Müdrik Azərbaycan xalqı öz tarixi boyu bir çox görkəmli şəxsiyyətlər yetişdirmişdir. Xalqımızın yaddaşında əbədi qalan, hər zaman böyük hörmətlə anılan görkəmli şəxsiyyətlərdən biri də həkim - oftalmoloq, tibb elmləri doktoru, akademik, Azərbaycanın əməkdar elm xadimi, görkəmli alim, pedaqoq və eyni zamanda həssas, qayğıkeş, xeyirxah insan Zərifə xanım Əliyevadır.
Xeyirxahlıq, insanpərvərlik, ziyalılıq hələ sağlığında Zərifə xanımı əfsanələşdirmişdir. Alim kimi o, bir çox dəyərli əsərlər qoyub getmişdir. Onun irsi, elmi nailiyyətləri, pedaqoji təcrübəsi daim tədqiqat obyekti olmuşdur və bu gün də olaraq qalır.
Zərifə Əliyeva şəxsiyyətinin gücü, qüdrəti həm də, ona müraciət edən insanlara fədakarcasına xidmətində idi. Zərifə xanım yüksək insani keyfiyyətlərə malik bir şəxsiyyət idi. O, xəstələri yalnız işdə və klinikada deyil, hər yerdə, zərurət halında hər şəraitdə qəbul edir, onlara dəyərli məsləhətlər verir, heç kimi köməksiz, ümidsiz qoymurdu.
Görkəmli Akademikin həyat və fəaliyyətində uşaqlara diqqət və qayğı xüsusi yer tutdurdu. Böyük alim yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmir, o, respublikanın şəhər və rayonlarını bir - bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə - profilaktik tədbirləri həyata keçirirdi.
Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri məhz, Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. O, dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində - Moskva Elmi - Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Zərifə xanım Əliyevanın dissertasiya işi alim - oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində bir yenilik, ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.
Zərifə xanım hər zaman hər bir sahədə ön sırada idi. Hələ gənc yaşlarında elmi - tədqiqat mövzusunu müəyyənləşdirərkən respublika səhiyyəsi üçün çox böyük əhəmiyyət kəsb edən bir sahəni seçmişdi. Zərifə xanım dissertasiya üzərində işləyə - işləyə yüzlərlə, minlərlə xəstənin sağlamlığını özünə qaytararaq, uşaq evlərindəki çoxsaylı yetim uşaqları müalicə edir, bundan əlavə, mütəmadi olaraq respublikanın regionlarında olurdu.
Zərifə xanım həm də gözəl, qayğıkeş ana, vəfalı bir ömür - gün yoldaşı idi. Zərifə xanım Əliyeva əsl Azərbaycan xanımına xas olan bütün keyfiyyətləri özündə birləşdirərək hər zaman Ulu Öndərimizə dəstək olmuşdur. Ümummilli Lider Heydər Əliyev Zərifə xanım haqqında belə deyirdi: “Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur. Elə o da öz adını tarixin səhifələrində əbədiləşdirən, xatirələrdə hər zaman hörmətlə anılan, sayğı ilə yada salınan unudulmaz şəxsiyyətlərdən oldu. Çünki böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi.”
Akademik Zərifə xanım Əliyeva Heydər Əliyev ocağında ata - anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, vətənimizin qüruru sayılan iki övlad böyümüşdür, onlara hər zaman əsl ana qayğısı, ana nəvazişi göstərmişdir.
Heydər Əliyev kimi Dahi bir Şəxsiyyətin, Ümummilli Liderin , Böyük Xilaskarın ömür - gün yoldaşı olmaq, müdrik Azərbaycan xalqına İlham Əliyev cənabları kimi dünya şöhrətli bir Prezident, Müzəffər Ali Baş Komandan bəxş etmək, tibb elminə neçə - neçə yeniliklər gətirmək, özündən sonra bir çox dəyərli əsərlər qoyub getmək, oftalmologiya sahəsində yeni-yeni ixtiralar etmək, hansı ki, bu gün də bu ixtiralardan təkcə Azərbaycan deyil, bütün dünya oftalmoloqları bəhrələnir. Bütün bunlar ancaq və ancaq böyüklükdür, ucalıqdır, zirvədir! Belə zirvələrə yüksələn, sağlığında əfsanələşən insanlar isə ölmürlər, onlar əbədiyyətə qovuşurlar!
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər