11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
" Ürəklərdə əbədi yaşayan işıqlı xatirə" - Anar Nəbiyev

    Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapmışdır. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə xanım Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan akademik respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır.
    Alim öz tədqiqatlarında oftalmologiyanın bir sıra aktual məsələlərinə xüsusi diqqət yetirirdi: diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi və s. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının patologiyası cəlb edir. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə yox, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin demək olar ki, elmi şəkildə tədqiq olunmaması ilə əlaqədar idi. Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilir, 1983-cü ildə isə həmin kafedranın müdiri olur. Alimin elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətdə rəğbət qazanmışdır. Elmi araşdırmalar nəticəsində Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirir.  Zərifə xanım Əliyeva fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir. Bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. Z.Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlə­ri­nin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəl­lifi olmuşdur. Alimin  rəhbərliyi altında gənc  alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır.  Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Onun hər bir titulu böyük zəhmətin nəticəsi, fəaliyyətinin çoxşaxəliliyinin göstəricisidir. Bu  titullar mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşmişdi. Zərifə xanım Əliyevanın adı çəkiləndə hər kəsin dilindən səslənən ifadə bu olur: Gözəl qəlbli, qayğıkeş və xeyirxah insan. Qaranlıq gözlərə nur parlayan, həyatın gözəlliklərindən zövq alan, oftalmologiya elmində xüsusi dəsti-xətti ilə iz qoyan akademik Zərifə xanım Əliyeva  əməlləri ilə əbədiyaşarlılıq qazananlardan biridir.
    Bu gün müasir müstəqil Azərbaycan uğurları ilə hər birimizi qürurlandırır. Ölkəmizə hansı sahədən baxsaq böyük inkişafı, tərəqqini görürük. Azərbaycan səhiyyəsi sürətli inkişaf dövrünü yaşayır. İnsanların müayinə və müalicə üçün digər ölkələrə üz tutmalarına artıq ehtiyac yoxdur. Azərbaycanda fəaliyyət göstərən  xəstəxanalar yüksək ixtisaslı tibb işçiləri ilə təmin edilib. Həmçinin beynəlxalq standartlaara cavab verən avandanlıqlarla təchiz olunub. Bunlar  Ulu Öndər Heydər Əliyevin xalqına, Vətəninə, dövlətinə sevgisindən, hər zaman Azərbaycanı yüksək zirvələrdə görmək istəyindən irəli gələn düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Ümummilli Lider Heydər Əliyev və akademik Zərifə xanım Əliyeva sağlıqlarında əfsanəyə çevrilən şəxsiyyətlərdir.  Ulu Öndər və Zərifə xanım Əliyeva övladlarını Vətənə məhəbbət ruhunda böyütmüş, Prezident İlham Əliyev kimi siyasətçini xalqımıza bəxş etmişdilər. Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab İlham Əliyev dahi şəxsiyyətin şah əsəri olan müasir müstəqil Azərbaycanı bu gün dünyaya qalib ölkə kimi təqdim edir.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri


Tarix: 17-04-2023, 09:14 Oxunub: 257


Bölməyə aid digər xəbərlər