Ədalətin “COVID pasport” tərəzisi, yaxud vəkil vəkilliyinə nifrət edərkən – Qırılma nöqtəsi

Səbuhi Axundov: “Bu, ləkədir! Mən bu məsələni Avropa Məhkəməsinə daşıyacağam”
Ali Məhkəmə:  “Məhkəmlər müstəqildir, hər biri özü qərar verir”
Deputat:  “Mən hansısa anlaşılmazlıq olduğunu düşünür və ən azı buna ümid edirəm”

Vəkil Səbuhi Axundov oktyabr ayının 18-də COVID-19 pasportu olmadığına görə məhkəmə binasına buraxılmayıb. O, bununla bağlı sosialşəbəkədə məlumatpaylaşıb.Bildirib ki, COVID-19 pasportu üçün tələb olunan peyvəndin birinci dozasını vurdursa da, ikinci dozanın vaxtı çatmadığına görə hələ vurdura bilməyib. Buna görə COVID-19 pasportu olmadığı üçün məhkəmə binasına daxil olmasına icazə verilməyib.

Vəkilin video-paylaşımında qeyd edilir: “Hazırda Sumqayıt Məhkəmə Kompleksinin qarşısındayam. Şikayətimizi bildirmək üçün zəng edib tapa bilmədiyimiz adamlar da, sədr Tofiq Paşayev də bu videoya baxsın. Bu qədər biabırçılıq olmaz. Sədrin köməkçisi, qəbul şöbəsi ilə bir-bir danışmışam. Saat 11-də məhkəmə prosesim var, lakin heç bir qanunda göstərilməyən, eləcə də Operativ Qərargahın qərarında olmayan tələbə görə vəkili məhkəmə binasına buraxmırlar. Bunun qanuni və hüquqi əsası yoxdur. Ali Məhkəmənin COVID-19 pasportu barədə tövsiyəsi var. Tövsiyənin adı tövsiyədir. Vaksinin birinci dozasını vurdurmuşam, ikinci dozanı da özüm vurası deyiləm ki? Hələ vaxtı çatmayıb.
İçəri buraxmırsınızsa, qanunvericilik deyir ki, videokonfrans təşkil edilməli, məhkəmədə onlayn iştirakım təmin edilməlidir. Burada isə şərait olsa da, təmin etmirlər. Niyə?!
Mən hesab edirəm ki, bundan kobud pozuntu ola bilməz. İki doza peyvənd olunmayan vəkilin məhkəmə zalına buraxılmaması nə deməkdir? Bununla bağlı elanı bir həftə içində veriblər. Məhkəmənin girişinə də yazıblar ki, “COVID-19 pasportu olmayanlara giriş qadağandır!” Hansı qanuna əsasən? Tərəflərə fikir verin: qapıda duran polis, hakim köməkçisi, qarşı tərəfdə duran vəkil, ortada isə hüquqi əsası olmayan bir qərarın icrası gedir. Bunu mənə və buradakı digər vəkillərə qarşı edirlər. Ali Məhkəmə tövsiyə xarakterli bir məktub göndəribsə, məhkəmə sədri də bunu “Quran” ayəsi hesab edirsə, bu, o demək deyil ki, bunu edə bilər. Məhkəmə heç kimin dədə mülki deyil”.
Vəkil 10 dəqiqə içərisində iştirakı olmadan yekunlaşmış məhkəmə prosesindən danışarkən bunları vurğulayıb: “Məhkəmələrdə islahatdan danışan kim varsa, gəlsin Metin Bayram işini verim oxusun, sonra danışsın. Abşeron Rayon Məhkəməsində məhkəmə adına ləkə olacaq qətnamə çıxaran hakimdan və qətnaməsindən şikayət edib, Apellyasiyada bu qədər yalana don geyindirə bilməyəcəklərini düşünürdüm. Bu gün Sumqayıt Apellyasiya Məhkəməsində hakim Gülnarə Tağıyevanın 10 dəqiqənin içində vəkili zala buraxmadan, məhkəmə binasının işıqları ani söndüyü vaxtda videoçəkiliş olmadan, tərəfimin “təxirə salın” xahişlərinə baxmayaraq, məhkəməni yekunlaşdırması mənim üçün faciədir”.

“Bu, ləkədir! Məhkəmə adına ləkə. Heç bir araşdırma aparmadan ilk iclasda və 10 dəqiqəyə işi yekunlaşdıran hakim, sən sadəcə məhkəməyə olan son ümidləri də məhv elədin. Biz məhkəmə zallarında tərəflər arasında çəkişmə prinsipinə əməl edib ədalətli qərarın çıxmasına nail olacağımızı düşünürük, prosesdə tərəf deyil, hakimlərlə çəkişməli oluruq. Hansımaddi və sair marağa görə hakim az qala tərəfə çevrilməlidir?! Bu qərarlar yuxarı instansiyada ləğv olunsa belə, bu cür hakimlər öz postlarında qalacaqsa, kimsə məhkəmə islahatından danışmasın. Gəlsin, ən səlahiyyətli şəxs bu işi qarşısına qoysun, məni anlayacaq. Bu gün vəkil kimi özümə nifrət edirəm. Bu gün mən ilk dəfə bunu etiraf edirəm. Bu,bir rəzalət idi. Məhkəmə islahatları adlı bir şey yoxdur!”, - deyə Axundov əlavə edib.
O,  açıqlamasında onu da diqqətə çatdırıb ki, bu məsələ ilə bağlı Avropa Məhkəməsinə müraciət edəcək: “Ali Məhkəmənin COVID-19 pasportu ilə bağlı tövsiyəsi məhkəmələrdə qərar kimi qəbul olunur. Bu, insanların müdafiə hüquqlarının pozulması, ədalətli məhkəmə araşdırması hüququndan istifadəyə əngəl yaradılmasıdır. Mən bu məsələni Avropa Məhkəməsinə daşıyacağam”.

Azərbaycan Respublikası Ali Məhkəməsinin mətbuat katibi Allahverdi Məmmədli mövzu ilə bağlı  sualı cavablandırarkən deyib ki, Ali Məhkəmənin bu barədə şərh verməsi doğru deyil: “Çünki hər bir məhkəmə həm qərarlarında, həm də iş prinisplərində müstəqil fəaliyyət göstərir.  Məhkəmələr müstəqildir, hər biri özü qərar verir. Hər birinin öz iş prinsipi var, yeni qaydalar qəbul edə bilərlər. Ali Məhkəmə də daxil olmaqla bütün aşağı instansiyalarda olan məhkəmlərin heç birinin bir-birinə tabeçiliyi yoxdur. Məhkəmə müstəqil bir qurumdur, eləcə də Sumqayıt Apellyasiya Məhkəməsi. Biz onlara qayda qoymuruq. Ali Məhkəmə sadəcə tövsiyə verə bilər”.
Sumqayıt Apellyasiya Məhkəməsi ilə əlaqə saxlamağa çalışsaq da, məhkəmənin rəsmi saytında qeyd edilən 018 654 08 40 nömrəsinə cavab verən olmadı.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin üzvü Bəhruz Məhərrəmov mövzu ilə bağlı  sualları cavablandırarkən, vəkilliyin özünəməxsus sahə olduğuna diqqət çəkib: “Karantin rejimi hökm sürür və bütün peşə sahiblərinin, kimliyindən asılı olmayaraq fəaliyyətini bu məhdudlaşdırma tədbirlərinin tələblərinə uyğunlaşdırması vacibdir. Lakin bir reallıq da var ki, vəkillik özünəməxsus sahədir. Konstitusiya ilə təsbit olunmuş hüquqi yardım hüququnun realizəsi yükü birmənalı olaraq vəkillik institutunun üzərindədir. Eyni zamanda digər konstitusion hüquq olan hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququnun səmərəliliyində aparıcı həlqə vəkillikdir. Bu mənada hər hansı məhdudiyyət tədbirləri, o cümlədən karantin rejiminin şərtləri müəyyən olunarkən, yaxud bu istiqamətdə tənzimləmə zamanı vəkilliyin bu xüsusiyyətləri nəzərə alınmalıdır”.

“İkincisi, Nazirlər Kabineti əgər birinci dozanı təsdiq edən vaksin sertifikatlarının qüvvəsini noyabrın 1-dək tanıyırsa, ölkədə bütün obyektlərə bu sənədlə giriş mümkündürsə, məhkəmələrdə prinsipcə fərqli yanaşma olmamalıdır. Ona görə də, düzü, mən hansısa anlaşılmazlıq olduğunu düşünür və ən azı buna ümid edirəm”, - deyə deputatbildirib.
O, bu məsələdə həssas yanaşmanın vacibliyinə önə çəkib: “Bu məsələdə hakimlərimiz də həssas olmalıdır, vəkili iclasa, yaxud məhkəməyə buraxmamaq çıxış yolu deyil. Lap tutaq ki, heç noyabra qədər vaxt yoxdur, hər hansı bir vəkil məsuliyyətsizdir, bəs Konstitusiyanın 60-61-ci maddələri? Digər tərəfdən, axı bunun acısını vətəndaş yaşamamalıdır, bunun üçün adekvat hüquqi tədbirlər var. Ümumiyyətlə, biz binaya buraxmamaq kimi radikal “kəsib atma”lardan çəkinməliyik, ədalətin istənilən qanuni yolla bərqərar olması üçün format axtarmalıyıq. Qanun da alternativlərə icazə verir, məsələn videoformatda onlayn iclas təşkil oluna bilər, yaxud iclası təxirə salıb vətəndaşa bildirilə bilər ki, vəkili dəyişsin və sair”.
Məhərrəmov peyvəndlənmə ilə bağlı məcburiyyət məsələsinə də toxunub: “Mən şəxsən hesab edirəm ki, peyvənd məcburi olmalıdır, buna zərurət də var. Təəssüf ki, bu zərurəti aydın formada ifadə etməməklə bərabər, Operativ Qərargahın bəzi yanaşmalarında qeyri-müəyyənlik hiss edilir. Baxın, bu gün bizdə bir tərəfdən peyvəndləmənin məcburi olmadığı deyilir, digər tərəfdən isə peyvəndsiz insanların ayrı-ayrı məkanlara girişinə məhdudiyyət qoyulur – bu, anlaşılmazdır, ortada qəti mövqe olmalıdır. Bu, bizim milli təhlükəsizliyimiz, milli genefondumuzla bağlı məsələdir, qəti mövqenin olmaması anlaşılmazlıqlar yaradır”.
“Digər bir məqam da var: Etiraf edək ki, peyvənd sertifikatı ilə bağlı tələblər yeni deyil, əvvəldən bəlli idi ki, peyvənd olunmayanlar bəlli müəssisələrə buraxılmayacaqlar. Düzdür, hələ 10 gün vaxt var, amma son məqama qədər gözləməyin nə əhəmiyyəti? Vəkil cəmiyyətin ziyasıdır, cəmiyyətə nümunədir. Pandemiya ilə mübarizə apardığımız ağır bir zamanda vəkil bu məsələyə hər kəsdən daha həssas yanaşmalıdır, nümunə olmalıdır. Ən azından ona görə ki, vəkilin işi insalarla təmasdır, məhkəmələrdə kütlə içində olur. Bu mənada vəkillərimizin peyvənd məsələsini noyabra qədər uzatmalarında hüquqi bir problem olmasa da, mənəvi olaraq doğru saymıram. Kifayət qədər zaman olub ki, hər kəs iki dozanı da ala bilsin. Ötən il yarım ərzində nə qədər vəkil həmkarımızın bu bəladan həyatını itirdiyini unutmamalıyıq”, - deyə deputat fikrini yekunlaşdırıb.
  Aləmdə NəsibAYNA

Tarix: 23-10-2021, 19:38 Oxunub: 524


Bölməyə aid digər xəbərlər