11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Səfirimiz “Əl-Ərəbiyyə”yə müsahibə verdi

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib. Telekanalın xəbərlər buraxılışının qonağı olan səfir Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirib.
QanunXəbər.com xəbər verir ki, aparıcının Ermənistanın Rusiyadan kömək istəməsi ilə bağlı sualını cavablandıran diplomat hər iki ölkənin vahid hərbi bloka üzv olduğunu bildirib. Səfir ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın münaqişənin nizamlanmasındakı rolundan danışıb və Azərbaycan Prezidenti İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi son müsahibələr zamanı Minsk qrupunun fəaliyyəti ilə bağlı dediklərindən misal gətirib. Ş.Abdullayev Minsk qrupunun 28 illik fəaliyyəti nəticəsində hər hansı irəliləyişin əldə olunmadığını bildirib.
Şahin Abdullayev BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrin münaqişənin həlli üçün baza təşkil etdiyini diqqətə çatdırıb və Azərbaycanın yeganə tələbinin həmin qətnamələrin müddəalarının icrası olduğunu bildirib. Diplomat ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiyanın həmin qətnamələrin lehinə səs verdiklərini vurğulayıb.
Səfir Ermənistanın qonşu dövlətlərə ərazi iddialarından da danışıb. Həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın dünya liderlərinə zəng edərək onlara Azərbaycana təsir göstərmək üçün yalvardığını diqqətə çatdırıb.
Aparıcının Yerevanın münaqişə zonasına rusiyalı sülhməramlıların yerləşdirilməsi ilə bağlı çağırışlarına Moskvanın cavabı, Gümrüdə Rusiya hərbi bazasının yerləşdirilməsi və Azərbaycanın Rusiyanın hazırkı mövqeyindən razı qalıb-qalmadığı ilə bağlı sualına cavab verən Ş.Abdullayev Rusiyanın Gümrüdə dislokasiya olunmuş 102-ci hərbi bazasının uzun müddətdən bəri orada mövcud olduğunu bildirib. Qeyd edib ki, Rusiya, bəzi Qərb dövlətləri, hətta İraq kimi bəzi ərəb ölkələrindən alınan silahlar olmasaydı, Ermənistan Azərbaycanla sülhə razı olardı. Diplomat münaqişənin həlli üçün yeganə şərtin Ermənistanın Azərbaycan işğal altındakı ərazilərindən çıxması olduğunu diqqətə çatdırıb.
Prezident İlham Əliyevin ölkəmizin münaqişəyə kənar dövlətlərin müdaxiləsinin əleyhinə olması ilə bağlı fikirlərinə dair sualı şərh edən səfir Azərbaycan ilə Rusiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu və bunun dünya ictimaiyyəti tərəfindən də qəbul edildiyini deyib. Diplomat Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-həmlə əməliyyatı nəticəsində BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin bəzilərinin elə Azərbaycanın özü tərəfindən icra olunduğunu bildirib.


Tarix: 5-11-2020, 19:47 Oxunub: 151


Bölməyə aid digər xəbərlər