Yeraltı və yerüstü sərvətləri ilə zəngin olan, Avropa və Asiyanın qovuşağında çox əlverişli srtateji mövqedə yerləşən Azərbaycan bərpa olunan enerji mənbələri üzrə də yüksək potensiala malik olan ölkələrdəndir. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub və Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sərənncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur.
Ölkə Başçımızın rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən maksimum dərəcədə istifadə və onun ixrac olunmasından ibarətdir.
Bildiyimiz kimi iyunun 21-də “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərindən reportaj yayımlanıb və həmin reportajda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Euronews”a müsahibəsi də yer almışdır.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları “Euronews”a verdiyi müsahibəsində bildirdi ki, Azərbaycan yaşıl gündəliyi nümayiş etdirir. Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Ölkə Başçısı onu da qeyd etdi ki, “Masdar” Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır.
Ölkə rəhbəri vurğuladı ki, Azərbaycanda yaxşı sərmayə mühiti var. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir.
Dövlət Başçısı xüsusi olaraq vurğuladı ki, Azərbaycanın böyük tərəfdaşları var. “Masdar” ölkəmizin strateji tərəfdaşıdır. Həmçinin “ACWA Power” və BP sərmayədarlarımız sırasındadır. Azərbaycan ilə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var. Ölkə Başçısı bildirdi ki, milli enerji şəbəkəmizi gücləndirməliyik. Sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmalıyıq. Ötürülmə xətləri ilə bağlı qonşularla fəal çalışmalıyıq. Azərbaycanın özünə planlaşdırdığı qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır.
Ölkə Başçısı qeyd etdi ki, Beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun.
Konfrans enerji sektorunda ölkəmizin qlobal liderliyini əks etdirir. Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən gəlmiş 300-dən çox nümayəndə iştirak etmişdir. Tədbir artıq 30 ildir keçirilir. Birinci tədbir hələ 1994-cü ildə təşkil olunmuşdur. Heç də hər enerji tədbiri ABŞ Prezidentinin müraciəti şərəfinə nail olmur. Bu tədbirin bütün illəri belə olub və bu, əslində, onun unikal mahiyyətini və gücünü nümayiş etdirir.
İnklüziv platformaya gəlincə tədbir öncə Xəzər Neft və Qaz Sərgisi və Konfransı adını aldı. Sonra biz bərpaolunan enerji sahəsində işə başladıq və tədbir fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi. Qısa müddət ərzində bir ölkədə hər istiqamətdə - neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində uğurları görə bilərsiniz.
Ölkə Başçısı bildirdi ki, ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır. Azərbaycan COP zamanı və ondan sonra sədrliyimiz davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.
Polad Ağakişiyev
YAP Qazax rayon təşkilatının məsləhətçisi
Bölməyə aid digər xəbərlər