21:30 / 20-04-2025
Kərəm İncəli -80
08:30 / 18-04-2025
"İlham Pirməmmədov - 70"
Kərəm İncəli -80


20 aprel 2025-ci ildə  Beynəlxalq Muğam Mərkəzində Ustad aşıq  Kərəm  İncəlinin  80 illik  yubileyinə həsr olunmuş tədbir keçirildi. İlk  öncə Çiçək Mahmudqızının Ustad aşıq  Kərəm  İncəli haqqında hazırladığı videoçarx tamaşaçılara təqdim olundu. 

                                   QISA TƏQDİMAT

Aşıq Kərəm İncəli  (Kərəm Süleyman oğlu Nəsibov) 1945-ci il martın 11-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Ustadı Aşıq Kamandar olmuşdur. Aşıq sənətinə 1960-cı illərdən başlamışdır.

Məclislərdə, respublikanın mədəniyyət tədbirlərində, festival və müsabiqələrdə iştirak edərək diplomlara layiq görülüb. Aşıqların IV qurultayında iştirak etmişdir.  İlk saz məktəbinin Qazax rayonu üzrə yaradıcısı, elinin sevimli saz-söz ustadı olmusdur.

Azərbaycan Aşıqlar Birliyinin üzvü, Qazax Aşıqlar Birliyinin sədri olmuş,  Aşıq İlham Aslanbəyli, Saməddin Vəliyev, Mahal Pənahov, Alı Cəfərov, İmralı Məmmədov, Akif Manafov və bir çox aşıqlara ustadlıq etmişdir.

Aşıq Kərəm İncəli 1995-ci il martın 11-də vəfat etmişdir. Aslanbəyli kəndində dəfn olunmuşdur.

  2016-cı ildə  “UniCild” nəşriyyatında   Qazax aşıq mühitinin görkəmli nümayəndəsi aşıq Kərəm İncəlinin  şeirləri və ona ithaf olunmuş şeirlərdən ibarət   “Çağla, telli sazım, çağla” adlı kitab çap olunmuşdur.  Kitabın məsləhətçisi professor Məhərrəm Qasımlı, tərtibçisi şair Rəfail İncəyurd, rəssamı isə Məmməd Dəmirçioğlu olmuşdur.  Şair Barat Vüsal tərəfindən  kitaba  “O zirvə dərədə bir aşıq vardı…” adlı  “Ön söz” yazılmışdır.

    Tədbirin aparıcısı Ramiz Göyüşov, akademik Nizami Cəfərov,  Filologiya üzrə fəlsəfə doktoru, dosent   İlhamə Qəsəbova, Cümşüd İsgəndərli, Rafayıl İncəyurd və digərləri ustad aşıq Kərəm İncəli haqqında fikirlərini və maraqlı  xatirələrini bölüşdülər.

Ustadın yetirməsi İlham Aslanbəyli, aşıq Zülfiyə İbadova, Ramin Qarayev,   Azərbaycan Respublikasının Əməkdar artisti Gülüstan Əliyeva, qocaman aşıq Cahangir Gədəbəyli, Rəvanə Qurbanova, Leyla Camal, Şahin Qazaxlı, Maarif Mustafaoğlu, Azərbaycan Respublikasının xalq artisti  Gülyaz Məmmədovanın ifaları tamaşaçılar tərəfindən rəğbətlə və alqışlarla qarşılandı. 

  “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli  Kərəm İncəlinin gənc yaşlarında səhnədə Dədə Ələsgər obrazını ustalıqla canlandırmasından danışdı və Kərəm Nəsibovun  “Dədə Ələsgər Ocağı” İctimai Birliyi  tərəfindən təsis edilmiş "Aşıq Ələsgər-200" yubiley medalı ilə təltif olunduğunu bildirdi. "Aşıq Ələsgər-200" yubiley medalı  Xətai Ələsgərli tərəfindən ustad sənətkarın oğlu Valeh Nəsibova təqdim olundu.

Sonda Kərəm İncəlinin nəvəsi Muradın ifasında saz havası ifa olundu.

Tədbirin ərsəyə gəlməsində böyük əməyi olan Qazax Xeyriyyə İctimai birliyi   İdarə Heyətinin sədri İlham Pirməmmədova və Sultanxanım Nəsibovaya təşəkkür edirik.

Aydın Adıgözəlli


Tarix: Вчера, 21:30 Oxunub: 49


Bölməyə aid digər xəbərlər
19-07-2024, 18:45 AŞIQ CAMOY QURBANOV - 70
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
17-01-2025, 11:07 Yüksək sosial rifah naminə