13:34 / 12-11-2024
COP29 ilk uğura imza atdı
08:28 / 08-11-2024
Bu gün Zəfər Günüdür !!!
"Xoşqədəm və Zaurun verilişinə çıxmaq üçün 18 min manat istədilər" - psixoloq Samirə Bağırova

      Son illər saxta yollarla müxtəlif müsabiqələrdə qalib olan, nominasiyaları pulla əldə edən müxtəlif peşə sahiblərinin olduğu iddia edilir.
    “İlin həkimi”, “İlin psixoloqu” kimi bu cür adlara tez-tez rast gəlmək olur.
     Bəs görəsən, insanlarda bu cür adlara, şöhrətpərəstliyə meyillilik nə ilə bağlıdır? Onlar bunu daha çox pul qazanmaq, pasient cəlb etmək üçünmü edirlər, yoxsa bu yolla özlərini təsdiqləməyə çalışırlar?
       Mövzu ilə bağlı  tanınmış psixoloq Samirə Bağırova bildirib ki, bu, özünü və ətrafını aldatmaqdır:
   “Bu məsələ özünü reklam, özünü təsdiqləmək kimi səslənsə də əslində olan, özünü və çevrəni aldatmaqdır. İlk başda müsabiqəyə cəlb edən təşkilatçılar, iştirakçıları şirnikləşdirib aldararaq, mədəni şəkildə gözdən pərdə asaraq pullarını mənimsəyirlər. Daha sonra iştirakçı həkim və ya psixoloq, yaxud sahəsindən asılı olmayaraq, hər kimsə özü- özünü aldadır. Sonra öz pulu ilə aldığı mükafatı reklam edərək tamaşaçını aldadır. Halbuki ilin adını almaq üçün yaşanan bütün emosiyalar üçün pul ödəyib. Bu gün zəncirvari yalandan ibarət bir həyatın içindəyik. Bunun kimi süni reklamlar işgüzar səhər yeməklərinin təşkilində, televiziya kanallarında da geniş yayılıb”. Psixoloq yerli telekanallarda yayımlanan sosial layihələrdə həkim kimi yer almaq üçün xeyli pul tələb olunduğunu açıqlayıb:
    “Məndən Xəzər telekanalında Lalə xanımın verilişində 1 ay ekspert kimi oturmaq üçün 20 min manat, Xoşqədəm xanımın və Zaurun verilişində isə 15-18 min manat pul istəmişdilər. Təkcə bir dəfə verilişdə oturmaq üçün isə 2000-2500 manat ödənilməlidir. Mən başa düşürəm, əgər sən hər hansısa məhsulu reklam etmək istəyirsənsə, bu, normal ola bilər. Kanallara və verilişlərə görə qiymət dəyişir, amma özünü reklam üçün bu pullar kimə gedir? Əlbəttə ki, aparıcıya. Eləcə də tədbir təşkilatçılığından tutmuş, radio və televiziyaya qədər, istər həkim, istər psixoloq, istər qeyri biri – hər kəs özünü reklam üçün pul ödəyir. Məsələyə məntiqlə yanaşsaq, Azərbaycanda psixoloq tək seanslardan ayına heç 5 min qazanmır axı. Tanınmaq, məşhur olmaq üçün maşınını, qızılını satanlar var. Halbuki pasient qəbul etməyə bir ofisi belə yoxdur. Şəxsən mən heç bir ödənişli tədbirə qatılmıram. Təşkilatçılara da deyirəm ki, “sizi dəvət edirik” deməyin. Deyin ki, ödənişiniz müqabilində iştirak edə bilərsiniz. Həqiqətən qonaq qismində dəvət olunduqda gedirəm. Eləcə də televiziya və radiolara da bu şəkildə gedirəm”.
     Psixoloq pul müqabilində hansısa tədbirə, televiziya və ya radio verilişlərinə qatılmadığını qeyd edib:
   “Düşünürəm ki, əgər mütəxəssisin işi maarifləndirməkdirsə, niyə mən pul ödəməliyəm ki? Əksinə tədbir təşkilatçısı, televiziya və radio şirkətləri mənə ödəniş etməlidir ki, bilgilərimi paylaşıram və ən dəyərli olan zamanımı xərcləyirəm. Və bu sistem demək olar ki, bir çox ölkələrdə bu şəkildə olur. Yalnız bizim ölkədə həm pul tök oxu, pul tök işə düzəl, pul tök özünü reklam et. Çünki bir çoxumuz sadəcə şöhrətpərəst və ağılsızıq. Sosial şəbəkə dövründə bu cür tədbirlərə qoşulmaq və televiziyaya çıxmaq, sadəcə axmaqlıqdır. Psixoloji tərəfdən isə özü-özünü aldatmaqdır.
     Mifomaniya – öz yalanına, süni emosiyalarına özü də inanır”.


Tarix: 19-01-2024, 14:24 Oxunub: 149


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı