16:42 / 28-03-2024
Əməkdar artist vəfat etdi
Samir Qurbanov: “İşğal altındakı ərazilərdə qanunsuz fəaliyyətə beynəlxalq səviyyədə reaksiya verilməlidir”

İşğal edilmiş ərazilərdə Azərbaycanın təbii sərvətlərinin ermənilər tərəfindən talan olunması dünya dövlətlərinin diqqət mərkəzində olmalıdır. Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü artıq 30 ildir ki, davam edir. Bu müddət ərzində Ermənistanın təcavüzkar və işğalçı siyasəti onun tərəfindən müxtəlif müstəvilərdə  həyata keçirilən qanunsuz fəaliyyətlərdə intensiv şəkildə özünü büruzə verməkdədir. Ermənistan hakimiyyətinin Azərbaycana qarşı təcavüzü dəstəkləməyə yönəlmiş fəaliyyəti, heç bir əsası olmayan yalanların beynəlxalq ictimaiyyətə həqiqət kimi təqdim edilməsi cəhdləri, habelə Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyətlərin həyata keçirilməsi istiqamətində addımları sözügedən işğalçı siyasətin ayrılmaz tərkib hissəsidir.
Bunu Oxu.Az-a açıqlamasında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov bildirib.
O bildirib ki, işğalçı rejim tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində mövcud olan faydalı qazıntılar, əlvan və qara metallar, mineral sular, həmçinin digər şirin su resursları, meşə fonduna daxil olan torpaqlar amansız istismar olunur, flora və fauna sistemli şəkildə məhv edilir:
“Rəsmi məlumatlara əsasən, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində özündə müxtəlif növ faydalı qazıntıları birləşdirən 163 yataq yerləşir. Məlumdur ki, Azərbaycan Respublikasının mineral ehtiyatlarının böyük bir hissəsi məhz işğal olunmuş ərazilərdə yerləşir. Azərbaycanın Kəlbəcər, Laçın, Tərtər, Ağdam ərazilərində yerləşən qızıl, gümüş, mis, molibden, civə yataqları, Cəbrayıl, Kəlbəcər, Laçını əhatə edən dəmir, xrom yataqları, Tərtərdə, Kəlbəcərdə yerləşən kükürd, Ağdam, Füzuli, Cəbrayıl ərazilərindəki qum, çınqıl, gil və digər faydalı qazıntı yataqlarında işğalçı Ermənistan tərəfindən qeyri-qanuni və intensiv şəkildə kəşfiyyat və hasilat işləri aparılır. İşğal olunmuş ərazilərdə aparılan bu cür qeyri-qanuni fəaliyyət nəticəsində əldə edilən gəlir işğalçı rejimin maliyyə təminatının çox böyük bir hissəsini təşkil edir. Qeyd etmək lazımdır ki, bu cür qeyri-qanuni fəaliyyətə bir çox xarici şirkətlər cəlb edilib ki, onların sırasında “Vallex Group”, “Base Metals”, “GeoProMining”, “GoldStar” və digər şirkətlərin adlarını çəkmək olar”. 
Agentliyin İdarə Heyətinin sədri bildirib ki, Azərbaycan Respublikası işğal olunmuş ərazilərimizdə Ermənistan tərəfi və onun xarici tərəfdaşları tərəfindən aparılan qeyri-qanuni fəaliyyətin ifşa olunması və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üzrə sistemli tədbirlər görməkdədir:
“Belə ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən 2016-cı ildə “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabat dərc edilib və bu hesabatda faydalı qazıntıların hasilatı da daxil olmaqla, qeyri-qanuni iqtisadi fəaliyyətin bütün aspektləri barədə müfəssəl məlumat açıqlanıb. Hesabatda həmçinin, bu cür fəaliyyətin beynəlxalq hüquq müstəvisində yaratdığı nəticələr də geniş şəkildə şərh edilib. Belə ki, Ermənistan Respublikasının apardığı qeyri-qanuni iqtisadi fəaliyyət 1949-cu ildə qəbul edilmiş “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” Cenevrə Konvensiyasının, “Quru müharibəsinin qanun və adətləri haqqında” IV Haaqa Konvensiyasının, habelə insan hüquqları sahəsində  mövcud beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur və bu, Ermənistan Respublikası üçün məsuliyyət doğurur. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən işğal olunmuş ərazilərdə qanunsuz sahibkarlıq fəaliyyəti göstərən, habelə Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçən Ermənistan və əcnəbi vətəndaşlar barədə cinayət işləri açılıb, istintaq tədbirləri həyata keçirilib və bu şəxslər barədə milli cinayət qanunvericiliyinin imkanları daxilində müxtəlif tədbirlər görülüb.
İşğal olunmuş ərazilərdə aparılan qeyri-qanuni fəaliyyətə dair görülən tədbirlər qismində “AzerGold” QSC dövlət şirkəti tərəfindən işğal olunmuş ərazilərdə əlvan metalların qeyri-qanuni hasilatını aparan şirkətlərə dair cinayət işinin açılması təşəbbüsü ilə AR Baş Prokurorluğuna müraciət edilməsini də vurğulamaq istərdim. Bu müraciət və təqdim edilmiş materiallar əsasında 2018-ci il ilin mart ayında müvafiq cinayət işinə başlanılıb və əlaqəli istintaq tədbirləri hazırda davam etdirilir. Həmçinin, “AzerGold” QSC bu cür qeyri-qanuni hasilatın beynəlxalq müstəvidə müxtəlif instansiyalarda hüquqi qiymət alması üçün peşəkar beynəlxalq və yerli hüquq şirkətlərini layihənin icrasına cəlb edib.
İşğal olunmuş ərazilərdə aparılan qeyri-qanuni fəaliyyət haqqında danışarkən, bu ərazilərdə ətraf mühitə, ekosistemə, flora və faunanın vahidliyinə vurulan sistemli zərbələri də xüsusi qeyd etmək lazımdır. Təkrar qeyd edim ki, Azərbaycan ərazilərində erməni işğalçıları və onların tərəfdaşları tərəfindən əlvan, qara metalların, habelə mineral su, ümumi yayılmış faydalı qazıntıların intensiv şəkildə hasilatı həyata keçirilir. Bu cür hasilatın həyata keçirilməsi zamanı ekoloji tələblərə heç bir formada əməl edilmir, resurslar faktiki olaraq Azərbaycan qanunvericliyi və beynəlxalq standartlarla müəyyən edilmiş istehsalat həcmlərini dəfələrlə aşmaqla hasil olunur, zəhərli tullantıların yerli sututarlara, çaylara axıdılmasının qarşısını almaq üçün heç bir tədbir görülmür. Bu isə, öz növbəsində, mineral və digər yataqların məhv edilməsinə, böyük həcmdə torpaq sahələrinin zəhərlənməsinə, şirin və içməli su mənbələrinin yararsız hala düşməsinə səbəb olur. İşğal olunmuş ərazilərdə müşahidə edilən digər kəskin problem çay şəbəkəsinin ciddi ziyana uğramasıdır. Belə ki, işğalçı rejimin yerli çayların üzərində çoxsaylı kiçik elektrik stansiyaları qurması səbəbindən çaylarda sululuğun kəskin azalması, həmçinin bu çaylarda yaşayan canlı növlərinin kütləvi məhv olması barədə məlumatlar ictimai açıq mənbələrdə yayımlanır”.
S.Qurbanovun sözlərinə görə, Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə mütəmadi olaraq yanğınların törədilməsi də sadalanan ekoloji cinayətlər sırasına daxildir. Bu cür yanğınların nəticəsində çox böyük həcmdə torpaq sahələri yararsız hala düşür, zəngin meşə fondu torpaqları məhv olmaq təhlükəsi altında qalır, yandırılan torpaq sahələrində mövcud olan flora və fauna nümunələri məhv edilir:
“İşğal olunmuş ərazilərdə Azərbaycanın təbii sərvətlərinin amansızcasına hasilatı, bu sərvətlərin işğalçı qüvvələrin ərazilərimizdə mövcudluğu və hərbi əməliyyatlar aparılması üçün əsas maliyyə mənbəyi olması, habelə işğal altında olan ərazilərin təbiətinin, endemik nümunələrin, flora və faunasının məqsədli və sistemli şəkildə məhv edilməsi yalnız Azərbaycan Respublikasının deyil, bütün digər dövlətlərin, beynəlxalq ətraf mühit fəallarının diqqət mərkəzində olmalıdır. Çünki ətraf mühitin qorunması məsələləri universal xarakter kəsb edir və yalnız bir dövlətin sərhədləri ilə məhdudlaşmır.
Bu cinayətlər və onların zəncirvari qaydada törətdiyi nəticələr dünya ictimaiyyəti tərəfindən qiymətləndirilməli və onların önlənməsi üçün beynəlxalq səylər Azərbaycan Respublikasının səyləri ilə birləşdirilməlidir. Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində aparılan qeyri-qanuni iqtisadi fəaliyyətlərə müvafiq beynəlxalq instansiyalar və mexanizmlər çərçivəsində mütləq şəkildə hüquqi qiymət verilməlidir”.


Tarix: 24-07-2020, 17:56 Oxunub: 790


Bölməyə aid digər xəbərlər