Ötən əsrin sonlarından başlayaraq yenidən torpaq iddiasına düşən mənfur ermənilər öz havadarlarının köməyi ilə dünyanın düz vaxtında sülhsevər ölkəmizə müharibə gətirdi.Separatçı Ermənistan Azərbaycanın beynəlxalq çərçivədə tanınan ərazilərinin iyirmi faizini işğal etdi.İşğal etdikləri ərazilərdə şəhər və kəndlərimizi dağıdaraq bir milyon insanı doğma yurdlarından,ata-baba ocaqlarından didərgin saldılar.Xalqımıza acı,kədər,dəhşət gətirən amansız müharibə övladları atasız,anaları oğulsuz qoydu.Xalqımız 30 ilə yaxın müddətdə yağı düşməndən oğul itirmiş anaların,həyat yoldaşını itirmiş gəlinlərin,nişanlısınıı itirmiş qızların,atasız qalan uşaqların qısasının,intiqamının alınacağı günü səbrsizliklə gözlədi.
30 ilə yaxın bir dövrdə müharibə şəraitində yaşayan Azərbaycan həmişə sülhsevər siyasətinə sadiq qaldı.Çalışdı ki,münaqişə danışıqlar yolu ilə, ədalətlə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə öz həllini tapsın.Amma məkrli ermənilər hər dəfə müxtəlif bəhanələrlə sülh danışıqlarndan yayındılar.Bu azmış kimi müxtəlif zamanlarda atəşkəsi pozaraq, hərbi təxribatlar törədərək münaqişənin həllini ləngitdilər.
2020-ci il sentyabr ayının 27-də erməni silahlıı birləşmələri yenidən ərazilərimizə hücum etdilər.Bu dəfə Azərbaycan ordusunun düşmənə tutarlı cavabı şanlı qələbəmizin başlandığı gün kimi tarixə düşdü.Şanlı tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı bütün gücünü səfərbər edərək düşməni doğma torpaqlarımızdan qovdu.Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı,qəhrəmanlığı nəticəsində indi həmin ərazilərdə geniş bərpa-quruculuq işləri aparılır.Yerlə-yeksan edilmiş şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz bərpa olunur, burada həyat öz axarına düşür.Artıq böyük “Qayıdış”a start verilib.
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin sentyabr ayının 27-də,Anım Günündə işğaldan azad edilmiş Füzuli rayonuna səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Eləcə də Füzuli rayonun Qaraxanbəyli kəndinin yaxınlığında müqəddəs şəhidlərimizin şərəfinə ucaldılan abidənin də öz rəmzi mənası vardır.Bu kənd və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günlərində azad edilmişdir.İlk şəhidləri biz məhz, həmin yerdə vermişik.Azərbaycan əsgəri,Azərbaycan zabiti həmin ərazidə yerləşən beş-altı müdafiə xəttini yarmaq üçün ölümə gedərək, öz canlarını fəda etdilər ki, üçrəngli Bayrağımız doğma Qarabağımızda, Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın.Qəhrəman oğullarımız şəhidlik zirvəsinə yüksəldilər ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin və dünyanın hər yerində alnı açıq, başı uca, üzü ağ gəzsin.
Məhz həmin dövrdə qəhrəman oğullarımız bu istiqamətdən əks hücuma keçərək, düşmənin birinci müdafiə xəttini yararaq Zəfər yürüşünün başlanğıcını qoydu. 44 gün ərzində Müzəffər Ordumuz dayanmadan, durmadan, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı.Qısa müddət ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edildi, düşmən diz çökdü və məcbur olub kapitulyasiya aktını imzaladı.Odur ki, 2020-ci ilin payızının 44 günün hər biri tarixə çevrildi və əbədi olaraq yaddaşlara həkk olundu.
Bizim nəsil xoşbəxt nəsildir, çünki, bizim İlham Əliyev cənabları kimi Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız və üzərinə düşən şərəfli missiyanı ləyaqətlə yerinə yetirən Qüdrətli Ordumuz var. Biz bu tarixi hadisənin həm şahidləri, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcək, necə deyərlər, qürur duyacaqdır. Torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanları xalqımız heç vaxt, heç zaman unutmayacaqdır. Onların əziz xatirələri qəlbimizdə daim yaşayacaqdır !
Babək Vələdov,
YAP Qazax rayon təşkilatının məsləhətçisi
Bölməyə aid digər xəbərlər