Asif Cahangirovun elmi uğuru və ya pedaqoji elmə və təcrübəyə dəyərli töhfə - Fərrux Rüstəmov

 ATİA.AZ  saytı   Pedaqoji elmlər doktoru, Professor, əməkdar elm xadimi, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki  Rüstəmov Fərrux Abbas oğlunun  tanınmış təhsil eksperti,  Əməkdar müəllim  Asif Cahangirovun   “Təhsilimiz: dünəndən sabaha. Opti­mis­tin­ ba­xışları” kitabı haqqında dəyərli fikirlərini oxuculara təqdim edir:

     "Tanınmış təhsil eksperti,  Əməkdar müəllim Asif Cahangirovun   “Təhsilimiz: dünəndən sabaha. Opti­mis­tin­ ba­xışları” (Bakı, Şərq-Qərb, 2021,   384 s)  kitabını   birnəfəsə oxudum, etiraf edim ki, çox sevindim. Hər kitab öz­lüyündə bir xəzinə olmaqla yanaşı, həm də neçə-neçə xəzinələrə açardır. Son dövrlərdə digər elm sahələrində olduğu kimi, el­mi-pedaqoji sahədə də bir-birinin ardınca müxtəlif adda   kitablar, dərslik və dərs vəsaitləri nəşr olunur. Kitabın müəllifləri və mündəricatları fərqli olsa da, elə bil ki,   hamısı ey­ni qəlibdən çıxır. Fikir müxtəlifliyinə, plüralizmə, arqumentasiyalı və  isti­qa­mət­ve­rici  tənqidə, innovativ yanaşmaya, təhsilin metodoloji problem­lərinin (məq­səd, məzmun, metod, təşkili forması və s.)  inkişafına kömək edə biləcək fikir­lə­rə  rast gəlinmir. Nəşr olunan əsərlərdə dərin elmi təhlil çatışmır, təsvirçilik üs­tünlük təş­kil edir. Mövcud ədəbiyyatı tənqidi surətdə təhlil etmədən, həmin problem barəsində əvvəllər söylənilmiş baxışlara istinad etmədən, müqayisələr aparmadan nəticələr çıxarılır. Bir çox əsərlərdə çoxdan məlum olan pedaqoji həqiqətlərdən elə danışılır ki, guya bunlar həmin müəllifin kəşfləridir. Belələri məşhur fizik Paskalın məlum fikrini nədənsə unudurlar. O, həmişə deyərmiş: “Heç vaxt elə düşünməyin ki, hər han­sı bir fikir birinci sizin ağlınıza gəlibdir”. Çap olunmuş əsərlərin   heç də ha­mısı dərin məzmuna malik deyil, onlar müasir məktəbin tələbatına cavab vermir, çox zaman ümumi, nəzəri xarakter daşıyır: bilavasitə məktəb həyatı, pe­da­qoji təc­rübə və müəllimlə heç bir əlaqəsi olmur,  yeniliyin,   təhsildə gedən  struktur və məz­mun dəyişikliyinin  üstün əlamətləri görünmür. Bəzən də sadəcə tərcümədən ibarət ol­duğundan orijinallığı ilə seçilmir. 
     Əməkdar müəllim Asif Cahangirovun  oxucusulara təqdim etdiyi  “Təhsilimiz: dünəndən sabaha. Optimistin baxışları”  adlı kitab sadalanan qüsurlardan  uzaq   olmaqla yanaşı, həm də orijinallığı, strukturu, şərh  və təqdim etmə üslubu ilə  seçilir.   Kitabda  şərh edilən pedaqoji problemlər (ali təhsil,  orta təhsil, təhsilin idarə olunması, təhsil və həyat, məktəbəqədər təhsil və s.) həmişə təkmilləşmə və yeniləşmə tələb edən ənənəvi mövzular olsa da, onlara yanaşma, şərh və  təqdim etmə yenidir. Şərh edilən pedaqoji problemlər zaman və məkan, tarixilik və müasirlik müstəvisində dəyərləndirilir, elmi nailiyyətlərin pedaqoji və sosial dəyərə çevrilməsinin texnologiyası şərh edilir. Müəllif 90-cı illərdən başlayaraq Azərbaycan təhsilində baş verən yenilikləri, inkişafın istiqamətlərini şərh etməklə yanaşı, yol verilən qüsurları da sadalayır. Təkcə sadalayırmı? Xeyir, həm də yol verilən nöqsanların obyektiv və subyektiv səbəblərini müəyyənləşdirir, elmi cəhətdən əsaslandırır, dəqiq diaqnostlaşdırma aparır. Bununla da kifayətlənmir, həmin sahədəki nöqsanların aradan qaldırılması, tənəzzüldən tərəqqiyə çevrilməsi üçün parametrlər müəyyənləşdirir, elmi əsaslara  söykənən proqnostik fikirlər irəli sürür.
      Müəllifin təhsilimizin inkişafına xidmət edən orijinal fikirləri olduqca real və məntiqli görünür. Niyə? Çünki o, xarici təcrübədən süzülüb gələn, nəzəriyyə ilə təcrübənin vəhdətindən yaranan elmi yanaşma ilə çıxış edir.  Müəllif   şərh etdiyi problemlərə  yalnız praktik müəllim, tədqiqatçı alim, təhsil məmuru və ya  beynəlxalq təhsil eksperti  kimi yanaşmır. Çünki o, bu peşə sahiblərinə məxsus olan səriştələri özündə  kompleks şəkildə ehtiva edən  peşəkardır. İrəli sürdüyü  ideyalar ona görə inandırıcı görünür ki, baş verən pedaqoji  fakt və hadisəni kompleks şəkildə dəyərləndirməyi bacarır, eyni hadisəyə müxtəlif rakurslardan baxmağı, müəllim kimi, alim kimi, təhsil məmuru kimi, təhsil eksperti kimi, vətənpərvər ziyalı kimi düşünməyi, təhlil etməyi və ciddi ümumiləşdirmələr aparmağı  və təhsil quruculuğuna istiqamətləndirməyi bacarır.  Çünki hazırkı dövrdə Asif müəllim analitik qabiliyyəti, tədqiqatçılıq səriştəsi, müqayisə etmək bacarığı və yeni pedaqoji təfəkkür imkanlarına malik çox az təhsil araşdırıcılarından və  təhsili idarəetmədə də öz üslubu ilə seçilən ziyalılardan biridir. Azərbaycanda  təhsili idarəetmə sahəsində  Asif Cahangirov zirvəsi var. Bu zirvəni fəth etmək üçün  Asif müəllim  kimi yaşamaq, işləmək, əxlaqi-mənəvi dəyərlərə sahib olmaq,  obyektiv, prinsipial, xeyirxah,  təvazökar, işgüzar, peşəkar, ünsiyyətcil, yaradıcı  olmaq  lazımdır.
     Bu kitab elmlə təcrübənin  əməkdaşlığına, elmi ideyaların pe­da­qoji prosesə tətbiq olunmasına, dünya təhsilində aparıcı ideyaların önə çəkilməsinə, da­ha uğurlu inkişaf üçün ənənə və müasirliyin vəhdətinə, təhsil sistemində edilməli olan konseptual dəyişikliklərin istiqamətlərinin müəyyən­ləşdirilməsinə, təhsil­verənlərin müasirləşdirilməsinə, təhsilin məzmunun (tədris resurslarının)  təkmilləş­dirilməsinə,  təhsillə bağlı normativ-hüquqi bazanın möh­kəmləndirilməsinə, tədris tex­nologiyasının dəyişdirilməsinə   istiqamətlənmiş bir əsərdir. Şüurlu həyatını  mil­lətin övladlarının  təhsilinin inkişafına, təhsil sisteminin idarə edilməsinə  həsr etmiş optimist  təcrübəli   təhsil işçisinin istək və arzularıdır, Azərbaycanın Əməkdar müəlliminin  15 dərsidir.   Dərsin mövzularına diqqət yetirək:
 1) Beynəlxalq trendlər və ölkə ali təhsilinin aktual problemləri; 
 2) Bolonya bəyannaməsi: bəs biz hardayıq?
 3) Qloballaşan dünyada ali təhsil və reallıqlarımız;
 4) Ümumitəhsilin bəzi aktual məsələləri;
 5) Ümumtəhsil məktəbi: müəllim;
 6) Birləşdirici bucaq-dəyərlər;
 7) Məktəbəqədər təhsilə yaşıl işıq;
 8) Təhsilin idarə olunması: sovet ənənəsi hələ də yaşayır!
 9) 1951-ci ildən baxış: SSRİ və onun aqibəti;
 10) Stabillik, yoxsa inkişaf;
 11) Monitorinq: idarə etmənin müasirləşdirilməsində böyük addım;
 12) Təhsil ilə irəliyə doğru! Hansı təhsil ilə?
 13) Sovetdənqalma,yoxsa?
 14) ”Təhsil haqqında” Qanun: bir addım irəli, iki addım geri?
 15) Qanun qəbul edildi. Təqdir olunsunmu? 

   
        Bu “dərslər”də   iştirak etməyə, onu yeni pedaqoji təfəkkür işığında dəyərləndirməyə və öyrənməyə  böyük ehtiyac var. Çünki bu dərslərin  strukturu, məzmunu  ənənəvi deyil, yenidir. Müəllif əsəri hazırlayarkən  Azərbaycan, rus, ingilis dillərində  təhsillə bağlı çoxlu mənbələrlə, milli və beynəlxalq ekspertlərin təhsil bağlı hesabatları ilə tanış olub,  dünyanın tanınmış təhsilşünaslarından dərs alıb, Harvard Universitetində kurs keçib, “hər gizli xəznədən bir dürr çıxardaraq” (Nizami)  mükəmməl bir tədqiqat əsəri ərsəyə gətirib.
  Hesab edirəm ki,  dünya təhsilində baş verən yeniliklərlə tanış olmaq, özünü təkmilləşdirmək, ölkədə gedən təhsil islahatının mahiyyətini aydın dərk etmək istəyən hər kəs Asif müəllimin “dərslər”ində iştirak edəcək, bu kitab təhsil ictimaiyyətinin stolüstü kitabına çevriləcək.  Kitab müəllifin 10 il əvvəl yazdığı məqalələr  əsasında formalaşdırılsa da, müasirliyi, yeniliyi, konseptuallığı və hədəflərin düzgün müəyyənləşdirilməsi ilə diqqəti cəlb edir. 
    Kitabın elmi redaktoru Ənvər Abbasovun təbirincə desək, bu kitab müasir düşüncənin, həmçinin operativ və strateji məsələlərə qeyri-standart yanaşmanın nəticəsi kimi meydana çıxmışdır. Orada olan faktlar, arqumentlər milli olduğu qədər də bəşəriliyi ilə diqqəti cəlb  edir.
       Kitabın digər bir orijinallığı əlyazmasına verilən rəylərdən qısa çıxarışların verilməsidir. Xarici ədəbiyyatlarda çoxdan ənənə halını alan bu yanaşma kitab haqqında ilkin təsəvvürün yaranmasında böyük rol oynayır. Professor Hikmət Əlizadənin fikrincə, bu kitabda Azərbaycan təhsilində baş verən dəyişikliklərin retrospektiv  mənzərəsi verilmişdir.  Təhsil nazirinin müşaviri, fəlsəfə doktoru Elnur Nəsibov  isə   “dialoqlar formasında yazılan, maraqlı təşəbbüslərlə zəngin olan”   bu kitabı “müəllifin özünün  təhsilin inkişaf  xəritəsi”  hesab edir.  Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri, fəlsəfə doktoru Mehriban Vəliyeva “pedaqoji elmə və təcrübəyə dəyərli töhfə”,  Təhsil Nazirliyinin sektor müdiri, fəlsəfə doktoru Cəsarət Valehov isə “təhsilin bu günü və gələıcəyinə yönəlik”  kitab kimi dəyərləndirirlər. 
   Əməkdar müəllim  Asif Cahangirovu  daha yaxından tanımaq, onun konseptual fikirləri ilə tanış olmaq üçün “Təhsilimiz: dünəndən sabaha. Optimistin baxışları” kitabını  oxumağa dəyər. Çünki bizim kimliyimizi oxuduğumuz kitablar   müəyyən edir. Qeyri-standart üslubda yazılan bu kitabın yeni nəsil təhsil tədqiqatçılarının pedaqoji təfəkkürünün və yazı zövqünün  formalaşdırılmasında, praktik müəllimlərimizin pedaqoji təcrübəsinin zənginləşməsində  mühüm rol oynayacağı şübhə doğurmur. 
 
Fərrux Rüstəmov, 
ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, 
pedaqoji elmlər doktoru, professor, 

Əməkdar elm xadimi


Tarix: 21-03-2021, 08:04 Oxunub: 1 786


Bölməyə aid digər xəbərlər