Orta məktəblərdə valideyn komitəsi adlanan kiçik qruplar mövcuddur. Hər sinifdə şagirdlərin valideynləri qarşılıqlı əlaqə və lazım olan məlumatlardan vaxtında xəbər tutmaq üçün bu komitədə toplaşır. Bununla yanaşı bir çox hallarda bu komitələrin mənfi fəaliyəti ilə qarşılaşırıq. Buraya pul yığılması, məktəb rəhbərliyindən xəbərsiz tədbirlər keçirilməsi və digər fəaliyyətlər aiddir.
Təhsil eksperti Elnur Aydın bildirib ki, valideyn komitələrinin vəzifəsi təhsil prosesinə dəstək vermək, məktəb və ailə arasında əlaqələri möhkəmləndirmək və məktəbin idarəetməsində valideynlərin iştirakını təmin etməkdir:
“Məktəbdə valideyn komitələri yarandıqda mütləq fəaliyyət planı və nəzarət mexanizmi də müəyyən olunmalıdır. Təəssüf ki, bir çox hallarda valideyn komitələri öz missiyasını həyata keçirmək əvəzinə qanunsuz pul yığımı, valideynlərin təzyiq altına saxlama kimi mənfi işlərlə məşğul olur. Valideyn komitələrinin düzgün formada fəaliyyət göstərmədiyi tez-tez üzə çıxır. Valideyn komitələrinin fəaliyyət planı və nəzarət mexanizmi olmadığı hallarda valideyn komitələrinin işində neqativ hallar çoxalır. Qanunsuz fəaliyyət riski artır”.Ekspert qeyd edib ki, valideyn komitələrinin fəaliyyətinə dair qaydalar və nəzarət olmadıqda, neqativ halların çoxalması üçün münbit şərait yaranır:
“Valideyn komitələrinin yaradılması məktəb rəhbərliyinin yanaşmasına bağlıdır. Zərurət gördükdə valideyn komitələrini yarada, ehtiyac duymasa yaratmaya bilər.Təhsil qanunvericiliyində məktəblərdə valideyn komitələrinin mütləq yaradılması barədə tələb yoxdur. Valideyn komitələrinin düzgün fəaliyyət göstərərsə, məktəb həyatında yaxşı töhfələr verə bilər. Komitələrin düzgün işləməsi valideynlərin məktəb həyatında fəal iştirakına şərait yaradar”. Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndinin sözlərinə görə, valideyn komitələri müəyyən məsələlər olmasa, valideynlərlə kommunikasiya baxımından uğurlu ola bilər:
“Sadəcə olaraq təəssüflər olsun ki, istisna hallarda valideynlər komitəsi və komitə sədri konkret olaraq pul yığmaq funksiyası yerinə yetirirlər. Adətən müəyyən günlər, ad günləri, bayram tədbirləri kimi məsələlərdə komitənin sədri hansısa təşəbbüs irəli sürür. “Pul yığaq müəllimə hədiyyə alaq, tədbir keçirək” vəs kimi fikirlər ortaya atılır. Belə olanda da bu məktəbin imic və nüfuzuna xələl gətirir”.
E.Əfəndi qeyd edib ki, təhsil müəssisəsində valideyn komitəsi formalaşırsa, məktəb rəhbərliyi həmin komitə üzvləri və komitə sədri ilə danışmalıdır: “Bildirilməlidir ki, komitə öz arasında hansısa təşəbbüs irəli sürərək məktəbdən icazəsiz tədbirlər həyata keçirməsinlər. Konkret olaraq bu istiqamətdə nəzarət mexanizmi tətbiq olunmalıdır və həmin mexanizmə nəzarət təhsil müəssisəsi rəhbərliyinin ixtiyarında olmalıdır. Valideyn komitəsinin sədri özbaşına hansısa ödəniş tələb etmək, valideynlərdən pul yığmaq təşəbbüsü ilə çıxış etməməlidir”.
Bölməyə aid digər xəbərlər