Atam, Göycə Göyüşov 1951-ci ildən 2011-ci ilə qədər, günə-gün 60 il müəllim işlədi. Qazax rayonu Çaylı kənd orta məktəbində (indiki Vidadi Göşşüyev adına Çaylı 1 saylı Tam Orta Məktəbi) riyaziyyat fənnini tədris edirdi. 20 ilə yaxın dərs hissə müdiri vəzifəsində çalışdı. Peşəsi və xarakteri etibarı ilə hər zaman uşaqlara,yeniyetmələrə və gənclərə oxuyun, çalışın, usta da olsan, fəhlə də olsan, alim də olsan sizə riyaziyyat lazımdı deyərdi. Bunu tək mən yox, bu yazını oxuyan, oxuyacaq minlərlə şagirdi də təsdiq edə bilər.
Xeyli baməzə sözləri ilə şagirdlərinin yaddaşında, xatirəsində qalıb.Mənim bildiyim, eşitdiyim yüzlərlə aforizmə dönən sözlərini keçmiş şagirdləri hələ də gülərək xatırlayır. Göycə müəllim belə dedi, dərsdən qaçanda bizə belə dedi sözləri ilə başlayan xatirələr.
Amma mən bu gün həm oğlu kimi evimizdə, həm şagirdi kimi məktəbdə eşitdiyim bir sözünün izi ilə sizə bəzi mətləbləri anlatmaq istəyirəm. Az sonra bəhs edəcəyim misalın, bənzətmənin mahiyyətində tarix yatır.
Bir Bənzətmənin tarixi:
Mamamoğlu (bibimoğlu, hazırda ATİA.AZ saytının baş redaktoru) Aydın bizdə böyüyüb, Çaylı məktəbində oxuyub,ordan məzun olub. Aydın 10-cu sinifdə oxuyanda, mən birinci sinifdə filan olardım.
Gənclər sonuncu sinifdə həmişə asi olur, ipə-sapa çətin yatırlar. Əvvəllər atamla intensiv dərs çalışan Aydın 9-10 siniflərdə kişiyə “tutdurmurdu”. Aydının həm özünə, həm də arxası ilə hər zaman –“nə yollarda Veysəl Qara deyirsən!!” deyirdi.Uşaq ağlımla ha fikirləşirdim, amma bu sözün mənası tapa bilmirdim.
Sonralar bu söz mənim də unvanıma deyildi.Yenə çox da mənasını anlamasam da boş-boş veyillənmək kimi bir mənaya gəldiyi qənaətində idim.
Ta o vaxta kimi ki,rəhmətlik Məmməd Aslanın AZ tv-də müəllifi olduğu “Dərədən-təpədən”adlı bir verilişə baxanda dilimizə daxil olmuş bu sözün mahiyyətini anladım:
Məmməd Aslan adını çəkdiyim verilişlərin birində Azərbaycanda İslam dininin yayılmasından danışırdı.Məhşur islam evliyalarından biri Uveys əl -Karaninin bu coğrafiyada İslamı təbliğ etdiyini,İslamı “qapı-qapı” anlatdığını, insanları inandığı dinə necə şövqlə dəvət etiyindən söz acırdı.Üveys əl-Karani haqda çoxlu xatirələrin, tarixi faktların olduğunu dilə gətirdi, mərhum şairimiz.
Və.. dedi ki, Üveys əl-Karani Azərbaycanda xalq tərəfindən Veysəl Qara kimi tanınırdı.!!!!
Bu ad məni diksindirdi! Atamın dediyi bənzətmənin arxasında böyük bir tarix yatırmış. Tək bir bənzətmə-“Veysəl Qara kimi nə yollarda gəzirsən”, “Bütün günü küçələrdə nə Veysəl Qara deyirsən” sözü böyük bir alimin, bir dərvişin İslamı təbliğ etməyinin dilimizdə keçid etməyi-inikası idi !
Dildə yaşayan tarix idi,bu söz. Təbii ,söz yaranmışdı.
Fakta müraciət edək:
-2018-ci ildə Nazir Əhmədlinin çap etdirdiyi “Qazax Nahiyəsinin Kameral təsviri” 1860 kitabında Aslanbəyli kəndinin məhşur din xadimi, Nəxşibəndi cərəyanının görkəmli ismi,bu cərəyanın rəhbəri Mir Həmzə Seyid Nigarinin davamçısı Hacı Mahmud Əfəndi haqqında məlumatda
“Hacı Mahmud Əfəndi (1835) əslində 1815 ci il doğumlu.Atası Veysəl QARANİ adlı şəxsdir. (səh 26-27)
Qazaxda Haji əfəndi kimi tanınan böyük din xadimi, Üveys Karaninin oğlu imiş. Molla Veysəl kimi tanınan dərvişin oğlu. Həmin Molla Veysəl oba-oba, el-el, küçə-küçə gəzərək inandığı dini insanlara təbliğ edir, onları maarifləndirir.Xalq Veysəl Qaranı hər yerdə görür, eşidir. Və o məhşur bənzətməsini yaradır-“Veysəlqara deyir”,”Veysəl Qara kimi gəzir”
Belə, dəyərli oxucum!
Bəlkə də yordum Sizi, bilmirəm.
Amma, bu hekayə qarışıq tarixi yazmağa məni məcbur edən, son zamanlar güya dilimizi “saflaşdırmaq” istəyən bəzi “elm adamlarının”yeni sözlər yaratmağa qalxmalarıdır. Bir misalda deyildiyi kimi-“dedilər Əzrayıl oğul paylayır-Xalq dedi oğlumu almasın, vermişkən var”
Bu Xalqın söz yaratmaq tarixi min illərə qədər gedir. Bu gözəl özTürkcəmizi əcayib kökə salmayın.
“Türkün dili tək, sevgili istəkli dil olmaz,
Özgə dilə qatsan bu əsil dil əsil olmaz!” deyirdi böyük şairimiz Şəhriyar.
Tanrı Millətimizi qorusun!
Məhərrəm Göyüşoğlu
“Qərb Xəbər”
Bölməyə aid digər xəbərlər