11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
"YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq" - Anar Nəbiyev

    Cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin həyatında dönüş nöqtəsidir. 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra  bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Dövlət başçısı, YAP Sədri İlham Əliyev partiyanın VII qurultayında bu çağırışı etmişdir: “Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox.”
     Yeni Azərbaycan Partiyasının yaradılması zərurət idi. O vaxt cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, yenicə  müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir. Artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter almışdır. Hərbi məğlubiyyət, eyni zamanda, daxili böhranla tamamlanırdı. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdur.  O vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ancaq öz maraqlarını güdürdü. Belə insanlara xalq tərəfindən inam ola bilərdimi?
    Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.  Təsis konfransını 1992-ci il noyabrın 21-də  respublikanın müxtəlif bölgələrindən   550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası bu gün milyonların partiyasına çevrilərək, 800  minə yaxın üzvü sıralarında birləşdirir. Bu, hər zaman qeyd edildiyi kimi, sadəcə bir statistika deyil. Xalqın Ulu Öndər Heydər Əliyevin ideyalarına sədaqətinin və onun layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın ifadəsidir. Xalqın bu partiyaya inamı sonsuzdur. Ümummilli Lider  Heydər Əliyevin adı ilə bağlı olan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyada təmsil olunmaq böyük şərəfdir. Ümummilli Liderin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir. Yarandığı gündən Azərbaycanın bu günü və gələcəyi üçün çalışan Yeni Azərbaycan Partiyasının ölkədə keçirilən seçkilərdə böyük uğur qazanmasında bu amilin rolu böyükdür. Dünənin, bu günün və gələcəyin partiyası kimi mövqeyini möhkəmləndirən YAP daim irəli sürdüyü qərarları, təşəbbüsləri ilə diqqətdə olub. 31 ildə partiyanın keçirilən seçki proseslərinə qatıldığı şüarlara diqqətə yetirsək görərik ki,  hər dövrün tələblərini özündə əks etdirir, yeni vəzifələri qarşıya qoyur. Azərbaycanın müstəqilliyinin yenidən bərpası illərinə bələdçilik edən Yeni Azərbaycan Partiyasının tarixi mühüm hadisələrlə, uğurlarla zəngindir.
     2021-ci ildə Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin reallıqları əsasında keçirilən  VII qurultayında dövlət başçısı,  Yeni Azərbaycan Partiyasının  Sədri  İlham Əliyev proqram xarakterli nitqində müstəqillik tariximizi təhlil edərək Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Azərbaycana qazandırdığı uğurları əsaslı şəkildə diqqətə çatdırdı. 1993-cü ildə Ümummilli Lider  Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələnin başlanğıcı oldu.  Məhz 1993-2003-cü illərdə yaradılan möhkəm bünövrə üzərində Azərbaycan son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edərək, hər gün bir addım Qarabağın azadlığına yaxınlaşdı. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bu illərdə Qələbəyə hazırlığın təqdimatı oldu. Tarixi Zəfərimizin reallıqları əsasında YAP-ın yeni Proqramı təsdiqləndi. Partiyanın 800 minə yaxın üzvü “Biz birlikdə güclüyük!” söyləyərək yeni Proqramın hədəflərinin reallığa şevrilməsinə öz töhfələrini verməyə səy göstərirlər. 31 il gələcək üçün möhkəm təməldir. Yeni Azərbaycan Partiyası bu illər ərzində tarixin bütün sınaqlarından şərəflə çıxaraq yeri və rolunu möhkəmləndirdi, cəmiyyətin avanqard qüvvəsinə çevrildi. YAP zəngin ənənələri olan partiyadır. Partiyanın gələcəyinə inam böyükdür. Ümummilli Lider Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisinin davamı olaraq dövlət başçısı, YAP Sədri İlham Əliyev bildirir ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri


Tarix: 22-11-2023, 12:06 Oxunub: 188


Bölməyə aid digər xəbərlər