Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında, ordumuzun qəhrəman əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı.Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.
Prezidentimizin Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. Bəli, 25 oktyabr Qubadlı şəhəri günüdür.Hələ 2021-ci ildə oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışı zamani demişdir: ”Qubadlıya xoş gəlmisiniz. Bu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür. Düz bir il bundan əvvəl müzəffər Azərbaycan Ordusu Qubadlını erməni işğalından azad etmişdir və bundan sonra 25 oktyabr bizim tariximizdə əbədi Zəfər günü kimi qeyd ediləcək. Bu münasibətlə sizi və bütün qubadlıları, bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm.25 oktyabr müharibənin gedişatında önəmli yer tutub. Çünki Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı və bir neçə gündən sonra biz Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdik. Beləliklə, Laçın dəhlizini nəzarətə götürdük və artıq müharibənin taleyi həll edilmişdi. Düzdür, Şuşa uğrunda şiddətli döyüşlər qabaqda idi, digər yaşayış məntəqələrimizin azad olunması ilə bağlı əməliyyat planları hazırlanırdı, ancaq artıq həm bütün dünya, həm də düşmən gördü ki, bizim qabağımızda heç bir qüvvə dayana bilməz. Biz Qubadlıdan sonra öz Zəfər yürüşümüzü, Zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət bayrağını ucaltdıq.”
Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qubadlı rayonunda da genişmiqyaslı quruculuq işlərinə başlanılıb. Möhtərəm Prezident İlham Əliyevin tapşırığına əsasən Şərqi Zəngəzur iqtisadi rayonunda infrastrukturun yenidən qurulması və bərpası, şəhərlərin Baş planlarının hazırlanması onu göstərdi ki, işğaldan azad edilən bütün yaşayış məntəqələri ən müasir texnologiyalarla inşa ediləcək. Ölkə başçısı işğaldan azad edilmiş ərazilərdə aparılan təmir - quruculuq işlərinin səmərəliliyinin artırılması məqsədi ilə 24 noyabr 2020-ci ildə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” sərəncam imzaladı. Azad edilmiş torpaqlarda, o cümlədən, Qubadlıda hər bir iş ardıcıllıqla, yüksək keyfiyyətlə icra olunur.Azad edilən torpaqlarda minalar təmizləndikcə quruculuq işlərinə, ilk əvvəl həyat əhəmiyyətli infrastruktur layihələrin - elektrik xətlərinin, yolların çəkilişinə başlanılıb. Layihələndirilən yolların ümumi uzunluğu 83 kilometrdir. Dövlət başçısının tapşırığına əsasən Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarının bölgənin gələcək inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun olaraq inşası davam etdirilir. Yeni Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçir. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir.
Dövlət başçısının tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri də Qubadlı-Eyvazlı avtomobil yoludur. 28.5 km uzunluğa malik Qubadlı-Eyvazlı avtomobil yolu 2 zolaqlı olmaqla, dördüncü texniki dərəcəyə uyğun olaraq inşa edilir. Cari il ərzində tikintisinin başa çatdırılması planlaşdırılan Qubadlı-Eyvazlı avtomobil yolu Qubadlı rayonunun Mahmudlu, Xıdırlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçir. Ötən il oktaybrın 25-də sistem əhəmiyyətli 110/35/10 kV-luq "Qubadlı" yarımstansiyası istifadəyə verilib. Yarımstansiyanın tikintisi ilə paralel olaraq Qubadlının Azərbaycanın ümumi enerji sisteminə qoşulması, rayonun dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün "Şükürbəyli" yarımstansiyasından “Cəbrayıl” yarımstansiyasına giriş-çıxış olmaqla 76 kilometr məsafədə ikidövrəli 110 kV-luq yüksəkgərginlikli “Qubadlı-1”, “Qubadlı-2” elektrik xətti çəkilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2021-ci il oktyabrın 25-də sistem əhəmiyyətli 110/35/10 kV-luq "Qubadlı" yarımstansiyasının açılışında iştirak ediblər. Hazırda Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə geniş bərpa - quruculuq işləri həyata keçirir, bütöv şəhər və kəndlər, yaşayış massivləri, infrastruktur müasir tələblər əsasında qurulur. Azad edilmiş ərazilərdə həyata keçirilən müasir quruculuq işlərinə "ağıllı şəhər" və "ağıllı kənd" layihələri, "yaşıl enerji" və "sıfır tullantı" konsepsiyaları da daxildir. Artıq Şərqi Zəngəzurun dirçəliş dövrü başlayıb. Böyük əhəmiyyət kəsb edən infrastruktur lahiyələr uğurla icra olunur, yurdumuzun bu cənnət guşəsinə yeni bir həyat gəlib. 25 oktyabr günü isə tariximizdə əbədi Zəfər günü kimi qeyd edilir.
Mehman Ballayev
YAP Qazax rayon təşkilatının əməkdaşı
Bölməyə aid digər xəbərlər