Bu gün Moldova daxili işlər naziri Adrian Efrosun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib. Adrian Efros və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib. Sonra Şəhidlər xiyabanına gedən qonaqlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Sonra daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov moldovalı həmkarını və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Qeyd edilib ki, Azərbaycanın Daxili İşlər Nazirliyi Moldovanın hüquq-mühafizə orqanları, o cümlədən DİN ilə münasibətlərin istər ikitərəfli, istərsə də çoxtərəfli formatda inkişaf etdirilməsinə böyük önəm verir. Mövcud problemlərə toxunan daxili işlər naziri transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıq ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.
Adrian Efros qəbula və qonaqpərvərliyə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib, səfərin iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə yeni təkan verəcəyinə əminliyini, rəhbərlik etdiyi qurumun bu istiqamətdə öz səylərini əsirgəməyəcəyini, azərbaycanlı həmkarlarının cinayətkarlıqla mübarizə, ictimai asayişin təmini sahəsində əldə etdikləri müsbət təcrübənin öyrənilməsində maraqlı olduğunu bildirib.
Görüş zamanı nazirlər “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Moldova Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.
Səfər çərçivəsində qonaqlar DİN-in Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinə, “102” və “Təhlükəsiz şəhər” xidmətlərinə gedərək həmin qurumların fəaliyyəti ilə yaxından tanış olublar.
Bölməyə aid digər xəbərlər