11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11 min manata görə qalmaqal: "Əri şəhid olan kimi boşanma ərizəsini geri götürüb"

İkinci Qarabağ müharibəsində şəhid olmuş Fərid Mövsümov doğulduğu Göyçay rayonunda oktyabrın 30-da dəfn olunub. Amma döyüşdə həyatını itirmiş hərbi qulluqçulara görə yaxınlarına verilən sığorta məbləği hələ sahibini tapmayıb. Çünki pulun kimə çatacağı ilə bağlı qalmaqal yaranıb.
 
ATİA.AZ xəbər verir ki, Fərid Mövsümov 2017-ci ildə ailə həyatı qurub. İki il sonra həyat yoldaşı ilə yolları ayrılıb. Qadın 2020-ci ilin yayında məhkəməyə müraciət etmək qərarı verib. Məhkəmə iclası da keçirilib, prosesin davamı növbəti iclasa saxlanılıb. Növbəti iclasa isə Fərid getməyib, çünki müharibəyə yollanıb.
 
Oktyabrın 16-da onun Füzuli uğrunda döyüşlərdə şəhid olması xəbəri gəlib. Fəriddən boşanmaq üçün məhkəmədə iddia qaldırmış həyat yoldaşı indi həlak olmuş hərbi qulluqçulara görə verilən 11 min manata iddia edir.
 
Şəhidin bibisi Qənirə Qasımzadə hesab edir ki, valideynlərini itirmiş Fəridə görə veriləcək sığorta məbləği şəhidin yeganə qardaşı Zaur Mövsümova çatmalıdır.
 
“Göyçayda iki şəhidlə bağlı belə problem yaranıb. Fərid bir ildir əmisi, bibisi ilə birlikdə baba evində yaşayırdı. Həyat yoldaşı ilə arada 10-15 gün barışmağa cəhd göstəriblər, alınmayıb. O, avqustda məhkəməyə boşanma ərizəsini təqdim edib. Hətta məhkəmədən düşünmək üçün müddətin verilməsini də istəməyib”, - şəhidin bibisi “Bizimyol.info”ya danışır.
 
Qənirə Qasımzadə deyir ki, Fəridin həyat yoldaşı onun dəfn mərasimində iştirak etməyib. Qadını 40 mərasiminə qədər ortada görən olmayıb: “Amma gedib məhkəmədən iddia ərizəsini geri götürüb. İndi də deyirlər ki, şəhidin ailəsi bizik. Adicə hüzrdə iştirak eləməmisən sən. Ölüm kağızını dekabrın 28-də almışıq. Hərbi komissarlıqdan dedilər ki, gəlinin ailəsi iddiaçıdır deyə, sizə sığorta məbləği verilə bilməz. Uşağın xalası Moskvada yaşayır, zəng vurub qızın ailəsindən soruşub. Atası deyib ki, əlbəttə, qızımın əridir, ona düşür. İndi məhkəməyə verdiklərini də boyunlarına almırlar”.
 
Fərid atasını 2008-ci, anasını 2010-cu ildə itirib. Ailə qurandan sonra həyat yoldaşı ilə ana babasigilə köçüb. Amma bir müddət sonra qadın ata evinə getmək istədiyini deyib.
 
“Uşaqları yoxdur. Heç həmin iki ildə də yola getmirdilər. Bir gün gəlin deyib ki, anam xəstədir, ailənin tək övladıyam, gedək bizdə yaşayaq. Ürəyimizcə deyildi bu, amma yenə də razılaşdıq. Fərid qürurlu uşaq idi, hər şeyi danışmazdı. Dərdini də özü ilə apardı”,- Qənirə xanım danışır.
 
Şəhidin bibisi deyir ki, o, çox işgüzar adam olub. Axırıncı dəfə Ələtdə işləyirmiş, müharibəyə getmək üçün işini təhvil verərək Göyçaya qayıdıb. Əvvəllər qayınatasının yanında işləyirmiş, söz-söhbətdən sonra oranı tərk etmək qərarı veribmiş: “Mahaçqalada hüquq təhsili alırdı. Onda işdən çıxanda təhsilini də yarımçıq qoydu, ödəniş üçün imkanı olmadı. İstəyib evlənmişdi, əleyhinə çıxmamışdıq”.
 
Qənirə Qasımzadə vurğulayıb ki, o qadının “şəhid ailəsi” statusu daşımağa, Fəridin ölümünə görə verilən 11 min manatı almağa mənəvi haqqı yoxdur. Ona görə də məsələ həllini tapmasa, hüquqi varislik məsələsilə əlaqədar məhkəməyə müraciət edəcəklər: “Belə davam eləyəcəksə, məhkəməyə müraciət eləyəcəyik. Varis kimi, qardaşı Zaur qəbul olunsun”.
 
Fəridin qayınatası, Ucar Rayon Notariat Kontorunun rəhbəri Elman Cəlalovun da məsələyə münasibətini öyrəndik. O, məqsədin şəhidin ailəsi kimi tanınmaq olduğunu gizlətmədi: “Birincisi, qanun var, qayda var. Boşanmaq istəyirdi, boşanmayıb, arvadı, varisi sayılır. Ər-arvaddır, aralarında dava da olar, məhkəməyə də düşərlər, sonradan barışa da bilərlər. Bunun heç bir əhəmiyyəti yoxdur. Əhəmiyyəti olan budur ki, onlar hazırda ər-arvad sayılırlar. İkincisi, iddialı olsaydıq, çoxdan 11 min manatı da almışdıq. Biz hələ gözləyirik. Pul qanunla kimə düşürsə, həmin şəxs də almalıdır. Biz hətta ona da razıyıq ki, məbləğin yarısı onlara verilsin. Lap 11 min manatı verək, amma “şəhid ailəsi” statusu arvadına verilsin. Başsız qalmış qadındır”.


Tarix: 1-01-2021, 13:22 Oxunub: 590


Bölməyə aid digər xəbərlər