Tarixi Qələbədən sonra Türk dünyasının mədəniyyət paytaxtı Şuşa BMT və digər nüfuzlu təşkilatların tədbirlərinin əsas ünvanına çevrilib. 2022-ci ilin 28 aprelində keçirilmiş “Cənubi Qafqaz : İnkişaf və Əməkdaşlıq” adlı konfransa dünyanın nüfuzlu beyin mərkəzlərinin Şuşada toplaşması heç də təsadüfi deyil. Bu tədbirin keçirilməsi bir daha təsdiq edir ki, Azərbaycan Cənubi Qafqazda əsas söz sahibidir və diqtə edən tərəfdir.
Ölkəmizin gündən – günə inkiaf edərək güclənməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin son 19 ildə yürütdüyü məqsədyönlü və uzaqgörən siyasətin məntiqi nəticəsidir. Ölkəmiz hər hansı böyük dövlətin və beynəlxalq təşkilatın diqtəsi ilə deyil Prezidentimizin Liderliyi sayəsində dünyanın etibarlı və nümunəvi dövlətinə çevrilib. Bu gün aparıcı dünya dövlətləri Azərbaycanla hesablaşmaq məcburiyyətindədirlər. Çünki xalqımızın hər zaman verdiyi vədlərə, səsləndirdiyi fikirlərə sadiqlik göstərən, regionda yaranmış reallıqlar fonunda yeni sülh missiyasını reallaşdıran Lideri vardır. Elə bir lider ki, Cənubi Qafqazda sülhün, əminamanlığın, sabitliyin bərqərar olmasına, xalqların mehriban qonşuluq şəraitində yaşamasına çalışır.
İkinci Qarabağ müharibəsi yeni başlayanda da möhtərəm Prezidentimiz dəfələrlə Ermənistanı sülhə çağırdı. Məkrli ermənilər isə öz xislətlərinə sadiq qalaraq müharibəni davam etdirdilər. 44 gün ərzində acınacaqlı məğlubiyyətə uğrayan, tamamilə darmadağın edilən ermənilər yenə də tarixi səhvə yol verdilər.
Vətən müharibəsindən sonra Prezidentimiz cənab İlham Əliyevin düyanın aparıcı media mənsublarının suallarını cavablandırdığı bir məqamda söylədiyi bir fikri xatırlamaq yerinə düşərdi. Rusiyalı jurnalistin “Siz Qarabağ müharibəsi zamanı sülhməramlı kimi çıxış etdiniz, 23 dəfə sülh haqqında danışdınız, halbuki qarşı tərəf bir dəfə də olsun, bu cür bəyənat vermədi” sualının cavabında cənab İlham Əliyev demişdir : “Müharibənin ilk günündən mən deyirdim ki, işğal edilmiş bütün ərazilərdən çıxmaq müddətini bizə təqdim edəcəkləri anda biz dayanmağa hazırıq. Əgər erməni tərəfi mənim sözlərimə qulaq assaydı, o halda onların məğlubiyyəti bu dərəcədə alçaldıcı və ağrılı olmazdı, bu qədər tələfat olmazdı.” Dövlət Başçımızın siyasəti müharibə dövründə və müharibədən sonra da birmənalı olub. Dəfələrlə bəyan edib ki, bizim hədəfimiz sülhdür !
Aprel ayının 29-da Şuşada, növbəti gün isə ADA Universitetində 23 ölkədən gəlmiş dünyanın 40-dan çox nüfuzlu beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən konfransda müzakirə edilən bütün məsələlərə Prezidentimiz çox geniş və ətraflı aydınlıq gətirdi, qarşıdakı hədəflər, məqsədlər barədə münasibətini bildirdi. Qeyd etdi ki, “Hesab edirəm ki, nümayiş etdirdiyiniz və elan etdiyiniz addımlar Qafqazda sülhə töhvə vermək üçün iradəmizin bariz nümunəsidir. Biz Qarabağı yenidən qururuq, iqtisadiyyatımızı gücləndirmək üçün resurslarımızı səfərbər edirik, çünki onsuz gözəçarpan vəsaitləri ayırmaq asan olmaz. Eyni zamanda, biz Qafqazda sülh gündəliyini təşviq edirik. Hesab edirəm ki, bütün istiqamətlərdə təşəbbüs bizim əlimizdədir.”
İnanırıq ki, Ümummilli Lider Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyevin diplomatik səyləri, prinsipial mövqeyi, dəmir iradəsi nəticəsində Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülhə nail olunacaqdır, bölgə xalqları əminamanlıq və mehriban qonşuluq şəraitində yaşayacaqlar.
POLAD AĞAKİŞİYEV
Bölməyə aid digər xəbərlər