15:31 / 02-05-2024
Bu gün Yasamalda qaz olmayacaq
13:17 / 01-05-2024
“Bazarstore” təltif edildi
"İNSANI QATİLƏ ÇEVİRƏN SƏBƏB - QADIN" - AYGÜN SADİQ

     Fikirlərimi bölüşməyə başlamazdan əvvəl, iki detala diqqət çəkmək istəyirəm: öldürmək və qadın. Bunları niyə nəzərə çatdırdığımı məqalə boyu biləcəksiniz.
    Öldürmək insanın yaradılışından bəri gerçəkləşən və bəzən də həyatı nizamlayan, heyvanlar aləmində və hətta təbiətdə qida zəncirinin normal qalması üçün mütləq zərurət kimi də müşahidə olunur.  Xəstə və xəstəlik daşıyıcısı olan heyvanı məhv edirlər, bir növ digər növdən olanın cəmi bir dənəsini öldürməklə aclıq hissini dəf etmiş və nəslin davamını təmin etmiş olur və beləliklə, həyatda canlıların balansı davam edir... Fəqət, insan düşüncəsində öldürmək fikri şüurlu və bəzən də məqsədsiz olur. İnsanoğlu öz həmcinsini müxtəlif səbəblərdən öldürür. Bəzən aqressiya, bəzən zövq üçün və bəzən də heç bir səbəb olmadan. Təbii ki, hamımızın zehnində azı bir dəfə öldürmək marağı olub, amma həm sosiallıq, həm qanunlar- cəza qorxusu bu hissi basdırmaqda bizə yardımçı olur.
     Tarixdə adı keçən məşhur qatillərin həyatını illərdir araşdırıram. Onların müəyyən zaman kəsiyində bu dərəcəyə, bu həddə gəlməsi,  ictimaiyyət içərisində nifrət edilən fərd, qorxulu qatil kimi qəbul edilib kənarlaşdırılması heç də səbəbsiz deyildir...
     Təbii ki, səbəb bir və ya iki deyil, burda qadın təsiri, ailədən şiddətli təzyiq və təcavüz, məktəbdə bulling, sevgili tərəfindən rəddedilmə və alçaldılma, şəxsiyyətə həqarət,  dəyərsizlik hissi yaşadılma kimi səbəblər həmin fərdi zamanla ən dəhşətli qatilə çevirir.
    Temperamentcə xolerik tip şəxslər, aqressiv, səbrsiz insanlar,  iradəsi zəif yetişdirilənlər bir yana, normal, ruhu sağlam insan da affekt halında qanunla cəzalanmaq ehtimalını çox vaxt düşünmür və  bir neçə saniyəlik bu vəziyyətdə şüur qapandığı üçün sonra detalları xatırlamır. 
Fəqət, qətlləri xatırlayaraq, zövq alaraq gerçəkləşdirənlər də var və onlar cəmiyyətin əsəridir: cəmiyyət özü yaradır, özü də daşqalaq edir. Özü isə həmişəki kimi məsumdur. 
     Bəs necə oldu ki, sağlam bir fərd sonradan qatilə çevrildi? Onlar sağlam doğulmuşdu axı. Nə baş verdi?
Uşağın dünyaya gəldiyi gündən onun yanında olan və həyatında əhəmiyyətli yer tutan ilk və dəyişməz şəxs  anadır. Və bütün araşdırmalarımda bircə dəfə elə bir duruma rast gəlmədim ki, qatilin anası ilə problemi olmasın və anasından sevgi defisiti yaşamasın. Təəssüf yaradandır...
Öldürmək və qadın demişdim axı, bunları yazımın əvvəlində qeyd etmişdim, çünki müəllifinin həyatını araşdırdığım əksər cinayətlərdə bilavasitə görünməz və yarqılanmaz bir qadın əli vardır! O, təhrikedicidir, o tətikləyicidir və bədbəxtliklərə özü rəvac verir... 
Mən isbatı çox sevirəm və  dediklərimin isbatı üçün gəlin bir neçə nümunəyə göz ataq- hansı ki, özüm tək-tək incələmişəm.
Gəlin onlardan bir neçəsinin həyatındakı detallara baxaq:

    1. Robert Henson. Uşaq ikən atasının israrla ovçu etmək istədiyi, zorla silah işlətməyə məcbur edən həkim Henson məktəb illərindən başlayaraq bulling, qızların onu ələ salması halları, bipolyar şəxsiyyət pozuqluğu yaşadı, həbsdən çıxdıqdan sonra ondan boşanmaq istəyən xanımı onun səbrini daşırdı və o,  silsilə qətllər etmək arzusunu qisas kimi görməyi çıxış yoluna çevirdi. Robert adətən fahişələri öldürürdü, çünki onların həm müdafiəçisi olmurdu , həm də pul qarşılığında intim əlaqədə olmağı uğurlu bir bəhanə kimi kullanıb cinayət məsuliyyətindən sıyrılırdı:  tibbi ekspertiza olmurdu, olsa belə, heç kim Robertin yaxasından yapışmırdı....

    2. Ed Kember. Anasından dəhşətli işgəncə, hətta təcavüz görən Ed sakit və alkoqolik atasını çox sevirdi, amma ailə boşanandan sonra Ed anasının yanında qalmağa məcbur olmuşdu və dominant qadın öz oğlunun üzərində fiziki- psixoloji basqılar edəndə cəmiyyət üçün necə  qorxulu manyak hazırladığının fərqində belə deyildi. Təbii ki, bulling yoluxucudur: travma hansı türdən gəlibsə, qisas hərəkətləri o türə qarşı çevrilmiş olur və Ed mütəmadi olaraq qadın öldürürdü və hamısının qarnını parçalayırdı...

     3. Ted Bandi. Bacı deyib arxasınca gəzdiyi gənc qızın onun bioloji anası olduğunu bildiyi gün yıxılmışdı, bu depressiyaya məktəbdəki hərəkətlər, sevimli Stefaninin rədd cavabı (hansı ki, bütün cinayətlərdə qurbanlar Stefaniyə bənzəyən qızlar idi, ali təhsil olmaması bəhanəsi ilə onu istəməyən qızın  acığına iki universitet oxudu və qızı öz ayağına gətirib rədd cavabını özü verdi, ətrafındakı qızlar bundan xəbərdar idilər, hətta onlar yaraşıqlı və zəkalı bir vəkil olan Tedin xoşuna gəlmək üçün saçlarını Stefanininki kimi ortadan ikiyə ayırırdılar və bu, qatili dəliyə döndərirdi) - təsdiqə ehtiyac. "Mən zəif deyiləm". Təsdiqləri tətbiq etdi, hətta illərlə. Qadın cəsədləri tapılmaqda davam edirdi, amma insanların hüquqlarını müdafiə edən nəzakətli cənab heç kimin şübhəsini çəkmirdi. 

     4. Maykl Svenqo. Həkim işləyən Svenqo çox xəstəxanada izsiz qətllər törətmişdi və uzun müddət ittiham olunmamışdı. Atası alkoqolik, anası isə ona qarşı hədsiz qəddar idi, Maykl uşaqlıqdan ana sevgisi heç görmədi, ana basqısı gördü...

    5. Gennadi Mikaseviç. Sevgilisi tərəfindən tərk edilən Gena əvvəlcə intihara cəhd etmiş, sonra tənha yolda qarşısına çıxan ilk qadını amansızlıqla öldürmüşdü və bu qətl onun siyahısının başlanğıcı olmuşdu....

    6. Vestey Eln Dod. O da sevgisiz və aqressiya altında böyüdü və sonradan qisası  günahsız və onu tanımayan qadınlardan aldı...

    7.Rik adlı bir gənc oğlan. Rik psixoloq işləyən, normal həyat sürən Lori adlı qızın sevgilisi idi. Lori nişanlısını yaxşı insan kimi tanıyırdı, Rikin qaranlıq keçmişini heç kim bilmirdi, hansı ki, 12 yaşında anasını öldürüb üzünü bəzəmiş, buna çox sevinmişdi, uşaqdan heç kim şübhələnməmişdi və Rik yaşadığı yeri tərk edib məsum obrazında Lorinin həyatına girmişdi. Yoxa çıxan Lorinin qatilinin məhz ifadələrində uyğunsuzluq görülən soyuqqanlı Rikin olması hamını heyrətləndirmişdi. Bir dəfə söhbət əsnasında tanışı Terri Buta deyir: "cəsəddən necə xilas olmaq olar?".

    8. Dəhşətli Ed Geyn. Edin həyatında ana obrazı digər qatillərdən daha çoxdur deyə bilərəm. Hər zaman qışqıran, oğluna özündən başqa heç bir qadına inanmağı israrla əmr edən dominant ana- Avqusta... O  deyirdi ki, məndən başqa bütün qadınlar əxlaqsızdır və onların yaşamağa haqqı yoxdur, onları döymək, öldürmək lazımdır!...  Sürəkli şiddət, daimi narazılıq, şikayət, qışqırıq, aqressiya və Ed qardaşından fərqli olaraq bunu bəyənir, anasının bir sözünü iki etmir, qarşı çıxan qardaşını öldürüb yandırır və anasının artan təzyiqlərinə Edin itaətləri də artmaqdadır; sonunda anasının ölümünü faciə kimi qəbul edir. Avqustanın ölümündən sonra Ed onun otağını, əşyalarını müqəddəs sayır, toxunmur, yerindən tərpətmir, qoruyurdu. Adamın zehninə qazınıb qadın. Ed ölmüş anasını həyata qaytarmaq istəyirdi, amma bunu bacarmadı. Ona bənzəyən qadınları öldürməyə, cəsədlər üzərində ağlasığmaz, dəhşətli qəddarlıqlar etməyə başladı... Hətta öldürdüyü saysız-hesabsız qadınların dərisindən özünə geyimlər düzəltmişdi... Bir müddət qadın cildinə də girdi. Qadınsı davranış, geyim.  Çünki özünü kişi kimi hiss etməmişdi, onun intim həyatı mövcud deyildi və heç vaxt qadınla sevişməmişdi. Qadınlar onun gözündə iyrənc, ucuz və məhvə məhkum, ölməli olan varlıqlar idi...

   9. Riçard Ramires. Hirsli və daim narazı atası ona qarşı çox qəddar idi, hətta bir dəfə məzarlıqda onu bağlayıb döymüş, orda bütün gün saxlamışdı. Əmisi oğlu Migel Vyetnam müharibəsində əsgərlərə etdiyi işgəncələri azyaşlı Riçarda detallı danışmış, öz etdiklərinin sübutu olan şəkilləri göstərmiş və demişdi: "imkan vermə əziyyət çəkdirsinlər sənə, səni yoran, incidən insanlara bax bu cür et". Uzun illər cinayətlər törətdi, cəsədlər üzərində ağlasığmaz hərəkətlər etdi və çox sonralar ifşa edildikdə siyahıda 14 cinayət, 14 oğurluq, 5 nəfərə qarşı cinsi əlaqəyə cəhd, 15 təcavüz vardı. Bunlar hələ rəsmi idi, naməlum cəsədlərin bəzilərini  o vaxtkı zəif texnologiya üzündən tanımaq mümkün olmamışdı .

    10. Cefri Dahmer. Cef uşaq yaşlarından bulling gördü. Zəkası gözəl idi. Amma evdə alkoqollu anası ona mütəmadi təcavüz edirdi! Cef homoseksual kimi yetişdi və canlı  öldürməyə öncə ev heyvanlarından başladı. Ona həmişə heyvanların içi,daxili orqanları maraqlı gəlirdi. Bir dəfə atasından soruşur: "Paltar yuyulan suyun içində heyvan sümükləri saxlasam, nə olar?". Sonra Cefin siyahısı böyüdü, iyrənc , alçaldıcı hərəkətlər edilmiş cəsədlər ölkənin hər yerindən tapılmağa başladı... 


     11. Riçard Çeys. Dahmer kimi o da nəinki sevgi hiss etmədi, üstəlik, mütəmadi təcavüz və şiddət gördü...

     12. Andrey Çikatilo. Onun da həyatını qadın dəyişdirdi. Belə ki, arvadı Feodosiyadan cinsi mövzuda alçaldıcı rəftar görmüş, iradəsizlikdə ittiham olunmuşdu. Feodosiya bunu çox sonralar etiraf etdi.  Çikatilo o qədər nifrət qazanmışdı ki, məhkəməyə gətirilməsinə ehtiyatla yanaşır və ailəsini proseslərə çağırmırdılar, çünki öldürülən qadınların ailələri o qədər hirsli idilər ki,  ailəni elə ordaca parçalaya bilərdilər. Həmçinin sonrakı gözlənilən hücumlardan qorunmaq üçün Feodosiya soyadını dəyişmək məcburiyyətində qaldı, ailə başqa şəhərə köçdü...

       Siyahı bununla bitmir, sözsüz. Bu, az qismdir.  Bu insanlar bir zamanlar hamı kimi sağlam doğulmuşdu. Amma ailənin və əsas da anasının birbaşa təsiri nəticəsində ən qəddar, ən qorxulu silsilə qatillərə çevrildilər. 
Və  bir detal da diqqət çəkir: qatillər heyvanlara işgəncə etməyi sevirlər. Ona görə deyirəm, heyvanlara işgəncə edən fərdlər potensial qatillərdir! 
                      Öldürmək, qadın... 
     Ananın, qadının bir kəlmə sözü kişini özündən çıxara, onun həyatını dəyişə,  onu qorxulu qatilə çevirə bilir. Ona görə də, əziz analar, əziz xanımlar, gəlin övladlarımızla, xüsusilə də oğul övladlarımızla diqqətli, ehtiyatlı davranaq, onlardan qatil yox, cəmiyyətə faydalı vətəndaş hazırlayaq ki, dünyamızda qətllər, faciələr yox, xöşbəxt ailələr olsun.  















Aygün Sadiq


Tarix: 25-04-2023, 07:33 Oxunub: 902


Bölməyə aid digər xəbərlər