Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105 ili tamam olur.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi"ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi.
Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edə bilmişdi.
1920-ci ildə Azərbaycan sovet işğalına məruz qaldıqdan sonra hərbi nazirlik ləğv olundu, ordumuzun 15 generalı bolşeviklər tərəfindən güllələndi.
1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olundu. 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyev iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə müasir Azərbaycan Ordusunun hərbi paradı keçirildi. Növbəti hərbi parad 2013-cü ildə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyinə həsr edildi. Bu gün isə Ordumuzun 100 illiyinə həsr olunan parad keçirilir.
Son illər ərzində Azərbaycan hərbi potensialını xeyli artırıb. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilib. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur.
Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.
Artıq Azərbaycan xalqı Silahlı Qüvvələr gününü böyük sevinc və qürur hissi ilə qeyd edir. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Azərbaycan torpaqlarını 30 ildən bəri işğal altında saxlamış Ermənistan silahlı qüvvələrini darmadağın edib. Əzəli və tarixi torpağımız olan Qarabağ düşmən işğalından azad edilib.
Hazırda Azərbaycan bayrağı Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Ağdamda, bütün Qarabağda dalğalanır. Vətən müharibəsi ilə qəhrəman əsgərlərimiz düşmən ordusunu tamamilə məhv etdilər. Bu qələbə ilə şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası alındı.
2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Zəfər paradı keçirildi. Paradda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da iştirak etdilər. Paradda 3 000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu.
Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Döyüşlərdə qənimət götürülmüş istifadəyə yararlı texnikalar - "KamAZ” markalı avtomobilin qoşqusunda "D-30”, "Ural” markalı avtomobilin qoşqusunda "D-20” topları, qoşqu üzərində zenit qurğuları, "ŞİLKA”, "OSA-1T”, "KUB” zenit-raket kompleksləri, piyadaların döyüş maşınları (PDM), "T-72” tankları, eləcə də istifadəyə yararsız texnikalar - zirehli "UAZ Patriot”, "UAZ Hunter” minik, "ZİL-131”, "Ural”, "KamAZ” markalı yük avtomobilləri, 122 millimetrlik "Qvozdika” özüyeriyən artilleriya qurğusu, BM-21 "Qrad” qurğuları, PDM-1 və PDM-2 texnikaları, "T-72” tankları qəhrəman Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr vurduğunun əyani təsdiqidir.
2021-ci il aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışı oldu. Bu gün də Vətən müharibəsində ordumuzun ələ keçirdiyi düşmənə məxsus hərbi qənimətlər bu parkda nümayiş etdirilir.
Tarixi zəfərdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.
Bölməyə aid digər xəbərlər