16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Milli mətbuatın inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri

    .   Ümumilli lider Heydər Əliyev çoxşaxəli  ictimai-siyasi fəaliyyətində milli mətbuatın  inkişafı ilə bağlı məsələlərə  xüsusi diqqət və qayğı ilə yanaşırdı. O, milli mətbuatımıza yüksək dəyər verərək deyirdi: “Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir”.

    Əsrlər boyunca Azərbaycanda da qeyri-maddi, mənəvi dəyərlərin yaradılması uğrunda mübarizələr aparılıb.  Bu gün müasir cəmiyyəti mətbuatsız, mədəniyyətsiz, təhsilsiz, iqtisadi və siyasi nailiyyətlər olmadan təsəvvür etmək mümkün deyil.

2025-ci il Azərbaycan mətbuatı tarixində ən əlamətdar illərdən biridir.  Mətbuatımızın keçdiyi tarixi yol qürur doğurur. Bu il Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 150 ili tamam olur. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzeti ilə təməli qoyulan milli mətbuatımız, zaman keçdikcə xalqın maarifləndirilməsində, milli özünüdərkin formalaşmasında və ictimai rəyin ifadə olunmasında mühüm rol oynayıb. 

   O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.

     Milli mətbuatımızın inkişafı isə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövrüdə milli mətbuatımızın inkişafı üçün misilsiz işlər görüb. 1969-cu ilin 14 iyulunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi mətbuatın inkişafında əsaslı dönüş yaratdı. Məhz Ulu öndərin şəxsi səyi nəticəsində dilimizə olan ögey münasibətdə dəyişiklik baş verdi. Heydər Əliyev hər zaman ana dilinə böyük qiymət verdiyini nümayiş etdirirdi. 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması, demək olar ki, bütün qaranlıqlara işıq saçdı. Məhz həmin dövrdə istər ədəbi, istərsə də mətbu sahədə yüksək irəliləyiş nəzərə çarpırdı. Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirildi. Ulu öndər Heydər Əliyev Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımlar atdı. Azərbaycanda nəşr olunan çap mətbuatı, demək olar ki, ittifaq miqyasında peşəkarlıq səviyyəsinə və digər parametrlərinə görə seçilirdi. Artıq Azərbaycan mətbuatı uzun onilliklərlə qadağan olunan milli adət-ənənələrimizdən, milli tariximizdən, mədəniyyətimizdən, dilimizdən yazmağa başladı, bu məsələlər geniş təhlil olunaraq təbliğ edildi.

      Ulu Öndərin Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycan mətbuatımızın inkişaf tarixində  yeni mərhələ açıldı. 1998-ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına ciddi təkan verdi. Ulu öndər Heydər Əliyevin milli mətbuatımızın inkişafına xidmət edən növbəti addımı 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanunu təsdiqləməsi oldu. Bu sənədlə ölkəmizdə yeni mətbuat orqanlarının təsis olunması prosesi xeyli asanlaşdırıldı. “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı” təsdiq olundu, Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı.Vətəndaş müraciətlərinə baxılması, informasiyaların mühafizəsi, informasiya azadlığı, radio-televiziya yayımları, İTV və radio haqqında müxtəlif qərar və qanunlar qəbul etməklə KİV-lərin fəaliyyətinin genişləndirilməsi və inkişafı təmin edildi.  

     Söz və mətbuat azadlığı isə Heydər Əliyevin şah əsərlərindən biri adlandırdığımız Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapan əsas hüquqlardan biri olmaqla hazırda media azadlığını təmin edən vasitə kimi çıxış etməkdədir. O, hakimiyyətə gəldiyi gündən bəri Azərbaycanda mətbuatın inkişafına, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərmişdir

    Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi ölkə Prezidenti cənab  İlham Əliyev tərəfindən uğurla  davam etdirilir. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir.


 Yasamal rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi                        

 Mustafayeva Arifə Akif qızı


Tarix: 16-07-2025, 11:39 Oxunub: 491


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031