Avropada “dirilib”, qayıdan dahi - OMƏR XƏYYAM

Alim, şair, filosof, riyaziyatçı, astronom, dinsiz, əyyaş, heliosentrik nəzəriyyəsini Kopernikdən çox-çox əvvəl söyləmiş alim, ən dəqiq təqvimi hazırlayan, elmdə müstəsna xidmətləri olan ən böyük alimlərdən biri, rübaini bütün dünyada müstəsna şöhrətə çatdıran şair və s. və i.a. – bütün bu təqdimatların bir daşıyıcısı var – Ömər Xəyyam (1048-1131)
   Ömər Xəyyam Səlcuq dövlətinin Xorasan vilayətinin Nişapur şəhərində anadan olmuşdur.
AMEA-nın müxbir üzvü Zakir Məmmədov ilk dəfə olaraq göstərmişdir ki, böyük filosof, riyaziyyatçı, rübailər ustası kimi məşhur olan Ömər Xəyyam Bəhmənyarın şagirdidir. O, ensiklopedik alim İbn Sinanın "İşarələr və qeydlər" kitabını öz müəlliminin yanında mütaliə etmişdir.
Gənc yaşlarında doğma şəhərini Nişapuru tərk etmiş və uzun sürən məşəqqətlərdən sonra Səmərqənddə qərar tutmalı olur. 1074-cü ildə İsfahana rəsədxanaya rəhbərlik etmək üçün dəvət alır. 1092-ci ildə ona hamilik edən səlcuq şahı Məlik şahın və vəziri Nizam-əl Mülkün vəfatından sonra İsfahanı tərk etməli olur.
Yenə sərgədan yaşam tərzinə məhkum olunan Xəyyam bir müddət Mərvdə Məlik şahın varislərindən birinin sarayında işləyir, amma ona çox arzuladığı yeni rəsədxana açmaq qismət olmur.
Həm Şərqdə və ələxsus Qərbdə özünün müdriklik, yumor və satira dolu, bəzən də bir qədər qaba səslənən rübailəri ilə məşhurdur. Şərqdə uzun müddət yaddaşlardan silinən Xəyyam rübailəri Avropaya Edvard Fitsjeraldın tərcümələri ilə qədəm qoyur və görünməmiş uğur əldə edir.
Ömər Xəyyam həm də bütün dövrlərin ən böyük riyaziyatçılarından biri olmuşdur. "Riyazi problermlərin nümayişinə dair" traktatı ilə riyaziyyat elminin inkişafına misilsiz töhfələr vermişdir. Bu əsərində Xəyyam üçdərəcəli tənliklərin həllini ilk dəfə həndəsi yolla – hiperbola ilə dairənin kəsişməsindən almışdır. Onun Günəş sisteminin heliosentrik nəzəriyyəsini Kopernikdən çox-çox əvvəl irəli sürməsi də bildirilir.
Xəyyam evlənməyib, qapalı həyat tərzi keçirib. Onu anlaya bilməyən, yaxud anlamaq istəməyən ruhanilərin daimi təqiblərindən həmişə qorxu içində yaşayıb. Onun ölüm tarixi təqribən 1123-cü ilə düşür. Yazılanlara görə, o, həyatının son saatlarında İbn Sinanın "Şəfa kitabı"nı diqqətlə oxuyurmuş. "Tək və cəm" bölməsinə çatanda səhifələr arasına əlfəcin qoyub və yanındakılara vəsiyyət etməkdən ötrü lazımi adamları çağırmaq tapşırığı verib. Bütün günü heç nə yeməyib, heç su da içməyib. Axşam namazını başa çatdırandan sonra səcdəyə gedərək deyib: "Ay Allah, Sən bilirsən ki, mən Səni imkanım daxilində dərk etmişəm. Məni bağışla, mənim idrakım Sənin qarşında xidmətimdir". Bununla da canını tapşırıb.
Ömər Xəyyam yaxınlarına deyirmiş ki, "Qəbirim elə yerdə olacaq ki, yaz fəslində əsən meh onu çiçəklərə qərq edəcək". Doğrudan da, belə olub. Qonşu bağın armud və qaysı ağaclarının qəbiristanlıq hasarından sallanan güllü-çiçəkli budaqları böyük mütəffəkkirin qəbrinə çətir tuturmuş.

Şərqdə uzun müddət yaddaşlardan silinən Ö.Xəyyam, 1859-cu ildə ingilis şairi Edvard Fitscerald tərəfindən tərcümə olunub “Ömər Xəyyamın rübailəri” adlı kitab buraxılandan sonra bütün Avropada, Amerikada, hətta Avstraliya və Yeni Zellandiyada da məşhurlaşdı. Sevənlərin məktublarının bəzəyi oldu Ö. Xəyyamın rübailəri. XIX əsrin sonunadək bu kitab təkcə İngiltərədə 25 dəfə böyük tirajla təkrar nəşr olundu.
Ö.Xəyyamı Şərqdə yaddan çıxaran ən başlıca səbəblərdən biri, onun Nişapurdakı qəbrinin uzun müddət din adamları tərədindən təhqir olunması oldu.
Zahid, tənə vurma bizə sən mudam,
Deyilik dünyada sənin kimi xam...
Sənin istədiyin namaz, təsbehdir
Mənim sevgilimdir canan, bir də cam.

Bir ot ki, göyərib çay qırağından,
Bitib bir dilbərin al dodağından.
Asta gəz, çəməndə hər qızıl lalə,
Çıxıb gözəllərin boz torpağından. 

Yaradan dünyanı neyçün yaratdı,
Sonra dəyişməyə niyə əl atdı?
Bütün gözəlliklər məhvə nə layiq,
Çirkinsə, nə üçün qüsura batdı.

ÖMƏR XƏYYAMIN fəlsəfi əsərləri qısa və lakonikdir. (Yazılarının çoxu məhv edilmişdir.) Yaratdığı təqvim isə, Qriqori təqvimindən 7 saniyə daha dəqiqdir. 
Bəşəriyyət bu təqvimdən məmmuniyyətlə istifadə edərdi, əgər o, avropalı olsaydı.











Mahir Bayram, ATİA.AZ


Tarix: 17-02-2021, 08:50 Oxunub: 584


Bölməyə aid digər xəbərlər