Ötən gün müğənni Manaf Ağayev və Sənan Hüseynov 15 sutka həbs edilib. Bununla bağlı Yasamal Rayon Məhkəməsi qərar çıxarıb. İfaçının sənət dostları onun həbsi ilə bağlı paylaşım ediblər. "Qanunlara tabe olmaq lazımdır" deyən şou əhli eyni zamanda Ağayevin həbs olunmasını istəmədiklərini bildiriblər.
ATİA.AZ məşhurların həmin paylaşımlarını təqdim edir:
Müğənni Elçin Hüseynov
"Bu gün səhərdən sosial şəbəkələri izləyirəm. Manaf Ağayev və dostumuz Sənan Hüseynov barədə yazılan yazıları görürəm. Bir çox izləyicilər ağızlarına gələni yazıblar. Manaf da, Sənan da bizim düşmənimiz deyil. Azərbaycan xalqının dəyərli oğullarıdır. Neqativ rəy yazanlar, sizə ayıb olsun. İçinizdəki insanlıq hissi ölüb? Onların da ailəsi, övladları yaxınları var. Birinə bir təhqir yazanda düşünün özünüz kimsiniz? Tamam, anlayırıq ki, qanun hamı üçün qanundur. Manaf Ağayev illərin sənətkarıdır. Dövlətimizin siyasətini dəstəkləyən bir sənətkar kimi aidiyyəti orqanlardan Manaf və Sənan qardaşımızın mümkün qədər əfv olunmasını xahiş edirəm".
Aktrisa Çimnaz Sultanova
"Aydın məsələdir ki, qanun hamıya qanundur! Amma məni yandıran odur ki, insanlar necə Manafın tutulmağına sevinə bilərlər? Komentləri oxuyub dəhşətə gəlirəm! Ayıb deyil sizə, vicdansızlar? Bu insan yaxşılıqdan başqa nə edib sizə? Siz heç bilirsiniz ki, Manaf özü və onun dostu Sənan nə qədər yetimlərə, kasıblara kömək ediblər? Manafın bu gününə sevinən ermənidir, vətən xainidir".
Xalq artisti Niyammədin Musayev
“Manafın özünü də, sənətini də sevirəm. Ancaq dövlətin qanunları var, onu pozmaq olmaz. Qanunlara tabe olmaq lazımdır. Onlar özbaşına getdiyi üçün cəzalandırılıblar. Bizim nəsə xahiş etməyimiz düzgün deyil. Deyəcəklər ki, müğənnilərin hamısı qanunu bilmir və qaydaları pozurlar”.
Əməkdar artist Nüşabə Ələsgərli
"Manaf Ağayev və Sənan dostumuz hər kəsə yardım edən insanlardır. Əgər bu gün bilmədən səhv edib, müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə gediblərsə, qanun nə tələb edirsə, o da olmalıdır. Füzuli həm Manafın, həm də Sənanın doğma rayonudur. Eybi yox, amma artıq söhbətlərə və şərhlərə ehtiyac yoxdur. Onlar Azərbaycan oğullarıdır. Qanun şahdır, vəssalam. Heç kəs sevinməsin, onları sevirik, qəlbimizdədirlər. Qapıları açıq olsun".
Müğənni Eldəniz Məmmədov
“Allah köməyi olsun, tezliklə azadlıqda görək. Səfərlə bağlı danışarkən qanunsuz sözünü işlətmək düzgün deyil. Quş olub uçub getməyib ki, postlardan keçib gedib. Hava limanına o cür girişi ajiotaj yaradıb. Ola bilsin ki, bu, qeyri-qanuni sayıla bilər. Bəzi işlər var ki, Manaf tərəfindən düzgün yerinə yetirilməyib. O məsələni açıqlamırlar, qanunsuz deyirlər”.
Müğənni Afət Fərmanqızı
Manaf Ağayev hər zaman dövlətini sevən insan olub, amma qanun qarşısında hər birimizin boynu qıldan incədir. Xahiş edirəm izləyicilərdən, bu məsələ ilə bağlı videolarda təhqirə yol verməyin.
Müğənni Nadir Qafarzadə
"Dəyərli dost, yaxşı sənətkar. Sən ürəksən, Manaf Ağayev. Həmişə toylarda". Qeyd edək ki, bir neçə dəqiqə sonra sənətçi bu paylaşımını silib.
Məlumat üçün bildirək ki, iki gün əvvəl sosial şəbəkələrdə müğənni M.Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılmışdı. Daha sonra Bakı şəhəri ərazisində M.Ağayev və onun yanındakı vətəndaş S.Hüseynov polis idarəsinə dəvət olunublar.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar. Bununla bağlı onların izahatları alınıb. Hər ikisi saxlanılıb.
baku.ws
Bölməyə aid digər xəbərlər