Qaçırılan qızlarla bağlı məsələdə qanunda daha ciddi cəza tədbirləri görülməlidir. Bu, insanların evlənməsinə sərt reaksiya kimi başa düşülməməlidir.
ATİA.AZ xəbər verir ki, bunu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədri Bahar Muradova deyib. Komitə sədri həmçinin uşaqların əməyinin istismar olunmasına da diqqət çəkib.
10-cu sinif şagirdi evlənmək üçün qaçıb. Bu gün Ağdam rayonunda 16 yaşında qız uşağının qaçırılması ilə bağlı məlumat yayılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, keçirilmiş tədbirlərlə həmin qız tapılaraq ailə üzvlərinə təhvil verilib. O, izahatında evlənmək məqsədi ilə öz razılığına əsasən getdiyini bildirib.
Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədri Bahar Muradova məsələyə münasibət bildirərkən qeyd edib ki, komitənin Ağdamda mərkəzi var və mərkəz həmin hadisə ilə məşğuldur. Hazırda ailəsinə qaytarılan qızın psixoloji vəziyyəti ilə bağlı tədbirlər görülür. Komitə sədri həmçinin əlavə edib ki, bu kimi hadisələrin qarşısını almaq üçün daha ciddi addımlar atılmalı və cəza tədbirləri daha da sərtləşdirilməlidir
Bahar Muradova diləndirilən uşaqlarla bağlı məsələdən danışarkən bildirib ki, küçədə azyaşlıların diləndirilməsi cəmiyyətimizi, gələcəyimizi təhdid edən bir məsələdir. O, qeyd edib ki, böyük insanların əlində azyaşlı uşaqlar qazanc vasitəsi kimi istifadə olunur.
Komitə sədri əlavə edib ki, bu kimi məsələlərin hər birinin kökündə ailə modeli dayanır. Uşağın atacağı hər bir addımın təməli ailədən qoyulur. Möhkəm ailə gələcəkdə möhkəm uşaq deməkdir.
Bölməyə aid digər xəbərlər