21:30 / 20-04-2025
Kərəm İncəli -80
08:30 / 18-04-2025
"İlham Pirməmmədov - 70"
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib

       AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri professor Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” (3 cilddə), “Zamanın yaddaşı ədəbi diskurslar” (Seçilmiş məqalələr), “Bir ömrün missiyası” və “Rabindranat Taqor: Nobelə gedən yol” (ingilis dilində) kitablarının təqdimatı keçirilib.

     Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açaraq professor Bədirxan Əhmədlinin həyat və yaradıcılığından, çoxşaxəli elmi fəaliyyətindən, Azərbaycan ədəbiyyatşünaslıq elminə verdiyi töhfələrdən danışıb. Bildirib ki, professor Bədirxan Əhmədli XX yüzil Azərbaycan ədəbiyyatının mərhələli və sistemli şəkildə tədqiqinə yönəlmiş sanballı əsərlərin müəllifidir. O, Azərbaycanla yanaşı, türkdilli xalqların ədəbi irsinin yüz əlli ilə yaxın dövrünü səylə araşdıran, elmi-nəzəri baxımdan mükəmməl təhlil edən, bu xalqların tarixi və ədəbiyyatı ilə bağlı apardığı tədqiqatlarla ümumtürk elmi mühitinin sərhədlərini aşmağı bacaran istedadlı elm adamıdır.

     Akademik İsa Həbibbəyli professor Bədirxan Əhmədlini satiraşünas alim kimi səciyyələndirərək, onun yaradıcılığında Azərbaycan satirik ədəbiyyatının əsas istiqamətləri və problemlərinin geniş təhlil olunduğunu bildirib. Qeyd edib ki, alim Azərbaycan satirasının həm tarixi köklərini, həm də XX əsrdəki inkişaf mərhələlərini və dövrlərini yüksək elmi-nəzəri səviyyədə dəyərləndiməyi bacarıb.  O, satira janrının tam dolğun mənzərəsini, bütöv inkişaf yolunu və əsas problemlərini öz əsərlərində əks etdirib. Bədirxan Əhmədlinin Asiya ədəbiyyatına dair tədqiqatlarını xüsusi qeyd edən akademik İsa Həbibbəyli onun Asiya ədəbiyyatının ən fəal tədqiqatçısı olduğunu və hazırda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələr şöbəsinə rəhbərlik etdiyini söyləyib. AMEA rəhbəri alimin rəhbərliyi ilə sözügedən şöbədə  Çin, Pakistan, Vyetnam, İndoneziya, Koreya yapon, monqol, əfqan, hind ədəbiyyatı üzrə araşdırmaların aparıldığını, Azərbaycan-Asiya ölkələri ədəbi əlaqələrinə dair kitabların hazırlandığını, dissertasiyaların yazıldığını bildirib. Akademik İsa Həbibbəyli AMEA Rəyasət Heyətinin 19 mart 2025-ci il tarixli qərarı ilə professor Bədirxan Əhmədlinin məhsuldar elmi fəaliyyəti və 70 illik yubileyi münasibətilə AMEA-nın Fəxri fərmanı ilə təltif edildiyini xatırladaraq, AMEA-nın Fəxri fərmanını alimə təqdim edib.

     Sonra Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri professor Asif Rüstəmli “Bədirxan Əhmədlinin ədəbiyyatşünas alim ömrünün portret cizgiləri” adlı məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, ömrünün 40 ildən çoxunu elmə və təhsilə xidmət edən görkəmli ədəbiyyatşünas, tənqidçi Bədirxan Əhmədli zəngin yaradıcılığı ilə respublikamızla xarici ölkələr arasında körpü salan alimlərimizdəndir. 1986-cı ildə “Sabit Rəhmanın satirası” mövzusunda namizədlik, 2005-ci ildə “Azərbaycan satirasının inkişaf problemləri (1920-1980-ci illər)” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. O, Bədirxan Əhmədlinin “Bir istiqlal yolçusu” (2003) monoqrafiyasında ilk dəfə olaraq görkəmli ədəbiyyatşünas alim, ədəbiyyat tarixçisi, şair Əmin Abidin (Gültəkin) həyat və yaradıcılığının araşdırıldığını diqqətə çatdırıb. Vurğulayıb ki, Əmin Abid və Sabit Rəhman irsinə xüsusi diqqət göstərən Bədirxan Əhmədli, bu yaradıcı simaların irsini həm tədqiq edib, həm də çağdaş oxucuya çatdırmaq üçün önəmli nəşrlərə imza atıb.

     Tədbirdə akademik Nizami Cəfərov, millət vəkili, filologiya elmləri doktoru, Elnarə Akimova, filologiya elmləri doktorları, professorlar Məmməd Əliyev, Məhərrəm Qasımlı, Həsən Həsənov, filologiya elmləri doktoru Bəsirə Əzizəli, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli və başqaları çıxış edərək Bədirxan Əhmədlinin yaradıcılığının müxtəlif məqamlarına diqqət çəkərək onun nəcib insani keyfiyyətlərə malik ziyalı olduğunu bildirib, alimlə bağlı xoş xatirələrini bölüşüblər.

    Daha sonra Özbəkistanın Fərqanə Dövlət Universitetinin alimi Əkbər Sadinov, Azərbaycan Ağsaqqallar Şurasının aparat rəhbəri Ramin Həsənli, Qars Qafqaz Universitetinin nümayəndəsi Könül Qulusoy, eləcə də Daşkənd Uluqbəy adına Milli Universitetin əməkdaşları ədəbiyyatşünas alimi 70 illik yubileyi münasibətilə təbrik edib, təmsil etdikləri müəssisələrin Fəxri fərmanlarını, “Xalq qəzeti”nin baş redaktoru, Mətbuat Şurası idarə heyətinin üzvü Əflatun Amaşov isə Şuranın diplomunu professor Bədirxan Əhmədliyə təqdim edib.

     Tədbirdə Pakistan Ədəbiyyat Akademiyasının prezidenti, professor Nəcibə Arif, Pakistan İslam Respublikasının Müslim İnstitutunun direktoru, doktor Sahibzadə Sultan və Qırğızıstan-Türkiyə Manas Universitetinin alimi videoçarx vasitəsilə professor Bədirxan Əhmədliyə təbriklərini ünvanlayıblar.

    Sonda professor Bədirxan Əhmədli çıxış edərək ona göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirib.


Tarix: Вчера, 16:06 Oxunub: 62


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı