ABŞ Dövlət Departamentin 2021-ci il üçün dərc etdiyi Ümumdünya Dini Etiqad Azadlığı Hesabatında Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində mədəni irs obyektlərinin dağıdılması faktı da qeyd olunub. Hesabatda deyilir ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə görə məsuliyyət daşıyır. O cümlədən, söhbət son 30 ildə Ağdam, Füzuli və digər rayonların tamamilə dağıdılmasından, talan edilməsindən gedir.
“Ermənistanın işğalı dövründə yüzlərlə obyekt, o cümlədən məscidlərin, ziyarətgahların və qəbiristanlıqların əksəriyyəti talan edilib, vandalizmə məruz qalıb, təhqir edilib və dağıdılıb. Beynəlxalq fotojurnalist Reza Deqati Füzuli, Ağdam, Zəngəlan, Kəlbəcər və Cəbrayılda onlarla Azərbaycan qəbiristanlığının sistemli şəkildə dağıdılmasını sənədləşdirib. Qəbirlər murdarlanıb və bəzi hallarda qarət edilmək üçün qazılıb, müəyyən yerlərdə isə ağır tikinti maşınları tərəfindən dağıdılması və ekshumasiya izləri aşkarlanıb. Bir çox qəbirlərdə ölülərin qəbir daşlarına həkk olunmuş şəkilləri oyulub, çəkic və ya oxşar əşyalarla dağıdılıb. Bundan əlavə, meyitlərin qızıl dişləri çıxarılıb, kəllə və sümükləri qəbiristanlıqların ətrafına səpələnib. Deqatinin sözlərinə görə, erməni məzarlarına praktiki olaraq toxunulmayıb”, – hesabatda deyilir.
Bundan əlavə, sənəddə qeyd olunur ki, Azərbaycanın işğaldan azad etdiyi ərazilərin geniş miqyasda minalanması şəhər və kəndlərdəki dini ocaqların böyük əksəriyyətinə girişi mümkünsüz edib. “Əhəmiyyətli dini obyektlərin dağıdılmasına misal olaraq Füzuli rayonundakı 19-cu əsrə aid Hacı Ələkbər və Ağdamdakı Cümə məscidini göstərmək olar. Ağdamdakı qəbiristanlıqlar, o cümlədən İmarət Qərvənd qəbiristanlığında 18-ci əsrə aid müqəddəs və tarixi qəbirlər təhqir və ya talan edilərək dağıdılıb”.
Bölməyə aid digər xəbərlər