Tezliklə Şuşadan olan məcburi köçkünlərin doğma şəhərə qayıdışı başlanacaq. Artıq Şuşaya ilk qayıdacaq 20 ailə püşkatma yolu ilə müəyyən edilib.
Qeyd edək ki, Şuşa şəhərinə köçürüləcək ailələr çoxmənzilli binalarda mənzillə təmin olunacaqlar. Yeni yaşayış sahələri indiyədək respublika ərazisində müxtəlif yerlərdə müvəqqəti məskunlaşmış və Şuşa şəhərində daimi qeydiyyatda olan məcburi köçkünlərə verilir. İlk püşkatma şəhid ailələri, qazilər və şəhərdə tikinti, bərpa-quruculuq işlərində çalışan 20 ailə arasında keçirilib və onların hər birinə ailə tərkibinə uyğun mənzil təqdim edilib. Mənzillər 2, 3, 4, 5 otaqlıdır.
Püşkatmada iştirak etmiş ailələrin may ayının əvvəllərində Şuşa şəhərinə yola salınması nəzərdə tutulur. Qeyd edək ki, sosial şəbəkələrdə Şuşa şəhərinə qayıdışın mayın 8-də baş tutacağı barədə iddialar yayılıb.
Şuşaya qayıdışın 8 mayda baş tutması böyük tarixi əhəmiyyət kəsb edir. Çünki, məhz 8 may 1992-ci ildə Şuşa şəhəri Ermənistan ordusu tərəfindən işğal edilib.
"Şuşadan şuşalıların səsinin gəlməsi mənim dərin yaralarıma sağaldıcı məlhəm olacaq"
Lyudmila Bağırova deyir ki, ömrünün 25 ilini Şuşada keçirib:
“Öz adımdan, ailəm adımdan deyirəm, çox şükür biz bu günləri yaşadıq. Mənim bütün həyatım Şuşa ilə bağlıdır. Atam 50-ci illərdə Malbəyli və Quşçular kəndlərində məktəb direktoru olub. Şuşada ziyalı ailəsində anadan olmuşam. Ömrümün 25 ilini Şuşada yaşamışam. Sonra ailə qurub, Yevlax şəhərinə köçdüm. Amma həyatım yenə Şuşa ilə bağlı olub. Demək olar ki, ilin çoxunu Şuşada olmuşam. Atam, qardaşlarım, anam Şuşada yaşayırdılar. Demək olar ki, biz də ilin çoxunu Şuşada keçiriridik. Şuşa alınana qədər qardaşlarım Şuşa uğrunda mübarizə aparıblar. İki qardaşım Şuşanın işğalı günü - 8 mayda itkin düşüblər. Düzdür, hələki mən Şuşaya köç edənlər arasında deyiləm. Ancaq Şuşaya qayıdış deyiləndə hamıdan çox sevinirəm. Şuşa mənim üçün çox doğma əzizdir. Ona görə ki, Şuşanın özü mənim üçün, doğma dır. Şuşada vətənin daşına dönmüş, torpağına qarışmış iki qardaşım qalıb. İtkin düşən qardaşlarımın taleləri haqqında heç bir məlumatımız yoxdur. Allahdan arzu edirəm ki, onların taleləri tezliklə aydınlaşsın".
Şuşalı xanım mədəniyyət paytaxtımıza qaydışın 8 mayda baş tutmasına münasibətini bildirərkən deyib ki, köçün həmin tarixdə olması onun yaralarına məlhəm olacaq:
“Çox yüksək qiymətlənirirəm bunu. May ayı bizim üçün çox çətin aydır. Mən iki qardaşımı, böyük vətənimi bu ayda itirmişəm. Həmişə deyirdim ki, may ayı kaş ki, təqvimdən silinə, amma bizim müdrik Prezidentimizin ağıllı siyasəti, qəhrəman oğullarımızı şücaəti nəticəsində bu məyusluğa son qoyuldu. Şuşa işgaldan azad olundu. Bu yaralarıma məlhəm oldu. Şuşadan şuşalıların səsinin gəlməsi mənim dərin yaralarıma sağaldıcı məlhəm olacaq. Fərqi yoxdur, kim nə vaxt köçəcək. Yetər ki, bizim şuşalılarımız Şuşaya köçsün. Şuşa öz şuşalıları ilə gözəldir. İşğaldan sonra Şuşaya getmişəm. Hər dəfə gözüm geridə qayıtmışam. 8 may ərəfəsində şuşalıların Şuşaya köçməsi çox sevindirici haldır”.
"İki oğlum Şuşaya qayıtmaq üçün səbirsizlənirlər" - Şuşada doğulub böyüyən şairə Sevda Səfərli şəhərə köç edəcək ailələrin sevincini gördükcə, xoşbəxt olduğunu vurğulayır.
“Mən Şuşa şəhərində, indiki Atatürk küçəsində yaşamışam. Anamla Şuşaya getdim, təəssüf ki, evimiz dağıdılmışdı. Buna baxmayaraq, qohumlarımızın evi salamat idi. Çox məyus olduq. Evimizi görə bilmədik. Ancaq bizə əsas Şuşa lazım idi. Şuşanın torpağı, Cıdır Düzü, tarixi abidələri…Çünki Cıdır düzündə o qədər xatirələrim var ki…Uşaqlığımız orada keçib.
25 yaşımdan Şuşadan ayrılmışam. Bakıda kirayələrdə, çox çətinliklə yaşadıq. İndi iki oğlum da Şuşaya qayıtmaq üçün səbirsizlənirlər. Onlar Şuşadan çıxarkən körpə idilər. Biz Şuşanı görməyənlərə o qədər Şuşa haqqında danışıb, anlatmışıq ki, bizim qədər onlarda Şuşaya bağlıdırlar. Şuşa haqqında bildiklərimizi onlara ötürdüyümüz üçün onlar bizdən də tez getmək istəyirlər. Bakıda yaşasaq da, 32 il həyatımı Şuşa barəsində yazmağa həsr etmişəm. Bununla təsəlli tapmışam. Hər gün Şuşa haqqında nəsə yazmasam, rahat ola bilməmişəm. Yanlız Şuşanı düşünmüşəm. Biz şuşalılar 8 mayı nisgillə xatırlayırıq. Çünki hər dəfə bu tarixdə keçirdiyimiz tədbirlərdə bir-birimizə kədərlə baxırdıq. 9 mayda kitabımın təqdimatı olacaq. Təqdimata dəvət etdiklərim arasında Şuşaya köçənlər də var. Deyirlər, Sevda xanım, biz həmin ərəfədə Şuşaya köçəcəyik. Bizi üzrülü say, bu sevinci yaşayaq. Biz bu tarixdə boynubükük olurduq. Ancaq bu il 8 mayda şuşalıların gözləri güləcək. Artıq onlar bir-birilərinə nisgillə baxmayacaqlar. Bakıda Şuşa üçün həsrət çəkmişik. Qayıdışdan sonra Bakı üçün Şuşa qədər darıxdığım kimi darıxa bilmərəm. Şuşaya çox bağlıyam. Sözsüz ki, anadan olduğumuz məkan bizim üçün daha doğmadır”.
Bölməyə aid digər xəbərlər