11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Qazi anası: “7-ci mərtəbədə kirayədə qalırıq, oğlumu araba ilə qaldırıb-düşürə bilmirik”

19 yaşlı Rüstəm Qurbanov Vətən müharibəsi qazisidir. Müharibə başlayanda doqquz ayın əsgəri olan Rüstəm də torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılıb. Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralı yoldaşlarını döyüş meydanından çıxararkən çoxsaylı qəlpə yarası alıb. Aldığı yaralara görə yerimə qabiliyyətini müvəqqəti itirsə də, Vətən yolunda döyüşdüyünə görə qürur hissi keçirir. 
Qazinin anası Raifə Məmiyevanın  bildirdiyinə görə, həkimlər oğlunun sərbəst yeriyə bilməsi üçün əllərindən gələni edirlər: 
“Biz 15 ildir Bakıda yaşayırıq. Rüstəm də burada böyüyüb, burada məktəbə gedib. Müharibə başlananda 9 ay idi ki, Qapanlıda hərbi xidmətdə idi. Sentyabrın 30-da Suqovuşan uğrunda döyüşdə çox ağır qəlpə yaraları aldığından yerimə qabiliyyətini itirib. Tam sağalması üçün hələ 2-3 il də müalicə olunmalıdır. Qolunun biri işləmir, ayaqlarının ikisi də “İlizarov” aparatındadır. Çənə sümüyü dağılmışdı, yeni əməliyyatdan çıxıb. Yaraları çoxdur, hətta yemək yeyəndə də çətinlik çəkir, dişlərini qəlpə qırıb. Amma bütün bunlara baxmayaraq, qürurvericidir ki, o qazidir, Vətən yolunda döyüşüb”. 
Rüstəm əvvəlcə Gəncə Beynəlxalq Xəstəxanasında müalicə alıb, sonra Bakıya Elmi-Tədqiqat Travmatologiya İnstitutuna köçürülüb. İndiyə qədər 5-6 dəfə əməliyyat olunsa da, sağalması üçün hələ üç dəfə də əməliyyat olunmalıdır. 
R. Məmiyeva deyir ki, 17 ildir həyat yoldaşı ilə ayrılıb. Bu illər ərzində işləyərək uşaqlarını təkbaşına saxlayıb. Hazırda yaxınlarının köməyi ilə Nizami rayonunda kirayədə qalırlar. Ailənin əsas problemi mənzillə bağlıdır. Qazinin anası bununla bağlı daxili ipoteka ilə ev təklif edən bir neçə şirkətə müraciət etsə də, müsbət cavab ala bilməyib: 
“7-ci mərtəbədə kirayədə qalırıq. Oğlum əlil arabasındadır, qalxıb-düşmə zamanı problem yaşayırıq. Binanın lifti demək olar ki, yoxdur. Gərək 5-6 nəfər çağıram ki, onu düşürsünlər. Yeni tikilən binalarda lift geniş olur, belə bir evimiz olsa övladıma da rahat olardı. İpoteka ilə ev tikib satanlara çox yazmışam, amma heç bir cavab almamışam. Məcbur olub sosial şəbəkələrdə müraciət etdim. Mən demirəm mənə gətirib havayı ev versinlər, özüm hər ay 300 manatadək ipoteka ödənişi edə bilərəm. Sadəcə ilkin ödənişi etməyə imkanım yoxdur”. 
Qeyd edək ki, Rüstəm Qurbanov prezidentin sərəncamı ilə ərazilərimizin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirməsinə, düşmənin silahlı qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənməsinə görə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.


Tarix: 21-01-2021, 12:30 Oxunub: 440


Bölməyə aid digər xəbərlər