Ruslan Vəliyev Aydın Bağırovun şikayətinin əsassız olduğunu bildirib. Bina sahibi qeyd edib ki, şikayətçi ümümiyyətlə həmin ərazidə yaşamır:
"Onun həmin ərazidə zirzəmidə "Topaz" kimi işlətdiyi bir obyekti var. Deyir ki, Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etdik, bildirildi ki, İcra Hakimiyyəti tərəfindən həmin tikintiyə icazə sənədi verilməyib. İcazə sənədinin əslini sizə göndərirəm, istəsəniz bununla bağlı Gəncə şəhər İcra Hakimiyyətinə sorğu da göndərə bilərsiniz.
Ruslan Vəliyev məsələ ilə bağlı kompromisə getdiyini lakin Aydın Bağırovun razılaşmadığını bildirib:
"Mən ona dedim ki, get İcra Hakimiyyəti ilə danış, kompromisə getdim. Bildirdim ki, tikintiyə də köməklik edərəm. Bildirdi ki, ona heç bir köməklik lazım deyil. Bütün xərcləri mən ödəməliyəm. Dedim ki, mənim ona gücüm yoxdur. Problemimiz bu səbəbdən yaranıb. Yenə deyirəm, o insan həmin ərazidə yaşamır, oranın sakini deyil. Əlavə hansı sənədləri istəsəniz, mən sizə təqdim etməyə hazıram".
***
Gəncə şəhər sakini Aydın Bağırov və bir neçə vətəndaş məskunlaşdıqları binanın yaxınında tikilən “Oksi” geyim mağazası ilə yaşadıqları bina arasındakı ara məsafəsinin yaxın olmasından şikayətçidir.
“Yeni Sabah”a müraciət edən vətəndaş bildirir ki, Gəncə Şəhəri, Nizami Gəncəvi Prospektində inşa olunan geyim mağazası yaşayış binasının qarşısını kəsərək, insanların həyatını təhlükəyə salaraq tikilib:
“Bu tikili yaşayış binasında bir çox mənzilin pəncərələrinin qarşısını kəsərək gün işığından məhrum edir, hava girməsinə də mane olur.
Ara məsafəsi çox yaxın olduğundan binada yaşayan insanlar üçün gediş-gəliş çətin olur. Yanğın təhlükəsi yaranarsa məsafənin yaxınlığı səbəbindən söndürmək çətin olacaq.
Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Dedilər, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən həmin obyektə tikintiyə icazə sənədi verilməyib. Məhkəməyə müraciət etməyimizi tövsiyə etdilər.
FHN-ə, Əmlak Komitəsinə, polisə də müraciət etmişəm. Onlar da dedilər məhkəməyə ver, haqqını tələb elə.
Yaxın günlərdə Gəncə Şəhər Məhkəməsinə müraciət edəcəyik. Bütün sakinlər narazıdır. Sökülməsini tələb edirik”.
Nəzrin Cavadzadə
Bölməyə aid digər xəbərlər