11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Əsl ərə veriləsi yaş elə 11-dir: Qızı ver getsin, namusunu əri çəksin...

                                  Kubra Məhərrəmova yazır...



Uzun saçlı, hardasa 11-12 yaşı olan balaca qız, əlində böyük sini. Sininin içində “həri” üçün qırmızı lentlərlə bəzədilmiş şirinçay dəsti. 
Balaca canıyla stəkanlarla dolu sinini elçilərə aparır. Üzündə sevinc və fərəh hissi duyulur.
Çiynində də qırmızı yaylıq. Yaylığın da mənası odur ki, qızı aldıq, artıq bizimdir. Namusu da, qeyrəti də bizə aiddir. Həriləyəndən sonra isə şirinçayı içmək olar. 
Balaca gəlin öz öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirir. 
11-12 yaşı qızın nə adını, nə soyadını bilmirəm. Hansı ailədən olduğunu da. Elə bir az əvvəl sosial şəbəkədə foto və videosu qarşıma çıxdı. 
Bütün milli adətlər ən xırda detalına qədər riayət olunur məclisdə. Görüntü, süfrə, qızıl, hədiyyələr. Bərkdən xeyir-dua verən anaş arvadlar. Hay-küylü arvad məclisi. Hər şey qaydasındadır, bircə gəlinin cəmi 11 yaşı var. 
Hadisə isə Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Soğanlı kəndində baş verib. 11 yaşlı qızı 15 yaşlı oğlanla nişanlayıblar. Orada yaşayan həmyerlilərimizin fikrinə görə 16-18 yaşlı qız ərə getməyibsə, deməli evdə qalıb. 
Əsl ərə veriləsi yaş elə 11-14 arasıdır. Qızı ver getsin. Namusunu əri çəksin. 
Yaxşı, tutalım ailəsinin düşüncə tərzi belədi, bəs görəsən Gürcüstan qanunvericiliyində bu necə tənzimlənir? 
Yoxsa gürcülər də, “özləri bilər” deyib yaxalarını kənara çəkiblər? 
Bir azərbaycanlı icmanın mənəviyyatı nə qədər çökməlidir ki, elliklə 11 yaşlı uşağın nişan məclisinə gəlsin? Hələ xeyir-dua da versin.
Bəlkə də məsələnin başında evin ağbirçəyi, nənə oturub. Və əmr verir ki, qızın vaxtıdır, verin filankəsin oğluna. Bu uşağın intim həyatdan anlayışı varmı? Çətin, çünki bu yaşda məktəbdə heç anatomiya fənni tədris olunmur. 
Bəs bunun ana-atası, nə bilim bir nəfər başıbütöv adamı yoxdurmu? Yəni valideyn övladından bu qədər bezərmi? 
Mən artıq təhsil-tərbiyədən danışmıram. Çünki danışılası məsələ deyil. Onlar üçün bunların heç biri yoxdu, gorbagor olub təhsil də, tərbiyə də. 
Bunlar hamısı bir tərəfə, balaca gəlinin üzündəki hüzur və sevinc hissi mənim içimi titrətdi. Erkən yaşda uşağın başını necə yeməlidirlər ki, uşaq könüllü bu işə razı olsun. 
Bir anlıq ataları oğul istədiyi üçün abort olunmuş minlərlə qız uşağı gözümün önünə gəldi. Əslində erkən nigah da abortdur. Böyüməsin, oxumasın, adam olmasın deyə balaca yaşında kiminsə qabağına atılan yem kimidir bu balaca qızlar.  Kiminsə yanında yerinin xoş olması üçün edilən bəxşişdir. Sonra da daha çox qürurlanmaq üçün “mən qızımı 11 yaşında nişanlandım” deyərək dünyaya car çəkməsidir. Uşağın nişan mərasimindən foto-videosunun bəh-bəhlə qohumlar arasında paylaşmaqdır.   
Əminəm ki, indi uşaq hüquqlarını qoruyan biri o məhəlləyə getsə bizimkilər onu odunla döyüb yola salacaqlar. Hələ bir deyəcəklər ki, gürcülər bizim milli adət-ənənələrimizə qarşı çıxırlar. 
O məmləkətə kimi göndərək ki, bizimkilər başına bir az ağıl, bir az savad, bir az da vicdan qoysun. Övlad alver predmeti deyil axı, ay ana-ata! Bu uşağa yiyə çıxmayacaqdınsa niyə onu həyata gətirdin? Yoxsa 11 il saxladım bəsdi, indi də getsin əri saxlasın?
Bir övladı necə məhv etmək olar haqqında görünür biz azərbaycanlıların böyük təcrübəsi var. 
Qızıl üzüklə, qırmızı yaylıqla, bir sini stəkanlarla dolu şirinçayla. 
Allah kəssin belə nişanı da, toyu da!


Tarix: 8-02-2021, 14:33 Oxunub: 743


Bölməyə aid digər xəbərlər