayıdırdım. Qaranlıqda dağa dırmanan şəhərli geyimində qarşıma bir qadın çıxdı, 20 metr  arxadaviki nəfər gəlirdi. Geyimləri təbiət qoynunda gəzməyə uyğun geyimlər deyildi. Qadın üzümə baxdı, sanki nəsə demək istəyirdi, amma demədi. Arxasından gələnlərdən xəbəri vardı. 
Polisə gedib danışmaq istədim, mənə  hallüsinasiya görmüş ruhi xəstə adı veriləcəyindən çəkinib susdum". 
      Əslində, məsələ beynəlxalq bir məsələ idi və heç vaxt bu cinayətin üstü açılmayacaqdı.
Hadisədən sonra isə polisə getmişdi. "Gec getdiyimə görə peşmanam",- deyirdi. 
DNT analizləri də heç bir nəticə vermədi. 

    Ehtimallara görə,qadın bir agent , casus idi. Onun raket sınağında müəyyən məqsədlər üçün istifadə edildiyi ehtimalı da istisna deyildi. Təbii ki, çoxlu şəxsiyyət vəsiqəsi işlədən insanlar təsadüfi insanlar deyil. Vəsiqə oyuncaq deyil ki, gedib ürəyin istəyəndə fərqlilərini alasan. 
     Təxminlərim: 
    Bu, böyük ehtimalla, təhsillidir, peşəkardır və ilk işi deyil. Polislə sıx təmasda olan və ya ola bilsin ki, özü də  təhsilli ekspert mütəxəssisidir. 
Ölkədən kənardakı iri geyim və kosmetika mağazalarının araşdırılacağını bilib və uyğun davranıb. Bunu isə yalnız uzman qatillər edir.

     Ümumilikdə, jurnalist olaraq  bu qənaətə gəlirəm ki, qadın başqa ölkənin bu ölkəyə yerləşdirdiyi casusdur və "istifadə müddəti" bitdikdən sonra "zərərsizləşdirilib". Polisin susqunluğu onlara müəyyən mənfi təsirin olması iddiası üzərində durmağa da əsas verir(red.A.S)

     2020-ci ildə Beynəlxalq Media nümayəndələri Oslo şəhərindəki stomatologiya fakültəsinə gəldi və dosent Siqrid Kval ilə görüşdü. Xanım Kvalın söylədiyinə görə, qadının dişləri üzərində edilən araşdırmalar Norveçdə edilməmişdi. Xanım Kval həmin ərəfədə məşhur mövzunun populyar ekspertiza stomatoloqu olaraq müsahibələr verdi. Stomatoloji ekspertiza- diş həkimliyini hüququn və ədalətin xidmətində istifadə etmək, nəticələri müqayisə edərək insanları təsbit etmək, şiddət hadisələri zamanı diş izlərini təxmin etmək və yaşı müəyyənləşdirmək kimi önəmli işləri öz üzərinə götürür.  Hökümətin tapşırığı əsasında miqrant uşaqların yaşının dəyərləndirilməsi də stomatologiya bölməsi olaraq Kvala həvalə edildi. O, əvvəlcə Beynəlxalq Kriminal Axtarış  Xidmətində  şəxsiyyətin müəyyənləşdirilməsi komandasının üzvü olaraq çalışır,  ildə təxminən 20 hadisə araşdırır. Üzərində işlədiyi ən çətin araşdırmalarına  2004-cü ildə Taylandda baş vermiş sunami qurbanları ilə bərabər, 2011-ci ildə Oslo və Utoya adasına edilən terror hadisələri sonrası şəxsiyyətlərin müəyyənləşdirilməsi də daxil idi. 
Bu gün interpol naməlum şəxsləri tanımaq üçün 3 üsul istifadə edir: barmaq izi, dnt və dişlər. Hər üçünün də qarşılaşdırma üçün referansa ehtiyacı var. Xüsusilə polisin etdiyi ilk iş bu üç detala istinad etməkdir.
Təbii ki, 1970-ci illərdə tibbi ekspertiza çox geniş inkişaf etməmişdi. 
Son illərdə şəxsiyyətin müəyyənləşdirilməsi istiqamətində fərqli üsullar istifadə edən mütəxəssislər var və bu məşhur hadisənin çözülməsində onlarla əməkdaşlıq edilir. Qeyd edək ki, nəticələrə 1970-ci ilə nisbətən, daha yaxınıq.
Naməlum qadının kimliyi ilə bağlı cinayət işi yenidən açılarkən mütəxəssislər fərqli elmi tətbiqlər istifadə edə bilən və sirrə yeni perspektivlərdən yaxınlaşa bilən müxtəlif peşəkarlarla təmasa keçdi. Yeni tətbiqlər edilir. Ölən şəxsin rentgen müayinəsinə istinadən edərək pulpa və sinir kanallarının boyunu ölçür. Sonra formulu tətbiq edərək yaş haqqında fikir əldə edir. Belə ki, yaşla bağlı diş kökünün bir qisminin uzunluğu artır ki, buna dişlərin morfoloji dəyişikliyi deyilir.
Bizim məşhur qadının dişlərində isə Norveç stomatoloji ekspertizasının vərdiş etmədiyi hal rastlandı: belə ki, fərqli vəziyyət - dişlərində bir neçə qızıl örtü və körpü vardı...
Sonunda mütəxəssislər onun profilini yaratdılar. Onun Avropa mənşəli olduğunu artıq bilirlər. Polis elm adamları ilə birlikdə onun bənzərini tapmaq üçün bütün Avropa ölkələrində araşdırmalar edir. Hələ ki, heç bir bənzərlik tapılmayıb və  qadının şəxsiyyəti hələ sirliliyini qorumaqdadır. Qanuni və etik qaydalara uyğun olaraq geniş şəkildə araşdırılmalara icazə verilmir. Genetik şəcərə üsulu ABŞ-da geniş yayılıb. Bu zaman kimliyi bilinməyən şəxsin uzaq qohumlarının dnt-si istifadə olunur. Bu məlumat naməlum şəxsin kimliyini müəyyənləşdirməyə kömək edəcək bir ailə ağacı yaratmaq üçün ənənəvi nəsil məlumatı ağacı yaratmağa imkan verir.
Sirli qadının sirrinin çözüləcəyi ümidi ilə...


Aygün Sadiq,
ATİA.AZ


Tarix: 12-09-2023, 19:19 Oxunub: 436


Bölməyə aid digər xəbərlər