Tarix təkrar olunur, deyənlər yanılmayıb. Məsələn, milli mətbuatımızın bünövrəsi “Əkinçi” qəzeti 150 il əvvəl hansı sıxıntılarla, hansı çətinliklərlə nəşr olunurdusa, indi də belədir. Təkcə milli mətbuatımızın deyil, Azərbaycan mədəni mühitinin formalaşmasında, milli düşüncənin formalaşmasında cığır açmış, bizim mədəni, sivil xalq kimi tanınmağımızda əvəzsiz xidmətləri olmuş Həsən bəy Zərdabiyə münasibət də 19-cu əsrdəkindən az fərqlənir. Zərdabinin ev-muzeyinə ayrılan vəsait mənimsənilməsi, bunu söyləməyimizə əsas verir. Bu barədə “Şərq”ə hazırda Zərdabda nəşrini minbir əziyyətlə davam etdirən “Əkinçi” qəzetinin baş redaktoru Hüsaməddin Əhmədov dedi.
Baş redaktor açıqlamasında qeyd etdi ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi bu 30 ildə “Əkinçi” qəzetinə 30 qəpik vəsait də ayrılmayıb. Redaksiyaya bir dənə də olsun texniki avadanlıq verilməyib. Qəzet rayon icra hakimiyyətinin hesabına – abunə hesabına ayaqda dayanır. Hələ bu harasıdı?.. Zərdabinin ev-muzeyi də bərbad gündədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev illər öncə Zərdabinin ev-muzeyinin əsaslı təmiri üçün sərəncam imzalayıb, sərəncama əsasən təmir və eksponatların zənginləşdirilməsi üçün 300 min manat vəsait ayrılıb. Amma bu vəsaitin heç 30 mini də ev-muzeyinin təmirinə xərclənməyib:
- Təmir işləri aparılanda getdim muzeyə, əvvəlcə mənə içəri keçməyə icazə vermirdilər, dedim, mən “Əkinçi” qəzetinin baş redaktoruyam, aparılan işlərlə maraqlanmaq haqqımdır. İçəri keçəndə gördüm ki, təmiri başdansovdu aparırlar. Təsəvvür edin ki, arakəsməni alçıpanla düzəldirdilər. Dedim, a kişi, alçıpan nədi? Bura əsaslı bir muzey olmalıdır, bura hər yandan qonaqlar, ziyarətçilər gələcək. Fəhlə dedi ki, onlara belə tapşırılıb. Muzeydə cəmi 2 otaq var, bir dənə də dəhliz. Guya ki, şəkilləri aparmışdılar böyütdürüb gətirsinlər. Şəkillər geri gətiriləndə gördüm ki, sadə bir formatda böyüdülüb, sadə üsulla da rənglənib. Muzeyin qızdırıcı sistemi yoxdur. 2 kondisioner alıb veriblər ki, otaqları isidin. Yəni ayrılan o boyda vəsait hara xərcləndi, bilinmir.
H.Əhmədov bildirdi ki, “Əkinçi” qəzetinin maliyyə problemləri var:
- Qəzet Ağdaş Regional Mədəniyyət Mərkəzinin tabeliyinə veriləndən sonra vəziyyətimiz lap pisləşib. Mərkəzdəkilər qəzet nədir, bilmir.
Qeyd edək ki, məlumatları dəqiqləşdirmək üçün Zərdabi ev-muzeyinin rəhbərliyi ilə də əlaqə saxladıq. Muzeyin direktoru Vəfa xanım heç bir problem olmadığını dedi.
“Şərq”
Bölməyə aid digər xəbərlər