"Azərbaycanda ilahiyyat təhsili verən Bakı İslam Universiteti və İlahiyyat İnstitutu kimi ali təhsil ocaqları var. Amma bu ali təhsil müəssisələrinə qəbul imtahanlarında az bal toplayan şəxslər daxil olduğu üçün müəyyən problemlər yaşanır” - bunu təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, son 25 ildə yüzlərlə şəxs Səudiyyə Ərəbistanında, minlərlə gənc İranda, bundan əlavə çoxlu sayda vətəndaşımız Suriya, Misir, Liviya, Pakistan, Malayziya, Rusiya (Dağıstan) və Türkiyədə dini təhsil alıb:
"Xaricdə təhsil alanların ölkədə təhsil alanların sayından xeyli çox olması dini təhsil sahəsində mövcud və potensial problemlərin miqyasından xəbər verir. Vətəndaşlarımızın qeyd edilən müsəlman ölkələrində dini təhsil almalarını Azərbaycanda oturuşmuş din təhsilinin olmaması ilə əlaqələndirmək də olar. Üstəgəl, vaxtilə Azərbaycanda xarizmatik din xadimlərinin olmaması, dini bilgi verən institutların qıtlığı da buna təsir edir”.
Ekspert qeyd edib ki, xaricdən gələn təhlükələrin qarşısını almaq üçün İlahiyyat institutunda dini təhsil almış vətəndaşlarımıza təkcə dini biliklər verilmir, Azərbaycanın tarixi, mədəniyyəti, tarixi coğrafiyası, Azərbaycan xalqının etnogenezi barədə dövlətin maraqlarına uyğun məlumatlar da aşılanır:
"Hesab edirəm ki, ölkədə fəaliyət göstərən dini ali və orta ixtisas təhsili müəssisələrində məqsəd məzunların əxlaqı, mənəviyyatı təbliğ edən din xadimi kimi yetişməsini təmin etməkdir və buna müəyyən qədər nail olunub. Amma bu müddət ərzində daha çox kişi ali və orta ixtisas təhsilli kadrlar yetişdirilib. Qadınlar arasında da savadlı, zəngin dünyagörüşlü, dərin dini və dünyəvi biliklərə malik ilahiyyatçıların yetişdirilməsinə ehtiyac var”.
Sfera.az
Bölməyə aid digər xəbərlər