11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Prezidentin xəbərdarlığından nəticə çıxarmayanlar: Ata tender keçirir, oğul qazanır



Azərbaycanda tenderlərin, dövlət satınalmalarının korrupsiyanın ən geniş yayıldığı sahə olaraq qaldığı heç kimə sirr deyil. Artıq vəziyyət o yerə çatıb ki, məmurlar birbaşa öz ailə üzvlərinə şirkətlər açıb, açıq şəkildə tenderləri onlara qazandırmaqdan və bununla da külli miqdarda dövlət vəsaitlərini mənimsəməkdən belə çəkinmirlər.
“Azergold” QSC-dəki tenderlərlə bağlı maraqlı məlumat daxil olub. Həmin məlumatda “Azergold” QSC-nin sədri Zakir İbrahimovun öz oğlu Zaur İbrahimə dəyəri milyonlarla manatla ölçülən tenderlər qazandırmasından söz açılır.

Məlumatda deyilir ki, Zaur İbrahim hazırda atasının rəhbərlik etdiyi “Azergold” QSC-nin tenderlərini qeyri-qanuni yollarla əldə edən “AZCD Group” QSC-yə rəhbərlik edir: “O, Britaniyada ali təhsil aldıqdan sonra 2019-cu ildə Bakıya qayıdır və bibisinin həyat yoldaşının sədri olduğu Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) işə başlayır…
Bundan sonra atası Zakir İbrahimov bir şirkət (“Buta Construction” QSC) təsis edərək, oğlunu ora faktiki rəhbər (formal direktor Azər adlı şəxs idi) təyin edir, “Azergold” QSC-nin tenderlərini müxtəlif üsullarla həmin şirkətə ötürür və bu mexanizmlə dövlət əmlakını ailəlikcə mənimsəyə başlayırlar. Bu yolla bir müddət külli miqdarda pul qazansalar da, Zaurun səriştəsizliyindən götürdükləri işləri sona çatdıra bilmirlər…”
Məlumatda deyilir ki, Zaurun şəxsi keyfiyyətləri götürülən işlərin keyfiyyətli şəkildə və vaxtında yerinə yetirilməsinə imkan verməyib. Buna baxmayaraq, “Azergold” Zaura aid şirkətlə işləməkdə davam edib: “Bu uğursuz layihə ilə yanaşı yenə Zaurun bibisinin yoldaşı ona birbaşa iş verməsə də, rəhbəri olduğu MİDA-nın tenderinin qalibi olmuş “Çinar İnşaat” MMC-yə təzyiq edərək 2 binanın 2 milyon manatlıq tikintisini “Buta Construction” QSC-yə verir. Təbii ki, bu iş də yarımçıq qalır, binaların tikintisi yarımçıq saxlanılır. Yenə də Zaurun atası və digər yaxın qohumları işə qarışır və ona “gözün üstündə qaşın var” deyən olmur.
Amma artıq tikinti bazarında qeyri-ciddi şirkət kimi tanındıqları üçün və atasının məsləhəti ilə “Buta Construction” QSC-nin adını dəyişərək “AZCD Group” QSC //www.azcdgroup.com/ edirlər. Ofisin ünvanını dəyişirlər, amma əməllər dəyişmir. Şirkətin adı dəyişdikdən sonra 30.09.2021-ci il tarixdə “Azergold” QSC tərəfindən satınalma dəyəri 22 307 945,859 (iyirmi iki milyon üç yüz yeddi min qoqquz yüz qırx beş) manat olan Tülallar-Çovdar avtomobil yolunun inşası tenderini bir çox köklü, beynəlxalq və “AZCD Group” QSC-dən dəfələrlə böyük və təcrübəli şirkətlərlər iştirak etməsinə baxmayaraq, nə hikmətdirsə, yenə Zaur İbrahimin “AZCD Group” şirkəti qazanır.”
Beləliklə də, məlum olur ki, nəticədə sözügedən şirkət bir il ərzində“Azergold” QSC-nin ümumi dəyəri 30 milyon(!) manatdan çox olan 3 layihəsini “qazanıb”.
Məlumatda Z.İbrahimin kübar həyat tərzi keçirməsi, işçiləri tez-tez təhqir etməsi və s. bu kimi şəxsi keyfiyyətlərindən də bəhs olunur. Hətta bildirilir ki, onun xalasının əri Azərbaycandakı ən böyük nazirliklərdən birinə rəhbərlik edir və o da bu qohumluqdan hər yerdə ağız dolusu söhbət açmağı çox sevir…
Lakin burada əsas məsələ kiminsə şəxsi keyfiyyətlərindən, qohumluq əlaqələrindən daha çox dövlət orqanlarının, nazirliklərin, şirkətlərin, QSC-lərin və s. qurumların tenderlərinin açıq bazara, qohum-əqrəba biznesinə, nəhayət, dövlət vəsaitlərinin talanması mənbəyinə çevrilməsidir.
Xatırladaq ki, ölkə başçısının da dəfələrlə tenderlərin və dövlət satınalmalarının korporativ maraqlara xidmət etməsi və buradakı korrupsiya halları barədə açıqlamaları, tənqidləri olub. Lakin belə görünür ki, Azərbaycanda bu sahədə səliqə-səhman yaratmağa tələsən yoxdur və bu gedişlə hələ xeyli müddət büdcə vəsaitlərinin tender adı ilə talanması prosesi davam edəcək.
 
buta.ws


Tarix: 3-12-2021, 13:47 Oxunub: 915


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?