“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi Sevinc Qədirova bir il yarım bundan əvvəl tutduğu vəzifədən ayrılıb, Azərbaycan Voleybol Federasiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin olunanda qanunsuzluq edərək, keçmiş iş yerindəki 90 AL 321 dövlət nömrə nişanlı xidməti avtomobilini də özü ilə aparıb. Bu barədə məlumatı Azinforum.az-a qurumun daxilindəki məlumatlı mənbə verib. Əldə olunan informasiya ilə bağlı Azinforum.az ilk olaraq ADY-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Natavan Bayramova ilə əlaqə saxlamağa cəhd edib. O, saytımıza açıqlamasında iclasda olduğunu, qurumun Dürdanə adlı xanım əməkdaşı ilə əlaqə saxlamağımızı məsləhət görüb. Dürdanə xanım bizimlə söhbətində faktı nə təkzib, nə də təsdiq etdi. O, bildirdi ki, hətta olsa belə, bu cür xırda məsələni onların şərh etməsi sadəcə ayıb olar.
Qurumun sabiq mətbuat katibi Sevinc Qədirova isə Azinforum.az-a açıqlamasında bildirdi ki, hər iki quruma eyni adam – Cavid Qurbanov rəhbərlik etdiyi üçün, burada elə bir qəbahət görmür: “Hal-hazırda pandemiya ilə bağlı idman yarışları dayanıb və biz bir ildir fəaliyyət göstərmirik, ancaq əmək haqqımızı alırıq. Bu səbəbdən mənə o qədər də maşın ehtiyac olmur. Lazım olanda öz şəxsi avtomobilimi sürürəm. Bu, elə bil qlobal məsələ deyil axı. Niyə sizi maraqlandırır? İşlə bağlı lazım olanda bir neçə dəfə həmin xidməti avtomobildən istifadə etmişəm. Burada nə var ki? Həmin avtomobil hazırda mənim çalışdığım Voleybol Fedreasiyasının balansında deyil”.
Bölməyə aid digər xəbərlər