"Dahi Rəhbəri xoşbəxt edən Böyük İnsan" - Polad Ağakişiyev:

   Azərbaycan tarixində xalqın   yaddaşında əbədi yaşayan  yüzlərcə parlaq şəxsiyyət olmuşdur ki, onların hər birinin həyatı, yaradıcılıq yolu bugünkü nəslə bir örnəkdir. Belə şəxsiyyətlərdən biri də  ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim Zərifə  xanım Əliyevadır. Ulu Öndər Heydər Əliyev hələ 1995-ci ildə Zərifə xanımın vəfatının 10-cu ildönümdə  belə demişdir: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür. Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib. Eyni zamanda, qəmli gündür. On il keçsə də, mən bu qəmdən ayrıla bilmirəm.” Bu sözlər Dahi Rəhbər, Ulu Öndər Heydər Əliyevin öz ömür - gün yoldaşı böyük insan Zərifə Əliyeva haqqında dediyi öz ürək sözləri, öz ülvi hissləridir. 
    Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapmışdır. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyeva respublikada yüksək ixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır. O, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, «Yüksək etimad» kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Zərifə xanım Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım həmişə tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Zərifə xanım heç zaman gərgin işdən usanmamış, həmişə ürəkdən və ilhamla çalışmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.
     Yüksək elmi fəaliyyəti ilə yanaşı Zərifə xanım eyni zamanda qayğıkeş ana, gözəl, vəfalı bir ömür-gün yoldaşı idi. Heydər Əliyev ocağında ata-anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, vətənimizin qüruru sayılan iki övlad böyümüşdür. Tanrının bəxş etdiyi övladlarına qarşı Zərifə xanım hər zaman əsl ana qayğısı, ana nəvazişi göstərmişdir. Zərifə Əliyeva əsl Azərbaycan xanımına xas olan bütün keyfiyyətləri özündə birləşdirərək hər zaman Ulu Öndərimizə  dəstək olmuşdur. Gənc  nəslin milli-mənəvi tərbiyəsində mühüm nümunə yaradan akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına mühüm töhfələr vermiş, vətən naminə, Azərbaycan naminə misilsiz işlər görmüşdür. Qədirbilən Azərbaycan xalqı Ulu Öndərimiz kimi Zərifə xanımın da əziz xatirəsini daim uca tutur, onu böyük ehtiramla yad edir.

Polad Ağakişiyev
YAP Qazax rayon təşkilatının məsləhətçisi


Tarix: 14-04-2023, 15:50 Oxunub: 203


Bölməyə aid digər xəbərlər