11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Emin Kərimli “Azərpoçt”da “at oynadır” - “Heç kimdən qorxmuram, arxamda dayanan oğlanlar var”

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin baş direktorunun müavini Emil Verdiyev iki gün əvvəl işdən çıxarıldı. Etibarlı mənbədən “Hürriyyət”ə verilən məlumata görə, “Azərpoçt” MMC-nin baş direktoru Emin Əfəndiyevin də işdən çıxarılması barədə yeni təyin edilən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev tərəfindən əmr imzalanıb…

Xatırladaq ki, ötən il qəzetimizin redaksiyasına müraciət edən 132 saylı poçt şöbəsinin kollektivi 3 saylı poçt filialının rəisi Emin Kərimlinin əsassız yoxlamalarına, təhqirlərinə, şantajlarına və qərəzli təqdimatlarına məruz qaldıqlarını bildirmişdi. Belə ki, kollektiv digər şöbələrdə kifayət qədər nöqsan və çatışmamazlıq, həmçinin maliyyə pozuntuları olmasına baxmayaraq, Emin Kərimlinin qərəzli şəkildə işçilərə qarşı əsassız ittihamlarla qeyri-qanuni tədbirlər gördürüyünü vurğulamışdı. Mövzuyla bağlı araşdırma apardıqdan sonra məsələni qəzetimizdə işıqlandırmışdıq. Daha sonra, filial rəisi vəzifəsindən azad olunan Emin Kərimli, qanunsuz əməllərinə baxmayaraq, “Azərpoçt” MMC-nin istismar şöbəsinin rəis müavini vəzifəsinə təyin edildi.
Mənbənin verdiyi məlumata görə, iclas zamanı Emil Kərimli “Azərpoçt” MMC-nin baş direktoru Emin Əfəndiyevə yenidən işlə təmin edilməyəcəyi təqdirdə rəhbərliyin bütün qanunsuz əməllərini ictimiayyətə açıqlayacağını bildirib. Emil Kərimlinin qarşısında çarəsiz qalan Emin Əfəndiyev onu “Azərpoçt” MMC-də vəzifəyə təyin etmək məcburiyyətində qalıb.
Məlumata görə, “Azərpoçt” MMC-nin 40 və 142 saylı poçt şöbələrinin rəisləri əməkdaşlara hər ayın sonu “tas” (maaşlarının müəyyən hissəsini) qoyur. Pullar verilmədiyi təqdirdə işdən çıxarılmaqla bağlı xəbərdarlıq edilir.
40 saylı poçt şöbəsinin rəisi Sima İsayevanın şöbə daxilində “qara bazar” yaradaraq dollar satışıyla da məşğul olduğu deyilir. Sözügedən poçt şöbə rəislərinin isə Emin Kərimli tərəfindən himayə edildiyi qeyd edilir. İddia olunu rki, aylıq yığılan pullar birbaşa Emin Kərimliyə çatır.
Baş vermiş qanunsuz əməllərlə bağlı, 142 saylı poçt şöbəsinin xanım əməkdaşları dəfələrlə filial rəisinin qəbulunda olsalar da şikayətlərinə səthi şəkildə yanaşılır. Çünki müvəqqəti filial rəisi vəzifəsinə gələn şəxsin də Emil Kərimlinin tapşırıqlarını icra etdiyi vurğulanır.
Bundan əlavə, “Azərpoçt” MMC-nin Təhlükəsizlik Xidmətinin rəisi Şakir müəllim (soyadını dəqiqləşdirə bilmədik – müəl.) və Kadrlar Şöbəsinin rəisi Nüşabə Gözəlova da Emin Kərimlinin göstərişlərini icra etməklə, müxtəlif qərəzli olduğu şəxsləri işdən azad etdirir. Keçmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə Emil Kərimlinin qanunsuz əməlləriylə bağlı göndərilən bütün məktubların qarşısı bilərəkdən alınıb.
“3 saylı poçt filialının rəisi Emin Kərimli bildirir ki, heç kimdən qorxmuram, arxamda dayanan oğlanlar var”. Bunu ötən il “Hürriyyət”də yayımladığımız yazıda 132 saylı poçt şöbəsinin kollektivi bildirmişdi. Onlar 3 saylı poçt filialının rəisi Emin Kərimlinin əsassız yoxlamalarına, təhqirlərinə, şantajlarına və qərəzli təqdimatlarına məruz qaldıqlarını qeyd etmişdilər.
Bütün deyilən faktlara əsasən deyə bilərik ki, Emin Kərimli həqiqətən də heç kimdən qorxmur və arxasında dayanan “oğlanların” sayəsində “Azərpoçt” MMC-də “at oynadır”.
Bundan əlavə, 3 saylı poçt filialının rəisi işlədiyi vaxtlarda Emin Kərimli Razin qəsəbəsində 40 nömrəli, Yeni Günəşli qəsəbəsində 133 nömrəli və Qara Qarayevdə 2 nömrəli filialları şəxsi məqsədləri üçün icazrəyə vermişdir. Həmin obyektlərin ofis, idman zalı və kompyuter satılan mərkəz kimi istifadədə olduğunu ötən il yayımladığımız yazıda da qeyd etmişdik. Bu, hələ bildiklərimizdir.
Ümid edirik ki, Prezident İlham Əliyev tərəfindən yeni təyin edilən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev “Azərpoçt” MMC-də baş verən qanunsuz əməllərin qarşısını alacaq və Emin Kərimlinin törətdiyi əməllər ətraflı şəkildə araşdırılaraq hüquqi qiymət veriləcək.
 


Tarix: 7-02-2021, 18:29 Oxunub: 500


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı