“Baku Steel Company” MMC-nin keçmiş sahibi Rasim Məmmədovun qanunsuz əməllərindən şikayətçi olanlar hələ ki, zərərçəkmiş qismində tanınmayıb.
Onların ifadələri Rasim Məmmədovun həbsinin ilk günlərində alınıb. Buna baxmayaraq, istintaq şikayətçulə zərərçəkmiş qismində tanımağa tələsmir.
Rasim Məmmədov işində zərərçəkənlərdən biri də keçmiş deputat Nazim Bəydəmirlidir. Lakin o da zərərçəkən qismində tanınmayıb. Nazim Bəydəmirli bizimlə söhbətində bu faktı təsdiqlədi.
Keçmiş deputat bildirdi ki, bu iş üzrə ilk ifadəsi alınanlardan biridir. “Gözləyirdim ki, aprelin sonuna qədər zərərçəkmiş qismində tanına bilərəm. Amma hələ ki, bu baş verməyib”, - deyə Nazim Bəydəmirli bildirib.
Onun sözlərinə görə, istintaqın ləng getməsi, qurbanların hələ zərərçəkən qismində tanınmaması Rasim Məmmədovun işinə siyasi çalar qatanları haqlı çıxarır.
“Rasim Məmmədovun hansısa siyasi intriqaların qurbanı olması barədə iddialar səsləndirilir. Daha doğrusu, iddia olunur ki, o, iqtidar daxilindəki maraqlı qrupların mübarizəsinin nəticəsi olaraq həbs edilib. Artıq bu iddiaların əsassız olmadığına şübhələr artır. Bu işə siyasi don geyindirənlər indiki vəziyyətdə haqlı çıxır. Lakin yenə də ümid edirəm ki, Rasim Məmmədovla bağlı cinayət işinin istintaqı obyektiv şəkildə aparılacaq”, - deyə Nazim Bəydəmirli bildirib.
Rasim Məmmədovun həbsi barədə yanvarın 28-də məlumat yayılıb. Fevralın 1-də isə məlumat təsdiqlənib. Bəlli olub ki, “Baku Steel Company” MMC-nin keçmiş sahibinə Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Rasim Məmmədov Ramiz Mehdiyevin yaxınlarının şikayəti əsasında həbs edilsə də, uzun illər AMEA prezidentinin yaxın adamı kimi tanınıb.
/Hit.az/
Bölməyə aid digər xəbərlər