İyirminci əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik respublikanın məhz müdrik Azərbaycan xalqı tərəfindən yaradılması bizim üçün böyük qürur mənbəyi olan tarixi bir hadisədir. Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması xalqımızın milli kimliyinin, hansı ideyalarla yaşamasının son dərəcə parlaq təcəssümü idi. Bu, həm də o deməkdir ki, bu gün özünü demokratiyanın keşikçisi kimi göstərən xalqlardan fərqli olaraq Şərqdə demokratiyanın əsası məhz, Azərbaycan xalqı tərəfindən qoyulub.
Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti tarixi bir missiyanı yerinə yetirərək çox genişmiqyaslı demokratik islahatlar həyata keçirmişdir. Milli ordumuzun yaradılması, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, teatr və kitabxanaların fəaliyyətə başlaması AXC-nin dövlətçilik baxımından çox qısa bir müddətdə reallaşdırdığı mühüm məsələlərdən idi. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ayda həm də xalqımızın dünyaya tanıdılması kimi mühüm bir tarixi missiyanı həyata keçirmişdir. O dövrdə yürüdülən xarici siyasətin ən önəmli uğurlarından biri Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınması oldu. Artıq 1919-cu ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti 20-dən çox ölkə ilə diplomatik əlaqələr yaratmışdı. Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçib-seçilmək hüququ verərək bu məsələdə də bir çox dövlətlərə nümunə olmuşdur. AXC bu inqilabi qərarı verərkən hələ Qərbdə bir çox dövlətlər bu barədə heç düşünməmişdilər.
Ümummilli Lider Heydər Əliyev bu haqda belə demişdir: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində xıx əsrin sonunda və xx əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri , mütəfəkkir adamları , ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval - ruhiyyəsini yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.”
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edildi. Bundan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxıldı və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etdi. 1991-ci il oktyabr ayının 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir. Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra dövlət bayrağı milli suverenliyin rəmzi kimi ölkəmizin hər bir vətəndaşı üçün müqəddəs dövlət atributlarından birinə çevrilmişdir.
Bəli, Azərbaycan xalqı xoşbəxt xalqdır. Çünki, Ulu Öndərin misilsiz xidmətləri, böyük əziyyətləri bahasına qurulub - yaradılan müstəqil Azərbaycan bu gün Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf dövrünü yaşayır. Bu gün üçrəngli Azərbaycan bayrağı ölkəmizin bütün ərazisində - Şuşada, Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və s. dalğalanır. Müstəqilliyi gündən - günə daha da möhkəmlənən, ərazi bütövlüyü təmin edilmiş, suverenliyi bərpa olunmuş bir ölkənin vətəndaşı olmaqdan hamımız qürur duyuruq. Fəxr edirik ki, belə güclü və qüdrətli dövlətimiz və cənab İlham Əliyev kimi dünyaşöhrətli Liderimiz var.
Elvira Əfəndiyeva
YAP Qazax rayon təşkilatının fəalı
Bölməyə aid digər xəbərlər