Azərbaycanda rüşvətxor və korrupsioner məmurların həbsi ilə bağlı çağırışlara fərqli reaksiyalar verilir. Əksəriyyət vəzifə səlahiyyətindən sui-istifadə edərək ölkəni talan edən bu şəxslərin ağır şəkildə cəzalandırılmasını tələb edir. BAXCP sədri Qüdrət Həsənquliyev isə fərqli düşünür. O, mətbuata açıqlamasında təqib yolu ilə rüşvətin qarşısını almağın mümkünsüz olduğunu deyib.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev yenisabah.az-a açıqlamasında bildirib ki, korrupsiya və rüşvət məsələsində dövlətin ən sərt qanunları işə düşməlidir:
“Qüdrət bəy onu-bunu malalaya-malalaya gedir. Bu məmurlar isə Azərbaycanı talan edirlər. Biri var onlar yığdıqları ilə Azərbaycanda yeni bir iş yaratsınlar, biri də var xaricə daşısınlar. Həmin məmurlar Azərbaycanın sərvətini xarici adalarda qoyublar. Ona görə də burada çox pis vəziyyət yaranıb.
Düşünürəm ki, məsələ ciddi fazaya keçməlidir. Əgər keçməsə, vəziyyət belə də davam edəcək, son yaxşı olmayacaq. Görünür, Qüdrət bəy neçə illərdir Milli Məclisdə rüşvətin hesabına oturur, kimlərsə onu maliyyələşdirir”.
Siyasətçi Qüdrət Həsənquliyevin Azərbaycan xalqının güzəranından xəbəri olmadığını vurğulayıb:
“Toxun acdan xəbəri olmur. Ona görə də bu cür məmurlar ya asılmalı, ya dilləri dibindən qoparılmalı, ya da əlləri kəsilməlidir ki, rüşvət almasınlar. Məsələn, İranda asırlar. Əgər məmur korrupsiyaya və rüşvətə qurşanıbsa, dərhal vəzifədən kənarlaşdırılıb həbs edilməli və ən ağır cəzaya layiq görülməlidir. Deməli, gedib xalqın pulunu talayacaqlar, xarici dövlətlərdə milyardlarla sərmayə qoyacaqlar, sonra da bağışlanacaqlar?! Tədbirlər sərt şəkildə olmalıdır”.
Bölməyə aid digər xəbərlər