Bazar günü, 18 may 2025, 21:53:53  
GÜLNARƏ İSRAFİL BAĞÇASINDAN BİR YARPAQ

 Gülnarə İsrafil    Gədəbəy rayonunun Qarıkənd kəndində doğulub, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Torpaq adamlar" "İki" "Sirran"  adlı şeir kitablarının müəllifidir. Onun bu yaxınlarda "Daşın bağrında bir daş" adlı şeir kitabı əski Azərbaycan əlifbası ilə öz ana dilimizdə Urmiya şəhərində işıq üzü görüb. 2002-ci ildən müxtəlif qəzet və jurnallarda çap olunur. "Düşünürəmsə varam", "Zərrələr" adlı layihələrin müəllifidir. Kitabları "Turuz" və "Milli kitabxana" saytlarında dərc edilib. Ədəbiyyat nümunəsi olan bir neçə kitabların redaktorudur. Hal-hazırda jurnalist olaraq fəaliyyət göstərir.


              YATIR

Qanına qəltan olmuş ruh beşiyim yırğalan,

Torpağın göbəyində ninni çalanım yatır.

Bir hissəmdə can tapıb, şəkillənən suletim, 

Ruh evimin içində ruha çalanım yatır. 


Çəkilibdir istisi saçlarımın dibindən, 

Əllərimin əlindən, dizlərimin gəlindən, 

Közlərimin külündən, "öz" lərimin ərindən, 

Ömrümü səhərlədən nuru, toranım yatır.


Onurğa sütunumdan iki dalım yarılmış, 

Vücudum ölməməkçün vücuduna sarılmış, 

Ətrafımda nə var, yox, qanrılmış və qaralmış, 

Yan-yana qəbirində "Xan" ım olanım yatır...


Gülnarə İsrafil


Tarix: 28-04-2025, 19:10 Oxunub: 545


Bölməyə aid digər xəbərlər